Azərbaycanda torpaq və digər daşınmaz əmlakların idarə edilməsi, eləcə də infrastruktur və kommunal xidmətlər sektoru ilə bağlı mühüm yenilik baş verib.
FED.az xəbər verir ki, fevralın 17-də Bakıda Almaniyanın «EKM Global Consulting GmbH» şirkəti tərəfindən hazırlanmış və Azərbaycanda ilk dəfə istifadə ediləcək pasportlaşdırma üçün «EKM Maps» proqram təminatı təqdim edilib.
«EKM Maps» tətbiqi - coğrafi məlumatların əldə edilməsini telefon və ya planşetdən istifadə etməklə maksimum asanlaşdıran proqramdır. Bu proqramın köməyi ilə artıq sahə qeydlərini, koordinatları kağıza köçürmək, fotoşəkilləri georeferensiya etmək və GPS koordinatlarını köçürməyə ehtiyac qalmır.
Çünki «EKM Maps» proqramı vasitəsilə bütün bu proseslər smartfon və ya planşet vasitəsilə bir neçə saniyə ərzində tamamlanır və məlumatlar dərhal sistemə yüklənir.
Təqdimat mərasimində «EKM Global Consulting GmbH» şirkətinin rəhbəri Elşən Musayev və Slovakiyadan olan coğrafi informasiya sistemi (GIS) üzrə ekspert, doktor Radovan Hilbert yeni proqramın detalları barədə məlumat verib, onun imkanları və tətbiq sahələrini açıqlayıblar.
«EKM Maps» proqram təminatı kənd təsərrüfatı, tikinti, mühəndislik, ətraf mühit, nəqliyyat, telekommunikasiya, enerji təchizatı və s. kimi sahələrdə istifadə oluna bilər.
Tətbiqdən istifadə etmək olduqca asandır
- «EKM Maps» proqramını «Android» və «iOS» sitemlərindən telefona yükləyib quraşdırmaq olar. Daha sonra bu proqram vasitəsilə xəritədə istənilən obyektin koordinatlarını qeyd etmək mümkündür.
İstifadəçinin arzusundan asılı olaraq bu məlumatlar ya ictimaiyyətə və ya müəyyən bir qrupa açıq ola bilər. Bu proqramdan istifadə etməklə istənilən obyekti pasportlaşdırmaq mümkündür.
«Pasportlaşma o deməkdir ki, istənilən obyekt, məsələn, ağac və ya bir mağaza sistemdə qeyd edilir, onun şəkli çəkilir və bütün informasiya onun altında yazılır. Bundan sonra sistemdə obyektin həm yeri, həm də şəkli və ona aid məlumat görünə bilər. Nəticədə insanlar koordinatın üzərinə vurub bu ağacın yerini və şəklini görə biləcəklər» - deyə «EKM Global Consulting GmbH» şirkətinin rəhbəri Elşən Musayev bildirir.
E.Musayevin sözlərinə görə, bu gün bəzi iri şirkətlərin avadanlıqları və ya onların infrastrukturuna daxil olanlar onların bazasında var, satınalmalarında var, amma ümumiyyətlə hamısı bir yerdə bunu görmək mümkün deyil, «xəritənin üzərinə çıxardıqda isə bu faktiki olaraq rəqəmsal əkizə gətirib çıxarır».
«Sadəcə telefonu götürüb, tətbiqi açmaq kifayətdir»
Coğrafi informasiya sistemi (GIS) üzrə ekspert, doktor Radovan Hilbertin sözlərinə görə, tətbiqdən hamı asanlıqla istifadə edə bilər: «Sadəcə telefonu götürüb, tətbiqi açmaq, istədiyimiz obyektin şəklini və ya yerini sistemə əlavə etmək kifayətdir. Bu ağacın və ya transformatorun şəkli ola bilər. Sistemə daxil edəndən sonra o dərhal xəritədə görünür».
