«Təklif etdiyimiz texnologiya ilə binaları hazırda tikilən evlərdən daha keyfiyyətli, daha ucuz və daha sürətli inşa etmək olar».
Azərbaycanın sənaye tikinti sahəsində ixtisaslaşmış «Sənaye həlləri» şirkəti ölkədə sürətli və keyfiyyətli tikinti üçün yeni tikinti texnologiyası təklif edir.
Şirkətin direktoru İlqar Əliyev FED.az-a bildirib ki, bu texnologiya ilə 1 bloklu 9 mərtəbəli binanı təqribən 2 həftəyə tikmək olur. Buraya əsasən beton divarların quraşdırılması aiddir, rənglənmə, qapı-pəncərənin qoyulması və s. isə sonrakı mərhələdə başa gəlir.
İ.Əliyev bildirib ki, söhbət yığma dəmir beton konstruksiyalarla tikilən evlərdən gedir. Bunlara bəzən qısa olaraq prekast, prefabrik tikintilər deyilir, amma Azərbaycan əhalisi bu tikintini panel evlər kimi tanıyır. Sovet dövründə Bakıda yeni salınan binaların əksəriyyəti bu üsulla inşa edilib.
Sənaye həllərinin təklif etdiyi variant həmin üsulun yenilənmiş formasıdır: «Söhbət sovet dövründən qalmış dəmir beton evlərdən gedir. Günəşlidə, Əhmədlidə tikilən binalar buna nümunədir. O binaların tikilməsində istifadə olunan texnologiyalardır, lakin dövrün məhdud texnoloji imkanlarına görə o evlər komfordlu deyildi».
Hazırki qərb avadanlığı və yeni yanaşma ilə həmin binaların daha yaxşı tikilməsinə şərait yaradır: «O vaxtkı problemlər - istilik, səs ötürmə məsələsi və s. - bizim texnologiyamız ilə aradan qaldırılıb. Bu monolit texnologiyasının üstünlüyü çox böyükdür».
Yeni texnologiya ilə evin ayrı- ayrı hissələrinin zavodda istehsla olunaraq hazır gətirilməsi vaxt itkisini və maya dəyərini xeyli azaldır: «Binanın elementləri - divar, döşəmə, tavan - zavod şəraitində istehsal olunaraq tikinti yerinə gətirilir. Burada da bir-birinə bağlanaraq bina inşa edilir. Bununla da həm keyfiyyətli ev tikilir, həm də vaxt çox az sərf olunur».
İlqar Əliyevin sözlərinə görə, müasir tikintilərə nəzarət bəzən lazımi səviyyədə olmadığına görə, onların keyfiyyəti ilə bağlı şübhələr yaranır: «Bu gün işləyən fəhlələrin bir çoxu səriştəsizdir, texniki təhsili olan fəhlələr azdır. Sahə mühəndisləri də çox vaxt prosesə lazımınca nəzarət edə bilmir. Hətta adətən deyirlər ki, mənzil alanda 6-cı mərtəbədən yuxarı almayın, çünki sahə mühəndisləri adətən yaşlı insanlar olduğuna görə liftsiz 6-cı mərtəbədən yuxarı qalxa bilmirlər».
Yeni texnologiyada isə binanın hissələrinin keyfiyyətinə elə zavodda nəzarət edilir: «Bizim təklif etdiyimiz texnologiyanın üstünlüyü odur ki, materialların keyfiyyətinə artıq zavodda istehsal prosesində texnoloq nəzarət edir, həm də avadanlığın özü istehsal olunan məhsulu keyfiyyətli edir».
Bununla yanaşı, İ.Əliyev bildirir ki, yeni texnologiya əsasən kütləvi tikintilərdə özünü doğruldur, Məsələn, bildirir ki, şəhərin mərkəzindəki gözəl binalardan tikmək üçün bu texnologiya məqsədəuyğun deyil.
Bəs yeni texnologiyanı hansı sahələrdə tətbiq etmək lazımdır?
