Azərbaycanda 10 hektar və daha çox əkin sahəsi olan şəxsləri yenilik gözləyir.
Eləcə də bax: Bələdiyyə torpaqlarına görə vergi ödənilməsi - Qaydası Dəyişdi
FED.az xəbər verir ki, 2021-ci ildən etibarən 10 ha və daha çox sahəsi olan torpaq istifadəçilərinin torpaq aqrokimyəvi analizlərinə cəlb olunması nəzərdə tutulub.
Aqrar Xidmətlər Agentliyindən (AXA) verilən məlumata görə, bu ilin payızlıq əkinləri üçün edilən bəyanlara müvafiq olaraq hazırda monitorinqlərə başlanıb.
Həmin torpaq sahiblərinə əkin subsidiyaları o zaman ödəniləcək ki, torpaq analizlərinin nəticələri monitorinq nəticəsi ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilsin.
Torpaqların aqrokimyəvi analizi fermerlərə torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirmək və ondan səmərəli istifadə etmək, torpağın uzun müddət və davamlı istifadəsini təmin etmək, eyni zamanda aqronomik məsləhət almaq üçün əlavə imkan yaradacaq.
Torpaqların analizi üçün baza paketinə 5 analiz daxildir. Bunlar - torpağın pH-ı, duzluluq (EC), mütəhərrik fosfor (P2O5), mənimsənilən kalium (K2O) və ümumi azot (N) analizləridir.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Regional Aqrokimya Laboratoriyalarında baza analizlər daxil olan paketin bir nümunə üçün qiyməti 28 manat təşkil edir. Analiz üçün əkin sahələrindən hər 5 ha-dan bir nümunə götürülməsi məqsədəmüvafiqdir.
Torpaqların analiz edilməsi prosesində ən mühüm addımlardan biri nümunələrin düzgün götürülməsidir. Torpaq nümunələrinin götürülməsi “Aqrokimyəvi analizlərin aparılması üçün nümunələrin götürülmə təlimatı”na uyğun həyata keçirilməlidir.
Təlimata əməl etməklə, analiz üçün nəzərdə tutulan torpaq nümunələrini hər bir fermer özü götürüb respublikanın 11 bölgəsində ən müasir avadanlıqlarla təchiz edilmiş Regional Aqrokimyəvi Laboratoriyalarına (Abşeron, Şamaxı, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəki, Lənkaran, Səlyan, Ucar və Bərdə) və ya regionlarda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzlərində təşkil olunmuş qəbul şöbələrinə təqdim etməlidir.
Nümunə yerlərinin coğrafi koordinatları mütləq qeyd edilməlidir. Təlimatla Aqrar Xidmətlər Agentliyinin rəsmi internet səhifəsində (www.axa.gov.az) və sosial media hesablarında tanış olmaq mümkündür.