Cənab Hilbert tətbiqin necə işlədiyini göstərmək üçün tədbirin keçirildiyi otelin yaxınlığında şəklini çkdiyi ağacı və oteldəki otağı sistemə daxil edib nümayiş etdirir. Onun sözlərinə görə, bu sistemə girişi olan istənilən şəxs həmin obyekti və onun yerini görəcək və tələb olunarsa həmin obyektə yaxınlaşa biləcək: «Məsələn təmir və başqa hər hansı ehtiyac varsa həmin obyektə yaxınlaşa biləcək».
Sistemdə göstərilən yerin dəqiqliyi telefonun CPS sisteminn dəqiqliyindən asılıdır. Bu halda dəqiqlik səhvi bir neçə metrdən artıq olmayacaq. Xüsusi antennalara qoşulmaqda isə bu dəqiqliyi bir neçə santimetrə endirmək olar, amma adətən buna ehtiyac olmur.
Şirkətin rəhbəri Elşən Musayev bildirir ki, yeni tətbiqin istifadə imkanları olduqca genişdir. Məsələn, «EKM Maps» proqramı vasitəsilə istənilən şəxs «ASAN müraciət»dən istifadə edə bilər – şikayət obyektinin şəklini və koordinatını göstərmək kifayətdir.
Bələdiyyələr bütün obyektləri nəzarətdə saxlaya biləcəklər
Yeni proqramın əsas istifadəçilərindən biri bələdiyyələr ola bilər. Çünki bələdiyyələr ərazidəki əmlakların – torpaq sahələrinin, evlərin, mağaza və digər obyektlərin koordanatlarını dəqiq bilməli, onların şəklinə malik olmalı, eləcə də onlardan vergi toplamalıdırlar.
Bu mənada «EKM Maps» proqramı bələdiyyələr üçün əla imkandır. Bunun üçün onlar öz serverlərinə xəritə yükləyirlər. Bu - coğrafi informasiya sistemində olan xəritələr olmalıdır – onları tapmaq çətin deyil – açıq mənbələrdən pulsuz da yükləmiək olar. Bələdiyyə əməkdaşları tətbiqdən istifadə edib obyektlərin yerlərini və şəkillərini qeyd etdikcə, həmin yerlər bələdiyyənin xəritəsinə də oturur.
Nəticədə hansı obyektin harada olması və şəkli məlum olur. Bundan sonra bələdiyyələr xəritə üzərindən öz infrastrukturunu, yəni obyektləri görüb ondan istifədə edə, o cümlədən vergiləri toplaya bilərlər.
«Gəlin daha uzağa gedək – obyektin şəkli çəkiləndən və xəritədə yeri müəyyən ediləndən sonra bələdiyyənin İT əməkdaşı bu sistemi bələdiyyənin maliyyə və vergi yığma sisteminə birləşdirir. Nəticədə xəritəni açan kimi, hansı obyektin və ya əmlakın vergisinin ödənilib ödənilmədiyi və yığılan pulların məbləği aşkar olunacaq»-deyə E.Musayev yeni proqramın bələdiyyələr üçün üstünlüyünü izah edib.
Yol polisi nəyin harada olduğunu öyrənəcək
«EKM Maps» proqramından Dövlət Yol Polisi də istifadə edə bilər. Söhbət yol nişanı və infrastrukturun yerində olmasından gedir. «Yol polisinin nişanları həmişə dəqiq yerində olmur, amma bu sistem vasitəsilə mövcud nişanlar və qurğular bütünlüklə elektron xəritəyə köçürülür və onların dəqiq yeri məlum olur. Onda bilinir ki, onlar öz yerindədir, yoxsa dəyişikliyə ehtiyac var».
Tutaq ki, yol polisi hansısa bölgədə yol nişanı quraşdırmağı sifariş edir: «Bu xəritə vasitəsilə polis nəzarət edə bilər ki, nişanlar yerinə düz quraşdırılıb, ya yox».
Vergi Xidməti artıq pasportlaşmaya başlayıb
«EKM Maps» proqramından Dövət Vergi Xidməti də istifadə edə bilər. Bir neçə gün əvvəl DVX ölkədəki kommersiya qurumlarına nəzarət üçün onların inventarizasiyasının başlandığını elan edib.