«Bizim təklif etdiyimiz üsul - kütləvi, böyük həcmdə və qısa müddətdə tikilməsi nəzərdə tutulan evlər üçün əlverişlidir. Sosial yönümlü binalar, məktəblər, bağçalar və s. Bizim ümulla 1 bloklu 9 mərtəbəli binanı təqribən 2 həftəyə tikmək olur. Burada divarlardan (beton hissəsi) söhbət gedir, sonrakl bəzənmə prosesləri - rənglənmə, qapı-pəncərənin qoyulması və s. daxil deyil».
İlqar Əliyev bildirir ki, mühəndislik nöqteyi nəzərindən – bu texnologiya ilə tikilən binanın davamlılığı hazırki binalardan daha uzun müddətlidir: «Çünki monolit binada (hansı ki, indi Bakıda evlər bu üsulla inşa edilir) əsas yük (ağırlıq) "karkas"ın üzərinə düşür. Divarların öz ağırlığından başqa, həm də bütün konstruksiyaların ağırlığı da sütunların üzərinə düşür. Bizim texnologiyamızda, yəni panel tipli binalarda isə "karkas" yoxdur. Binanın ağırlığı da bütün divarlar boyu bərabər paylanır. Buna görə də ortalama ağırlıq aşağı olur».
Binaların möhkəmliyi də lazımi səviyyədədir – belə ki, bu tip binalar 9 bal gücündə zəlzələlərə dözümlüdür: «Onu qeyd edim ki, materialın keyfiyyəti binanı keyfiyyətli edir».
MİDA-nın 2-2,5 ilə tikdiyi binaları 5-6 aya tikmək olar
İlqar Əliyev bildirir ki tikinti prosesinin mobilləşdirilməsi nəticəsində yeni texnologiya ilə banaların tikintisi indikinə nisbətən 4-5 dəfə tez başa gəlir: «Bu texnologiyada keyfiyyət və sürət ən önəmli məsələdir. Məsələn, Hövsanda, Yasamalda tikilən sosial binalar təxminən 2-2,5 ilə tikildiyi halda biz bu işi cəmi 5-6 aya tikəcəkdik. Sürət dedikdə bunu nəzərdə tuturam».
Bu binalar neçəyə başa gələcək?
Şirkət direktoru bildirib ki, yeni texnologiya ilə binaların tikintisi indikilərlə müqayisədə təxminən 15% ucuz başa gəlir: “İki dənə bir bloklu 9 mərtəbəli bir-birinə oxşar bina yanaşı tikilirsə, bizim texnologiya ənənəvi tikintidən 15 % ucuz başa gələcək. Əgər bir deyil, 10 bina tikilsə, onda fərq 25 %-ə qalxacaq. Burada məsələ binaların sayından, davamiyyətli sifarişdən asılıdır. Say artdıqca qiymət də enir».
Şəhərlər və yaşayış massivləri inşası üçün sərfəli variant
İlqar Əliyev deyir ki, sözügedən texnologiya ilə evlərin inşası maliyyə baxımında bütöv şəhər - layihə üçün nəzərdə tutulub. Çünki texnologiya zavodda tətbiq edilir, zavodun fəaliyyəti üçün işin də davamlı olması lazımdır. Binaların bu üsulla inşası zamanı tələb olunan işçi sayı da azdır: «Çünki montaj edən (binanı yığan) qrup adətən 5 nəfərdən çox olmur. Bir kran və 5 nəfər işçi binanı tikə bilər».
Bundan başqa, ənənəvi tikiqntidən fərqliolaraq burada tullantı da az olur: «Ənənəvi tikintilərin ətrafı həmişə zir-zibil, armatur qırıntıları, beton tullantıları və s. olur. Biz dediyimiz teznologiyada isə belə məsələlər yoxdur. Çünki bütün materiallar zavodda hazırlanıb gətirilir. Burada ekoloji təsir məsələləri də var. Ümumiyyətlə, texnologiyada hər şeyi pula çevirsək, işçi əməyini, materialları, ekoloji amili, binanın tikintisindən sonrakı işləri (bu texnologiyada suvaqdan qəti istifadə olunmur) nəzərə alsaq bu tip binaların daha ucuz başa gəldiyini demək olar».
