Söküntü proseslərində kompensasiya və əvəzləşdirilmə məsələlərinin hüquqi əsaslarla tənzimlənməməsi qanunsuz tikililərin artmasına və süni narazılıqlara yol açır.
Bakıda ən bahalı mənzillər bu rayonlardadır - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bunu "Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin (ATİA) sədri Ramiz İsayev “Bakının Mənzil Fondunun İnkişafında Yeni Gözləntilər” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, hazırda söküntüyə məruz qalan şəxslərin istifadəsində olan, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış əmlaklara görə veriləcək kompensasiya və ya əvəzlənəcək sahə ilə bağlı hüquqi normativ baza mövcud deyil:
“Nəticədə, qanunsuz tikinti etmiş şəxslərlə mülkiyyət hüququ olan vətəndaşlara kompensasiya verilməsi arasında heç bir hüquqi fərq qoyulmur. Bu isə haqlı narazılıq doğurur və mülkiyyət hüququ olan şəxsləri də daha yüksək kompensasiya almaq məqsədilə əmlaklarına qeyri-qanuni əlavələr etməyə sövq edir. Belə hallar söküntü prosesini ləngidir və əngəllər yaradır”, – deyə R. İsayev bildirib.
ATİA sədri hesab edir ki, bu sahədə normativ baza gücləndirilməli və Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilərək, mülkiyyət hüququna malik olan şəxslərlə olmayanlar arasında kompensasiya və əvəzlənəcək sahənin ölçüsü baxımından hüquqi fərqləndirmə aparılmalıdır.
“Eyni zamanda, dövlət və bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz zəbt olunmasının qarşısı alınmalıdır”, - deyə o əlavə edib.
R. İsayevin fikrincə, bəzi hallarda sakinlərin tikinti şirkətlərinə inamsız yanaşması da öz əmlaklarını təhvil verməkdən imtina etməsinə və bu da söküntü prosesini illərlə uzadılmasına səbəb olur:
“Qanunvericilikdə söküntü prosesinin müddəti ilə bağlı heç bir norma yoxdur. Bu səbəbdən, bəzi sakinlərin əsassız və qeyri-adekvat tələbləri nəticəsində layihələr illərlə gecikir. Bu isə əmlaklarını qanuni şəkildə təqdim edən vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarır”.
O əlavə edib ki, kompensasiya yalnız faktiki olaraq mövcud olan fərdi yaşayış evləri və obyektlərə görə verilməlidir. Bu obyektlərin altında yerləşən torpaq sahələrinə görə isə əlavə tələblərin irəli sürülməsi hüquqi əsaslara söykənməməlidir: “Bu sahədə vahid hüquqi mexanizmlərin olmaması kompensasiya mexanizmlərində bərabərsizliyə yol açır”.
R. İsayev, həmçinin bildirib ki, bu problemlərin aradan qaldırılması üçün söküntü və tikinti layihələrinin icrasında iştirak edəcək dövlət qurumlarının siyahısı Prezidentin fərmanı ilə müəyyənləşdirilməli, həmin qurumların iştirakı isə məcburi xarakter daşımalıdır. Onun sözlərinə görə, tikinti layihələrinin uğurla başa çatdırılması üçün dövlət zəmanəti də nəzərdə tutulmalıdır. (Report)