«Feysbuk», «Tvitter», İnstaqram və «Youtube» kimi sosial şəbəkələrin bütün dünyanı əhatə etdiyi bir vaxtda bu sahəyə yeni oyunçular gəlməkdədir.
FED.az xəbər verir ki, son günlər bu şəbəkələrən biri – «Parler» xüsusilə sürətlə populyarlaşır.
Son bir həftə ərzində «Parler»in istifadəçilərinin sayı 200 min nəfər artıb. Onların əksəriyyəti «Twitter»in keçmiş istifadəçilərdir. Şəbəkənin perspektivləri ilə bağlı proqnozlar fərqlidir, bəziləri onun sürətli inkişaf edəcəyi, digərləri isə əksinə, sayı sürətlə artan yeni oyunçular arasında itib-batacağını gözləyir.
Qadağalar üzərində qurulan biznes
Nə qədər maraqlı olsa da, hazırda ortaya çıxan yeni sosial şəbəkələr üçün münbit şəraiti böyük oyunçular - «Feysbuk», «Tvitter» və «Youtube» özü yaradıb. Bu şəbəkələrdə kontentin idarə edilməsi qaydaları, qoyulan tələblər sürətlə sərtləşir, bu da istifadəçilərə müxtəlif qadağalar qoymaqla onların narazılığına səbəb olur. Fikir azadlığının lazımınca qorunmadığını güman edən istifadəçilər özlərini ifadə etmək üçün yeni platformalar axtarır, bu da «Parler» kimi yeni sosial şəbəkələrin yaranmasına səbəb olur.
Məşhur istifadəçilər şəbəkəni qaldırır
Beləliklə, «Parler» 2018-ci ilin avqustunda böyük şəbəkələrdəki «qeyri-şəffalığa, ideoloji senzuraya və şəxsi məlumatlardan sui-istifadəyə» alternativ kimi yaradılıb. Şəbəkə açıq şəkildə bildirir ki, «Tvitter» və başqa şəbəkələrdə də qadağa qoyulan şəxslər üçün rahat yer olmaq istəyir.
Yaranmasından bir neçə ay ərzində «Parler» diqqətdən kənarda qalmışdı, ona fikir verən yox idi, yalnız dekabrda bir neçə populyar istifadəçinin yeni şəbəkəyə keçməsi vəziyyəti dəyişdi və şəbəkəni məşhurlaşdırdı.
Bir sıra məşhurların «Parler»ə keçməsi onun populyarlığını artırdı. Bunlar Nyu-Yorkun eksmeri Rudolf Culiani və sağçı fəal Loru Lumer idi. Şəbəkənin istifadəçiləri arasında prezident Trampın növbəti seçki kampaniyasının aparıcı simalarından olan Bredi Parskeyl də var.
Amma son həftə şəbəkəə qoşulanların əksəriyyəti Səudiyyədən olan milliyyətçilərdir, hansı ki, «Twitter»dəki qadağalara görə ondan imtina edirlər.
Amma istifadəçilərin kəskin artımı «Parler»in texniki problemlərinə səbəb olub. İndi şəbəkə rəhbərliyi daha çox istifadəçiyə xidmət üçün texniki imkanları artırmağa çalışırlar.
280-ə qarşı 1000 təklif edir
İstifadə qaydalarına görə, «Parler» daha çox «Twitter»ə oxşayır. Burada istifadəçi adı və heşteqlər vasitəsilə məlumat axtarmaq, eləcə də məlumatları bəyənib bölüşmək olar. «Tvitter»dəki 280 simvol qarşısında «Parler»də 1000 simvolluq post yazmaq olar.
«Parler» də başqa şəbəkələr kimi, istifadəçilər üçün şərh, mikrobloqlar, məlumat mübadiləsi imkanı yaradır. Bundan başqa, şəbəkədə onlayn bloqlar, saytlarla inteqrasiya və monetizasiya imkanları da var.
«Twitter»ə rəqib ola biləcəkmi?
Ən maraqlısı da olur ki, istifadəçilər tərəfindən senzurada ittiham olunan «Twitter» rəhbərliyi digər tərəfdən ABŞ konqresinin təzyiqi altındadır ki, şəbəkədə artıq ifadələr işlədilməsin.
Texniki baxımdan hazırda «Twitter» öz istifadəçilərinin yazdıqlarına görə məsuliyyət daşımır hətta bu saxta və ya böhtan olsa da. Amma konqress üzvləri tələb edir ki, sosial şəbəkə manipulyasiyaların qarşısını almaq üçün öz platformasını daha aktiv moderasiya eləsin. Bu vəziyyət isə qarşıdakı aylarda daha çox «Twitter»linin «Parler»ə keçməsinə səbəb ola bilər.
Doğrudur, hələlik «Parler»in istifadəçi sayına görə, iri oyunçularla rəqabətə girməsinə çox var. Mayın əvvəlində şəbəkənin cəmi 100 min üzvü vardı və son həftələr ərzində 200 min yeni istifadəçi barədə məlumatlar özü doğrultsa bu rəqəm 300 minə çata bilər. Amma qadağaların olmaması özünü göstərməkdədir.
«Telegram» hələlik ümidləri doğrultmayıb
Amma «Parler»lə bağlı parlaq proqnozlar işlərin əla gedəcəyinə zəmanət vermir. «Telegram»la baş verənlər göstərir ki, ani populyarlıqla real platformaya çevrilmək arasında böyük məsafə var. 300 milyon istifadəçisinin olduğu iddia edilsə də, bəzi ekspertlər bildirir ki, hələlik «Telegram»ın istifadəsində narahatlıq var. Bu şəbəkədən məyus olanlar indi üzünü «Parler»ə tutublar.