Mütəxəssisin sözlərinə görə, yeni texnologjiyanın tətbğiqi üçün yatırım tələb olunur: «Bu gün ev tikmək istəyən şirkət torpaq sahəsini və binanın layihəsini alır, fəhlənin günəmuzdunu ödəyib binanı tikirlər. Yəni elə böyük investisiya tələb olunmur. Amma bizim üsulun tətbiqi üçün zavod tikmək lazımdır ki, o materiallar istehsal edilsin. Yəni layihəyənin investisiyaya ehtiyacı var. Biz texnologiyanı satırıq, bizə bir iş adamı lazımdır ki, həmin zavodu alıb quraşdırır. Həmin zavodda divarlar, döşəmələr, pilləkənlər, lift şaxtaları - divar və daşıyıcı elementləri zavodda istehsal olunaraq xüsusi yük maşınlatı ilə tikinti yerinə gətirilir. Burada da kran və işçilərin köməyilə proses icra olunur».
Bu texnologiya Azərbaycanda niyə tətbiq olunmur?
İ.Əliyevin sözlərinə görə, bununla bağlı Bakının bütün böyük tikinti şirkətlərinə təklif edib. Dövlət qurumlarının bir çoxunda, hətta Nazirlər Kabinetində görüşlər də keçirilib. Bir neçə iş adamı maraqlanıb, investisiya yatırmağa maraqlı olsalar da hüquqi məsələlərə görə bu evlər tikilə bilmir:
«Problem odur ki, əvvəllər (sovet dövründə) bu tip binaların tikintisi üçün normatik sənədlər vardı, indi yoxdur. Hətta o vaxtlar ölkədə 6 ədəd evtikmə kombinatı vardı. Bizim hazırki texnologiyanın köhnə forması idi. Lakin həmin sənədlər müstəqil Azərbaycana deyil, keçmiş Sovetlər birliyinə aid idi. Azərbaycanda da bu istiqamət inkişaf etdirilmədi, sənədlər yenilənmədi. Ona görə də bu gün dəmir beton texnologiyasının tikintidə istifadəsi üçün normativ sənədlər yoxdur. Nəticədə belə ev tikmək qanunazidd hərəkət olar».
İlqar Əliyev bildirir ki, yeni texnologiyanın tətbiqi üçün normativ sənədlər də yenilənməlidir: «Bu sənədləri də yenidən hazırlamaqdansa mövcud parktikanı Azərbaycanda tətbiq etmək lazımdır. Bu texnologiya dünyanın hər yerində tətbiq olunur. Biz də Avropa və Rusiyanın praktikasından istifadə edə bilərik. Düşünürəm ki, buna da maksimum 1 il vaxt lazımdır».
Bü usulla Qarabağı 4-5 ilə bərpa etmək olar
İlqar Əliyeu bildirir ki, dövlət qurumları bu sənədlərə maraq göstərmirlər: «Təəsüflər olsun ki, bu gün bu sistemin hazırlanmasına maraq göstərilmir. Gürcüstan, Qazaxıstan, Rusiya və s. ölkələrdə belə layihələr var. Çünki «ekonom» və «ekonom komfort» binalara ehtiyac var. Düşünürəm ki, bu texnologiyaya bizdə də tələb artacaq. Çünki bu gün əsas məsələlərdən biri də Qarabağın bərpası və insanların ora köçürülməsidir. Bunu hazırkı texnologiya ilə etsək, çox böyük vaxt aparacaq. Bəlkə də proses 15-20 il çəkəcək. Lakin yeni texnologiya ilə bu məsələni 4-5 ilə həll etmək mümkündür. Burada həm yaşayış, həm də sosial binalardan (məktəb, bağça, hospital, sənaye və administrasiya binaları və s.) söhbət gedir”.
Qeyd edək ki, hazırda bizim regionda şirkətin bu texnologiya əsasında 2 zavodu var. Biri 2017-ci ildə Gürcüstanda tikilib təhvil verilib, digərinin isə keçən ilin oktyabrında müqaviləsi imzalanıb və bu ilin dekabrında yenidən Gürcüstanda fəaliyyətə başlayacaq.