Azərbaycanın müstəqillik dövründə mənzil tikintisi sosial-iqtisadi dəyişikliklərin əsas göstəricilərindən biri olub. 1990-cı illərdəki durğunluqdan sonra neft gəlirləri və dövlət siyasətləri sayəsində sektor canlansa da, son illərdə artım tempi zəifləyib
Paytaxtda mənzil qiymətinə təsir edən faktorlar - AÇIQLANDI
Mənzil sadəcə bir dam deyil, ailənin gələcəyidir, rifahın simvoludur. Müstəqillik illərində Azərbaycanda mənzil tikintisinin keçdiyi yol ölkənin sosial-iqtisadi həyatında baş verən dərin dəyişikliklərin bariz göstəricilərindən biridir. Bu dövrdə müşahidə olunan tendensiyalar yalnız daş və betondan ibarət binaların çoxalması ilə məhdudlaşmır, burada vətəndaşların həyat tərzinin izlərini görmək mümkündür.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün ciddi sınaq dövrü idi. İqtisadi tənəzzül, müharibə, və sosial böhran fonunda mənzil tikintisi demək olar ki, dayandı.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən əldə edilən məlumata görə, 1990-cı ildə hər 1000 nəfərə düşən mənzil sayı 4,9 idisə, 10 il sonra bu göstərici kəskin şəkildə azalaraq cəmi 0,5-ə enib. Yaşayış sahəsinin miqyası da dramatik şəkildə azalıbı – 404 kvadrat metrdən 53 kvadrat metrə qədər.
2000-ci illərin əvvəllərində isə mənzil sektorunda bərpa prosesləri başlandı. Xüsusilə neft gəlirlərinin artması ilə yeni tikinti dalğası yarandı. Hökumətin mənzil tikintisini prioritet sahələrdən biri elan etməsi, tikinti sektoruna yönəlik investisiya axınını artırdı. 2008-ci ilə qədər sektorda müntəzəm artım müşahidə olundu. Həmin il hər 1000 nəfərə düşən mənzil sayı 2-yə, yaşayış sahəsi isə 229 kvadrat metrə yüksəldi.
2010-cu illər mənzil tikintisinin daha sabit və planlı şəkildə inkişaf etdiyi dövr kimi yadda qaldı. 2013-cü ildə göstəricilər 2,3 mənzil və 258 kvadrat metr sahə ilə zirvəyə çatdı. Lakin artım tempi əvvəlki illərlə müqayisədə zəiflədi. Buna baxmayaraq mənzil sektorunda dövlət və özəl sektor arasında əməkdaşlığın möhkəmlənməsi, ipoteka sisteminin genişləndirilməsi və regionlarda sosial layihələrinin həyata keçirilməsi prosesi davam etdi.
2019-cu il Azərbaycan mənzil sektorunun ən yüksək inkişaf mərhələsi kimi tarixə düşdü. Həmin il rekord göstəricilər qeydə alındı – hər 1000 nəfərə 8,8 mənzil və 953 kvadrat metr istifadəyə verildi. Növbəti il dünyanı bürüyən COVID-19 pandemiyası Azərbaycanda da mənzil tikintisinə ciddi təsir göstərdi. 2020-ci ildə göstəricilər kəskin azaldı: 5 mənzil və 522 kvadrat metr sahə. Pandemiyanın səbəb olduğu iqtisadi tənəzzül, material tədarükündə fasilələr və investisiya axınındakı durğunluq bu sahədə geriləməyə yol açdı.
2021-ci ildən etibarən sektor tədricən bərpa olunsa da, əvvəlki artım sürəti müşahidə edilmədi. 2022-ci ildə göstəricilər 2,5 mənzil və 279 kvadrat metr, 2023-cü ildə isə 2,2 mənzil və 245 kvadrat metr təşkil etdi.
