6 fevral tarixi Təhlükəsiz İnternet Günü kimi qeyd olunur. Başqa sözlə, bu gün rəqəmsal dövrdə fərdi məlumatların qorunmasının vacibliyini istifadəçilərə daha geniş mənada xatırladılır. Müasir dünyada hər gün böyük həcmdə məlumat toplanır və emal edilir ki, bu da məlumatların sızması və ya oğurlanması, eləcə də şəxsi həyata müdaxilə kimi ciddi risklər yaradır.
FED.az xəbər verir ki, Kaspersky-nin mütəxəssisləri onlayn risk və təhdidlərdən qorumaq barədə bəzi tövsiyələr verib.
İstifadəçilər tez-tez etibarsız mənbələrdən proqramlar yükləyirlər və həmçinin proqramların daha çox funksiyaya malik ola biləmn qeyri-rəsmi premium versiyalarından istifadə edirlər. Bununla bağlı müəyyən təhlükəsizlik riskləri var: bu cür proqramların adı altında zərərli proqramlar cihaza gizlicə daxil ola və bəzi hallarda istifadəçilərin hüquqlarını poza bilər–məsələn, onların razılığı və xəbəri olmadan bəzi şəxsi məlumatları toplaya bilər.
Şəxsi məlumatları qorumaq üçün Kaspersky-nin mütəxəssisləri tövsiyə edir:
Haradan və hansı proqramları yüklədiyinizi diqqətlə izləyin. Proqramları yalnız rəsmi mağazalardan seçmək tövsiyə olunur. Tətbiqlərin pirat nüsxələrini və ya qeyri-rəsmi versiyalarını quraşdırmaq təhlükəlidir - onların köməyi ilə təcavüzkarlar şəxsi məlumatlarınıza giriş əldə edə bilərlər. İstifadəçi rəylərinə də diqqət yetirmək tövsiyə olunur - hər hansı bir şübhə yaranarsa, proqramı yükləməmək daha yaxşıdır.
- Hüquqlarınızı bilmək üçün şəxsi məlumatlarla bağlı qanunvericiliyi öyrənin. Şəxsi məlumatlarınızı qorumaq üçün hüquqlarınızı bilmək vacibdir. İlk növbədə, şəxsi məlumatlarla bağlı ölkənizin qanunvericiliyini öyrənməkdə fayda var. Bu yolla hansı sənədlərin bu sahəni tənzimlədiyini anlaya və onların əsas müddəaları ilə tanış ola bilərsiniz. Bundan başqa, tətbiqdə göstərildiyi təqdirdə məxfilik siyasətini diqqətlə nəzərdən keçirmək vacibdir. Hansı məlumatları topladığına diqqət yetirin. Tətbiqin mühüm məsələlərlə bağlı - məsələn, şəxsi məlumatlarınızı silmək tələbi ilə əlaqə saxlaya biləcəyiniz dəstək xidmətinin olması tövsiyə olunur.
- Lazım olmadıqca şəxsi məlumatları paylaşmayın. Tətbiqin yalnız zəruri minimum məlumatları təqdim etməsi daha yaxşıdır - çünki kifayət qədər təhlükəsizlik tədbirləri olmadığı üçün məlumat sızması və ya sui-istifadə riski həmişə var. Həmçinin yadda saxlamaq lazımdır ki, məlumatlar ictimaiyyətə açıq mənbələrə düşdükdən sonra onların yayılmasını və istifadəsini izləmək çətinləşir və bu, xoşagəlməz nəticələrə səbəb ola bilər. Bunun qarşısını almaq üçün, əgər tətbiq onlarsız işləyə bilərsə, fotoşəkillər, kontaktlar, məkan, mikrofon və ya digər məlumatlara giriş verməmək daha yaxşıdır.
- Müasir təhlükəsizlik həllərindən istifadə edin. Onların köməyi ilə siz tətbiqlərin şəxsi məlumatlara daxil olmasını əngəlləyə bilərsiniz. Bundan əlavə, onlar istifadəçiləri telefon nömrələrinin və digər məlumatların sızması halları barədə xəbərdar edir, həmçinin zərərli faylların yüklənməsinin qarşısını alır. Məsələn, Kaspersky Premium bu funksiyaya malikdir. Şifrənizin ictimaiyyətə açıq mənbələrə sızdığını yoxlamağa imkan verən alətlər də var.
“Kibertəhdidlərin sayı və çeşidi getdikcə çoxalır, lakin rəqəmsal savadlılıq qaydalarına əməl etsəniz, onların bir çoxunun qarşısını almaq olar. İlk növbədə, ayıq-sayıq olmaq lazımdır: şübhəli linklərə klikləməyin, e-poçt ünvanlarının həqiqiliyini diqqətlə yoxlayın və təsdiqlənməmiş mənbələrə etibar etməyin. Biz həmçinin həmişə hesablarınızın hər biri üçün mürəkkəb, unikal şifrələrdən istifadə etməyi və mümkün olan yerlərdə iki faktorlu autentifikasiyanı aktivləşdirməyi tövsiyə edirik – bu, sındırma və sızma risklərini əhəmiyyətli dərəcədə azaldır”, deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov xatırladır.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) məlumatına görə, 2023-cü ildə Azərbaycan "Milli Kibertəhlükəsizlik İndeksi"nin reytinqində mühüm irəliləyiş əldə edib - əvvəlki 86-cı yerdən 36 pillə qalxaraq 50-ci yerdə qərarlaşıb. Ötən ilin sentyabrından "Milli Kibertəhlükəsizlik İndeksi" çərçivəsində yenilənmiş meyarlar əsasında yeni qiymətləndirmə metodologiyasının tətbiqinə başlanılıb. Yeni metodologiya ilə son olaraq 31 ölkə qiymətləndirilib. Bu ölkələrin hər birinin 49 göstərici üzrə qiymətləndirildiyi reytinq cədvəlində Azərbaycan 66,67 balla 12-ci yerdə qərarlaşıb ki, bu da ölkəmiz üçün bugünə qədərki ən yüksək nəticədir.