22 iyul 2019 14:28

Azərbaycanla Türkiyə arasında əmlak idarəçiliyi - ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Türkiyədə işgüzar görüşlər keçirib. FED.az xəbər verir ki, ilk görüş qardaş ölkənin Ətraf Mühit və Şəhərsalma naziri cənab Murat Kurumla, Tapu ve Kadastro Genel Müdiri Ahmet Zeki Adlı ilə baş tutub.

Səfərin məqsədi iki ölkə arasında əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişləndirmək, birgə təcrübə mübadiləsi aparmaq, yeni layihələr reallaşdırmaqdır.

Komitə sədri qeyd edib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən son dövrlər yeni layihələr həyata keçirilir. Komitənin fəaliyyət istiqamətlərindən olan daşınmaz əmlakın qeydiyyatı sahəsində də genişmiqyaslı islahatlar aparılır. Müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə daşınmaz əmlakın qeydiyyatı prosesi elektronlaşdırılır, sadə, eyni zamanda şəffaf və səmərəli qeydiyyat sistemi formalaşdırılır, bu sahəni tənzimləyən qanunvericilik aktlarına bir sıra mühüm dəyişikliklər edilir.

Komitə sədri ölkə başçısının 29 mart 2019-cu il tarixində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişiklik nəticəsində dövlət reyestrindən çıxarışların elektron şəkildə əldə edilməsindən danışıb. Həmçinin qanunvericiliyə 2018-ci ildə edilmiş dəyişikliyə əsasən çıxarışların 1 iş günü müddətində verilməsi imkanından bəhs edib. Görülən işlərin nəticəsidir ki, Dünya Bankının “Doing Business 2019” sorğu icmalının nəticələrinə görə, “Əmlakın qeydiyyatı” indikatoru üzrə Azərbaycan ümumi reytinq siyahısında 190 ölkə arasında 17-ci yerə layiq görülüb.

 

Daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində Azərbaycanda həyata keçirilən layihələr də Türkiyənin dövlət qurumları rəhbərlərinin diqqətinə çatdırılıb. Bildirib ki, ölkə başçısının 7 mart 2016-cı il tarixli fərmanı ilə əmlak idarəçiliyi sahəsində ən iri layihələrdən olan torpaqların elektron kadastr uçotunun qurulması və rəqəmsal xəritələrin hazırlanması işləri həyata keçirilir. Bununla bağlı “Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi” qurulur. Həmçinin “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi” yaradılır, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla “Yer Səthinin Peyk Nəzarət Sistemi” formalaşdırılır, o cümlədən “Ünvan Reyestri İnformasiya Sistemi”nin qurulması işləri davam edir. Bundan başqa ölkə başçısının müvafiq fərmanı ilə komitə Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması ilə bağlı işləri də həyata keçirir.

Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri cənab Murat Kurum, Tapu ve Kadastro Genel Müdiri Ahmet Zeki Adlı görüşün əhəmiyyətindən danışıblar. Bildirilib ki, qarşılıqlı əməkdaşlıq görülən işlərin effektivliyini artıracaq, yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.

Həmin gün komitə sədrinin Türkiyə Özəlləşdirmə Təşkilatının prezidenti cənab Bekir Emre Haykırla da görüşü olub. Görüşdə özəlləşmə sahəsində qarşılıqlı əməkdaşlıq nəticəsində həyata keçirilən işlər və reallaşdırılacaq tədbirlərdən danışılıb. Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar ölkə iqtisadiyyatına daxil olan xarici investisiyaların artmasına səbəb olub. Müasir idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edildiyi özəlləşmə sahəsində də proses modernləşdirilir, elektron müstəviyə keçid daha da genişləndirilir. Hazırki mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər və məsləhətçilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir, açıq hərraclar və investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməyə çıxarılır. Özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracın istifadəyə verilməsi investorların işini xeyli sadələşdirib. Özəlləşməyə çıxarılan əmlaklar haqqında bütün məlumatlar “Özəlləşdirmə portalı”nda yerləşdirilir.

Özəlləşdirmə Təşkilatının prezidenti cənab Bekir Emre Haykır da iki qardaş ölkə arasında mövcud olan iqtisadi əlaqələrdən danışıb. Bildirib ki, Azərbaycanda özəlləşmə sahəsində həyata keçirilən yeniliklər türkiyəli iş adamlarının marağına səbəb olur. Hazırda türkiyəli investorlar Azərbaycanda pambıqçılıq, yeyinti, ərzaq, kənd təsərrüfatı məhsulları sektorlarında geniş təmsil olunurlar.


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz