Bu il Azərbaycandan tikinti materiallarının ixrac dəyəri ötənilki göstəricini 20 %-dən çox üstələyı bilər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrindən təkliflər: “Qanuna dəyişikliklər edilməlidir”
FED.az xəbər verir ki, bunu “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) İctimai Birliyinin sədri Ramiz İsayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan tikinti materialları sektorunda son dövrlər müşahidə olunan dinamik inkişaf fonunda məhsul tələbatının əsas istiqamətləri və istehsal imkanları yeni mərhələyə qədəm qoyur: “Hazırda bazarda formalaşan tələbat əsasən beton, sement, armaturlar, izolyasiya materialları, kərpic, kafel və metal konstruksiyalar üzrə müşahidə edilir. Bu tələbatın əhəmiyyətli hissəsi ölkə daxilində aparılan iri infrastruktur layihələrindən, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramından qaynaqlanır. Bununla yanaşı, region ölkələri – Gürcüstan və Mərkəzi Asiya ölkələrindən, o cümlədən Qazaxıstandan bazarından gələn sifarişlər də sektorun ixrac yönümlü inkişafında mühüm rol oynayır”.
Sədr qeyd edib ki, 2023-cü ildə Azərbaycandan tikinti materiallarının ixrac dəyəri təxminən 60 milyon ABŞ dolları, 2024-cü ildə isə 68,5 milyon dollar olub: “Bu dövrdə ümumi ixracda 14,2 % artım qeydə alınıb. 2025-ci ilin yekununda bu artımın daha da yüksələcəyi gözlənilir. Yeni infrastruktur layihələri, regional tələbat və istehsal gücünün artması fonunda tikinti materiallarının ixracında 20 % və daha çox artım proqnozlaşdırılır”.
R.İsayev vurğulayıb ki, yerli istehsalçıların rəqabət qabiliyyətini artırmaq üçün ilk növbədə sənaye zonaları və texnoparklar genişləndirilməlidir: “Bununla yanaşı, regional logistika mərkəzləri, multimodal daşınma infrastrukturu və dəmir yolu bağlantılarının inkişafı tələb olunur. Əlavə olaraq, texnoloji modernizasiya üçün rəqəmsal platformaların tətbiqi və enerjiyə qənaətli istehsal sahələri qurulmalıdır. Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl enerji zonaları”nda bərpa olunan enerji mənbələri ilə çalışan sənaye parkları yerli istehsalçılara aşağı enerji xərcli və davamlı istehsal imkanı yaradır. Yalnız bəzi regionlarda bərpa olunan enerji şəbəkəsinə çıxış zəifdir, bu isə yerli istehsalçını yaşıl istehsala keçid imkanlarından məhrum edir. Düşünürəm ki, bölgələrdə bərpa olunan enerji resurslarına çıxış vacibdir”.
Assosiasiya sədrinin sözlərinə görə, hazırda bəzi iri istehsalçılar ISO, EN və digər beynəlxalq sertifikatlara malikdir: “Amma sistematik və ölkə üzrə tətbiq olunan vahid bir sertifikatlaşdırma strukturu tam formalaşmayıb. Laboratoriya imkanları da regionlar üzrə qeyri-bərabər paylanıb. Xarici auditlər əsasən ixrac yönümlü müəssisələrdə aparılır. Ümumilikdə sistem mövcuddur, amma daha da təkmilləşdirilməyə ehtiyac var. Bu istiqamətdə ATİA bir sıra yerli və xarici müəssisələrlə əməkdaşlıq edir. Məqsəd ölkə üzrə vahid sertifikatlaşdırma sisteminin formalaşdırılması və bu sertifikatların yalnız yerli deyil, xarici bazarlarda da tanınmasını təmin etməkdir. Hazırda ATİA - Beynəlxalq standartlara uyğun “ATİA -cert” sertifikasiya proqramının inkişafı üçün beynəlxalq qurumlar “Notifed BODY” statusuna malik qurumlarla (“CPR Construction Products Regulation”) CE uyğunluq sertifikatları verilməsi üçün – “TÜV Rheinland Industrie Service GmbH”, “SGS Belgium NV”, “Kiwa Nederland B.V.”, “Bureau Veritas Certification France”, “ITB – Building Research Institute”, “ZAG – Slovenian National Building” and “Civil Engineering Institute”, AZAK, FİDİC, RİCS və s. təşkilatlarla əməkdaşlığı inkişaf etdirir. Bununla biz yerli istehsalçıların sertifikatlaşdırılması üçün ciddi fəaliyyət göstəririk. Bu, nəticə etibarı ilə sertifikatlaşdırma sisteminin beynəlxalq akkreditasiyalı qurumlarla uyğunlaşdırılması, rəqəmsal izlənə bilən, şəffaf sistem əsasında qurulmasını təmin etməklə yanaşı, “ATİA -cert” sertifikatları əsasında "Made in Azerbaijan" brendinin keyfiyyət nişanı kimi tanıdılmasını təmin edəcək”. (Report)