Bunun üçün vergi əməkdaşları obyektlərə yaxınlaşaraq onların yerlərini və digər göstəricilərini dəqiqləşdirəcəklər. Sonora bu məlumatlar rəqəmsal xəritəyə əlavə ediləcək.
Tədbirdə bildirildi ki, bu prosesdə yeni «EKM Maps» proqramından da istifadə etmək və prosesi asanlaşdırmaq olar.
Biznes öz şəbəkəsini göstərib, yaxınlıqdakı müştəriləri «tutacaq»
Azərbaycan biznesi isə «EKM Maps» proqramından bir neçə formada istifadə edə biləcək.
Əvvəla, şirkətlər öz filialları və şəbəkələrini (dəqiq koordinatları və şəkilləri ilə) elektron xəritə üzərinə köçürüb asanlıqla idarə edə biləcəklər.
Digətərəfdən biznes müştəriləri cəlb etməklə öz satışlarını artıra bilər. «Biznes obyektləri sistemdə öz yerlərini qeyd edərək müştəriləri cəlb etmək üçün proqram yaza bilərlər. Nəticə də obyektin yaxınlıqdan – müəyyən məsafədən keçən müştərilərin telefonuna bu obyektin malları və xidmətləri, eləcə də endirimlər barədə bildirişlər gələcək. Məsələn obyektin yanından keçən müştəri biləcək ki, burada 50% endirim var və sair».
Bir sözlə, bu «EKM Maps» proqramından dövlət qurumları və biznes, son nəticədə isə əhali də faydalana biləcək.
Yüksək qənaətə imkan verir
Yeni sistemin əsas üstünlüyü yüksək qənaət imkanı yaratmasıdır. «Bu proqram xüsusilə dövlət qurumlarına sərfəlidir, çünki burada maliyyəyə qənaət etmək imkanı var. Təşkilatın öz işçiləri bu proqramı sərbəst şəkildə istifadə edə bilirlər. Biz onlara layihəni yazıb verəndən sonra təşkilatın əməkdaşları bu dataları layihənin üzərinə əlavə edə bilirlər»-deyə müəlliflər bildirir.
İlk dəfə «Azərişıq» ASC-də uğurla tətbiq edilib
Hazırda bu texnologiya ilk dəfə Azərbaycanda «Azərişıq» ASC ilə əməkdaşlıq çərçivəsində tətbiq olunur. Bunun üçün hər bir transformator, sayğac və s. üzrə məlumatlar toplanaraq mütəxəssislər tərəfindən gələcək işlərdə istifadə oluna biləcək məlumat bazasına yerləşdirilir.
«Biz ötən ildən bunu «Azərişıq»da tətbiq etməyə başlamışıq və fikirləşirik ki, pasportlaşma üçün gələcəkdə digər qurumların da bunu istifadə etməsinə ehtiyac var».
Tətbiqdən istifadə yuxarıda qeyd edildiyi kimi işi asanlaşdırmaqla yanaşı, həm də şəffaflıq gətirir və ölkənin beynəlxalq reytinqlərinin yüksəlməsinə təsir edir.
Hazırda «Azərişıq»ın 3D mobil xəritənin əsasında yaratdığı digər xəritə «ASAN kommunal»da tətbiq olunur:
«Orada 400 metr radiusunda olan yeni abunəçilər və obyektlər – hansılar ki, daha rahat şəkildə «Azərişığ»a qoşula bilərlər, onun tətbiq olunması ilə bağlı işlər bu dəqiqə son mərhələdədir. Bu pasportlaşma ona görə vacibdir ki, hər hansı obyekt sistemə qoşulmaq istəyəndə onun yanında olan transformator avtomatik olaraq sistemdə dəqiq koordinatla göstərilir. Bu sistemin istifadəyə verilməsi işi yüngülləşdirir və daha prosesi daha şəffaf edir».
«EKM Maps» proqramı necə işləyir?
