Bir neçə gün öncə ABŞ-ın “SpaceX” şirkəti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") arasında bağlanmış müqaviləyə əsasən Azərbaycanda da bu şirkətə məxsus “Starlink” peykləri vasitəsi ilə internet əldə etmək mümkün olacaq.
“Azerspace 2” peykinin qazancı - 1.5 MİLYARD MANATI KEÇƏCƏK
“Starlink”in xidmətindən ölkəmizdə istifadə tarixi dəqiq bilinməsə də onun daha çox korporativ sahədə və gəmilərdə istifadəsinin geniş yayılacağı proqnozlaşdırılır.
FED.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, adıçəkilən müqavilə çərçivəsində internet xidmətinin aktivləşdirilməsi Azərbaycanın internet təhlükəsizliyinə şərait yaradacaq:
“Öncə bir məsələni qeyd edim ki, internet yeganə vasitədir ki, alternativliyi sevir. Yəni bir ərazidə mütləq alternativ internet imkanı olmalıdır. Hansısa ərazidə internet bir nöqtədən verilsə və ikinci bir imkan yoxdursa bu müəyyən çətinliyə gətirir. Mütləq ən azı ikinci ehtiyat variant olmalıdır. İnterneti də vaxtında yaradanda onun fəlsəfəsi də belə olub ki, bir yerə hücum olanda alternativdən istifadə edilsin. Bu baxımdan “Starlink”in Azərbaycana internet təchizatı ilə bağlı anlaşma mühüm və əhəmiyyətlidir.
İkinci bir məsələ odur ki, Azərbaycanın bəzi ucqar bölgələrinə genişzolaqlı internetin çəkilməsi üçün dövlət və yaxud özəl təşkilatlar tərəfindən investisiya qoyuluşu effektiv deyil. Təsəvvür edin ki, 20 km aralıda bir yaşayış məntəqəsi var və onu internetlə təmin etmək üçün infrastruktur qurulmalıdır. Bu isə iqtisadi səmərəsizdir. Ona görə də belə yerlərdə “Starlink”in internetindən istifadə əhəmiyyətlidir.
Bu baxımdan bizim işğaldan azad edilən ərazilərimizdə, həmçinin ucqarlarda yerləşən sosial obyektlərin və fərdi evlərin internetlə təmin edilməsi üçün ən sərfəli variant budur”.
Ekspert hesab edir ki, dövlət ucqar ərazilərdə yaşayan vətəndaşların internetlə təmin edilməsi üçün sosial paketlər təqdim edə bilər:
“Hazırda dövlət internet provayderləri “Onlayn Azərbaycan” layihəsi çərçivəsində dövlətin internetin əlçatanlığı ilə bağlı layihəsini həyata keçirirlər. Layihənin əsas icraçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2024-cü ilin axırına qədər ölkənin bütün nöqtələrində internetin əlçatanlığının mümkün olacağını açıq bəyan edib.
Ölkəmizdə elə yerlər var ki, oranın internetlə təmin edilməsi üçün investisiya qoyuluşu sərfəli deyil. Təxminən qarşıda qalan 1 il ərzində öhdəlikləri tam yerinə yetirmək üçün alternativ addımlar atmalıdır. Belə ki, artıq nazirlik bəyan edib ki, genişzolaqlı internetin əlçatan olmadığı ərazilərdə mobil operatorların xidmətlərindən istifadə ediləcək. Bu baxımdan eyni tipli ərazilərdə “Starlink”in internetindən də istifadə mümkündür. Bunun qarşılığında isə dövlət sosial yükü üzərinə götürərək ödənişi nazirlik edə bilər. Bu isə dövlət üçün daha ucuz başa gələr”.
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov da öz növbəsində bu layihənin ölkəmizin ucqar regionlarında internetin əlçatanlığına şərait yaradacağını bildirib:
“Qeyd edim ki, hazırda “Starlink” dünyada ümumilikdə 53 ölkədə aktiv fəaliyyətdədir və istifadəçilərinin sayı 1,5 milyona çatır. Qısa zamanda belə bir nəticəyə nail olmaq şirkətin keyfiyyətli xidmət göstərdiyini deməyə əsas verir. Şirkət hazırda 5 kateqoriya üzrə xidmət göstərir. Biznes, fərdi, dənizdə, mobil və başqaları bura daxildir.
Bu xidmətlərin içərisində ən aşağı qiymət təbii ki, fərdi evlər üçün nəzərdə tutulan xidmətdir. Bu xidmət üzrə qiymət 90 ABŞ dollardan başlayır. Azərbaycan üçün qiymət hələki məlum deyil. Tezliklə bu xidmət üzrə qiymət paketlərinin Azərbaycanda da aktivləşəcəyini düşünürük".
E. Abbasovun sözlərinə görə, “SpaceX” şirkəti ilə bağlanan müqavilənin ölkəmiz üçün əhəmiyyətinə gəlincə onun ən böyük əhəmiyyətinin genişzolaqlı internetin əlçatan olmadığı ərazilərdə, xüsusən də "ağıllı" şəbəkələr qurulan sənayelərdə bu tipli internetdən istifadə effektiv olacaq. Belə sənayelərə subartezianların və su-nasos stansiyalarının quraşdırıldığı ərazilər də daxildir.
"Belə ərazilərə genişzolaqlı internetin çəkilməsi həm bahalıdır, həm də o qədər də effektiv olmaz. Amma “Starlink”in bu xidmətləri investisiya yatırmadan belə həmin ərazilərdə yüksəksürətli interneti əlçatan edir. Nəticədə isə sənayeləşmiş ərazilərdə əməliyyatların və proseslərin avtomatlaşdırılmasına imkan yaranacaq.
Azərbaycanda “Starlink”in aktivləşməsi həm də aqrar sektorun da inkişafına müsbət təsir edəcək. Belə ki, ölkənin müxtəlif regionlarında yaradılan müasir aqroparklar, fermalarda da istifadə edilən avadanlıqların internetə əlçatanlığını təmin etmək üçün də bu xidmətdən istifadə etməyə imkan olacaq.
Hesab edirəm ki, “Space X”ın bu internet xidməti həm də ölkəmizdə startapların inkişafına, bu sahədə tədqiqatların aparılmasına da müsbət təsir edəcək”. (Report)