2024-cü ildə 20149 mənzil istifadəyə verildi. Bu mənzillərin ümumi sahəsi 2,3 milyon kvadratmetr olub. Beləliklə hər mənzilin orta sahəsi 117.2 kvadratmetr təşkil edib.
Əhalinin şəxsi vəsaiti ilə inşa edilən mənzillər ümumi tikintinin 57 faizindən çoxunu təşkil edərək fərdi yaşayış evlərinin üstünlük təşkil edib.
Bununla yanaşı, mənzillərin orta sahəsinin ildən-ilə artması da diqqətçəkicidir. Əgər 1990-cı illərdə orta göstərici 80–90 kvadrat metr arasında idisə, son illərdə bu göstərici 110–120 kvadrat metrə qədər yüksəlib. Xüsusilə şəxsi vəsaitlə tikilən fərdi evlərin orta sahəsi 140 kvadratmetrdən 147 kvadratmetrə çatır.
Azərbaycandakı vəziyyətin beynəlxalq kontekstdə necə göründüyünü qiymətləndirmək üçün bəzi müqayisələr aparmaq faydalıdır. Avropa İttifaqı ölkələrində hər 1000 nəfərə düşən yeni tikilmiş mənzil sayı adətən 4–6 arasında dəyişir. Məsələn, Almaniya və İsveçdə bu göstərici 5,5-6 civarındadır. ABŞ-da 4,5, Böyük Britaniyada isə 4,8-dir civarında dəyişir. Azərbaycanda isə bu göstərici 2023-cü ildə 2.2 olub.
Eyni fərq yaşayış sahəsinin ölçülərində də özünü göstərir. İnkişaf etmiş ölkələrdə hər 1000 nəfərə düşən yeni tikilmiş sahə 600-800 kvadratmetr olduğu halda Azərbaycanda bu göstərici 245 kvadratmetrdir.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı bildirib ki, müstəqillik illəriondə Azərbaycanda tikinti sektorunun ən gur vaxtı 2007-2008-ci illər olub.
Həmin dövrdə il ərzində istifadəyə verilmiş mənzillərin ümumi sahəsi 4-4,2 milyon kvadratmetr təşkil edirdi. O vaxtlar aparılan araşdırmalar zamanı məlum olurdu ki. Bazarda eyni vaxtda azı 200 şirkət mənzil tikintisi ilə məşğul olur. Bu gün analoji fəaliyyətlə məşğulı olan şirkətlərin sayı 2,5-3 dəfə azalıb. Üstəlik tikintiyə nəzarət qaydaları, standartları və s. baxımından fundamental dəyişikliklıər baş verib. Bütün bunlar tikinti ilə məşğul olan təsadüfi şirkətlərin bazardan çıxmasına səbəb olub. Nəticədə Azərbaycanda illik mənzil tikintisinin ümumi sahəsi 1,6-1,7 milyon kvadratmetrə düşüb.
“Müqayisə aparsaq, Azərbaycanda adambaşına düşnən mənzil sahəsi 20 kvadratmetrdir. Rusiya, Qazaxıstan, Belarus kimi ölkələrdə bu göstərici 28-30 kvadratmetr arasında dəyişir. Bu göstəricilərə çatmaq üçün bizə 100 milyon kvadratmetr əlavə mənzil sahəsinin tikintisinə ehtiyac var. Əhalinin indiki sayı və ildə maksimum 2 milyon kvadratmetrlik mənzil tikilsə, bizə azı 50 il lazımdır. Bu müqayisə vəziyyətin nə qədər ciddi olduğunu göstərir” .
Ekstpertin sözlərinə görə son illər şəhərsalma tədbirləri gücləndirilir. Müəyyən qərarlar qəbul olunur, iri şəhərlərin baş planları təsdiqlənir. Sahə üzrə fəaliyyət göstərən dövlət qurumları islahatlar aparsa da reallıq qeyd olunan rəqəmlər ətrafındadır. (Modern.az)