«EKM Maps» proqramının iş prinsipi belədir – təşkilat və ya biznes qurumu tətbiqi yükləyir, xəritədə öz obyektlərini qeyd edir. Bundan sonra tətbiq müəllifləri həmin təşkilatın istifadə edəcəyi sistemi bu tətbiq üzərindən yaradırlar. Həmin sistemlər daxili və ya ictimai istifadə üçün ola bilər - hansı variantı seçmək, yəni sistemin başqa istifadəçilərə nə qədər açıq olması layihənin sifarişçisindən asıldır.
«Ola bilər, kimlərsə terminləri başa düşməsin, ona mürəkkəb gəlsin, amma sistemi yükləyib işləməyə başlasa, onun necə asan və intuitiv olduğunu görəcək» – deyə Elşən Musayev bilirir.
Ekologiya və tarixi abidələr də «canlanacaq»
Ən maraqlısı odur ki, bu tətbiq biznes və dövlət qurumları üçn deyil ekoloji və elm məqsədilə də istifadə oluna bilər.
Məsələn, «EKM Maps» proqramı ilə ölkədəki nadir ağacları və ya hansısa ekoloji pozuntunu qeydə almaq və yerini dəqiqləşdirmək olar. Tətbiq imkan verir ki, istənilən şəxs nadir ağacların, məsələn, Eldar şamının şəklini və ya yerini sistem üzərinə qeyd etsin. Yəni Ekologiya Nazirliyi bu sistemdən istifadə edəək ekoloji monitorinq apara bilər.
Eləcə də kəsilən ağaclar barədə məlumatı qeyd etmək, yerini və şəklini göstərməklə ekoloji qurumları xəbərdar etmək olar.
«Hətta ekoloji pozuntular barədə daha ciddi məlumat verənləri mükafatlarla motivasiya da etmək olar» – deyə müəlliflər bildirir.
Tətbiq müəllifləri bildirir ki, bu sistemi ekologiya qurumları üçün pulsuz yaratmağa da hazırdırlar.
Eyni prinsiplə ölkədəki tarixi abidələrin yeri və şəkli də açıq istifadədə olan xəritəyə yerləşdirilə bilər. Nəticədə bu xəritə vasitəsidə tarixi abidələri asanlıqla tapıb ziyarət etmək mümkün olar.
Tətbiq müəllifləri ondan istifadə üçün dövlət qurumlarına müraciət etməyiblər: «İstənilən qurum özü tətbiq yükləyib, test edə bilər, ona yararlıdırsa, onun üçün layihə edilə bilər».
Proqram internetsiz də işləyir
Təqdimat mərasimində bildirildi ki, «EKM Maps» proqramının üstünlüklərindən biri onun real vaxt rejimində, hətta yolda olarkən də işləməsi və yenilənə bilməsidir. Tətbiqin ən maraqlı xüsusiyyətlərindən biri onun oflayn da işləmək imkanının olması və sonradan sinxronlaşdırıla bilməsidir. Bunun üçün açıq mənbələrdən olan xəritələrin yüklənməsi və onu mövcud GIS infrastrukturuna inteqrasiya etmək kifayətdir: «Məsələn, mən tətbiqi yükləyib qoruğa və ya şəhərə gedirəm, mənə lazım olan obyektlərin şəklini çəkib sistemə əlavə edirəm. Evə gəlib internetə qoşulanda sinxronizasiya başlanır və bütün məlumatlavr serverə ötürülərək yerinə oturur. Yəni belə sadə inteqrasiya imkanı var»-deyə Rodovan Hilbert sistemin üstünlüyünü açıqlayıb.
Toplanmış məlumatlar istənilən yerdən əlçatandır
«EKM Maps»dan istifadə üçün onun tətbiqini yükləyib qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat prosesindən sonra tətbiqdə layihə yaradılmalıdır. Yaradılan hər bir proyekt individualdır, yalnız onu yaradan şəxsə məxsusdur.
Sistemə daxil olduqdan sonra heç bir kənar şirkətin köməyi olmadan xəritə üzərində istənilən obyekti, məlumatı və infrastrukuturu əlavə edərək pasportlaşdırmaq və inventarlaşdırmaq mümkündür.
Toplanmış məlumatlar istənilən zaman, istənilən yerdən əlçatan olub məlumat bazasına çevrilir.