Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 49 ünvanında söküntü işlərinə start verilib.
FED.az xəbər verir ki, ərazinin bir qismi sökülsə də, bəzi sakinlər təklif edilən məbləğlə razılaşmır.
Onlar bildirir ki, evlərinin qanuni sənədi var, təklif edilən məbləğlə isə başqa yerdə mənzil sahibi ola bilmirlər.
Sakinlər iddia edirlər ki, evlərinin yerində yeni binanın inşası nəzərdə tutulsa da, bununla bağlı heç bir təklif edilmir.
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov deyib ki, hazırda Süleyman Vəzirov küçəsi ilə yanaşı, Xəqani Rüstəmov küçəsində də söküntü işləri aparılır. Söküntü dövlət sifarişi ilə "Ağ şəhər" layihəsi çərçivəsində icra olunur. Ərazinin qiymətləndirilməsi qiymətləndirmə komissiyası tərəfindən aparılıb və hər kvadrat metr üçün vətəndaşlara 1250 manat pul verilir.
Vətəndaşların iddia etdiyi qanunsuz söküntü və ya xəbərdarlıq edilmədən aparılan söküntü işlərinə gəlincə, qurum rəsmisi bildirib ki, bu yalnış məlumatdır. Sökülən evlərə əvvəlcədən xəbərdarlıq edilib, razılıq əldə olunub, komissiya ilə müqavilə imzalanıb. Vəsait vətəndaşın hesabına köçürüləndən və ev boşaldılandan sonra söküntü işləri icra olunur.