“Private Facility Management” MMC_(PFM) Azərbaycanda qida və xidmət sahəsində etibarlılığın, sistemli idarəetmənin və innovasiyanın simvoludur.
Fəaliyyətə başladığı gündən “PFM” keyfiyyəti, şəffaflığı və inkişafı əsas dəyərlər kimi qəbul edib. Şirkətin məqsədi sadəcə xidmət göstərmək deyil, hər gün daha yaxşı xidməti sistemli şəkildə təmin etməkdir. Bu gün PFM həm yerli, həm də regional bazarda dayanıqlı böyümə strategiyası və peşəkar komanda ruhu ilə seçilir.
“PFM-in fəlsəfəsi: hər gün daha yaxşı xidmət, güclü sistem və böyümə vizionu”
FED.AZ biznes xəbər portalı "Private Facility Management” MMC-nin İcraçı direktoru Cavid İsgəndərovla olan müsahibəni təqdim edir
- Cavid bəy, bir müddət əvvəl FED.AZ-da sizinlə maraqlı bir müsahibə dərc olunmuşdu. O zaman siz PFM-in rəqəmsal transformasiyanı şirkətin gələcəyini quran əsas prinsip kimi qəbul etdiyini qeyd etmişdiniz. Bu gün, həmin yanaşmadan bir müddət keçdikdən sonra, bu istiqamətdə əldə etdiyiniz nəticələri və yanaşmanı necə qiymətləndirirsiniz?
-Düz qeyd edirsiniz. Biz o dövrdə bu yanaşmanı sadəcə bir layihə kimi deyil, gələcək düşüncə tərzi kimi qəbul etmişdik. Bu gün artıq nəticələrini görürük. Bugünki bazarda uzunmüddətli uğur yalnız sistem, texnologiya və düzgün struktur üzərində mümkündür.
Bizim sahə qida və xidmət sahəsidir, hər gün eyni səviyyədə diqqət və məsuliyyət tələb edir. Bu davamlılığı təmin etmək üçün idarəetmə təsadüfi deyil, sistemli və texnologiya ilə dəstəklənmiş olmalıdır. Çünki texnologiya bizə yalnız rahatlıq yox, həm də nizam, şəffaflıq və davamlı keyfiyyət gətirir.
- PFM-in əsas vizionu nədən ibarətdir?
- Bizim vizionumuz etibarlılıq, sağlamlıq və innovasiyanı bir araya gətirən güclü xidmət ekosistemi qurmaqdır. Keytrinq (catering) sahəsində əsas hədəfimiz sabitliyi qorumaqdır. Bu, bizim üçün sadəcə davamlılıq deyil, keyfiyyətin, peşəkarlığın və müştəri etimadının simvoludur. Hər gün eyni səviyyədə xidmət göstərmək, tədarük zəncirini fasiləsiz işlətmək və hər bir müştərinin etimadını qorumaq bizim üçün prinsip məsələdir.
Təmizlik (cleaning) istiqamətində isə qısa müddətdə mühüm uğurlar əldə etmişik. Bu gün bir çox iri müəssisə bizim tərəfdaşlarımız sırasındadır və bu, PFM-in bazarda qazandığı etimadın, komanda ruhunun və peşəkarlığın real göstəricisidir. Biz gördüyümüz hər işi sadəcə xidmət kimi deyil, məsuliyyət kimi qəbul edirik.
“Biz inanırıq ki, uğurun əsasında güclü komanda dayanır. Hər bir əməkdaşımız bu vizionun bir parçasıdır və PFM- in bu günkü uğuru məhz həmin birlikdən güc alır.”
- PFM-in böyümə strategiyası nəyə əsaslanır?
- Bizim böyümə planımız üç əsas istiqamət üzərində qurulub:
1.Keytrinq və hazır qida məhsullarının istehsalı. Bu sahədə artıq möhkəm bazaya sahibik və payımızı daha da artırmaq niyyətindəyik. Məqsədimiz dövlət və korporativ layihələrdə etibarlı tərəfdaş kimi mövqeyimizi möhkəmləndirməkdir.
2.Təmizlik. Bu sahədə qazandığımız təcrübə bizə daha iri layihələrdə iştirak etmək və xidmət keyfiyyətini yeni səviyyəyə qaldırmaq imkanı verir. Məqsədimiz, hər bir müştəriyə sabit və yüksək keyfiyyətli xidmət təqdim edərək bazarda etibarlı tərəfdaş kimi tanınmaqdır.
3.Ticarət (Trade) və ixrac. PFM Trading xətti ilə artıq yeni müqavilələr imzalamışıq. Hədəfimiz yalnız daxili bazarla kifayətlənməyib, ixrac imkanlarını genişləndirərək PFM markasını regionda tanıtmaq və etibarlı distribusiya tərəfdaşı kimi mövqeyimizi gücləndirməkdir.
- PFM-i 5 il sonra harada görürsünüz?
- Mən PFM-i Azərbaycanın ən etibarlı qida və xidmət brendi, regionda isə tanınan və güvənilən tərəfdaş kimi görürəm.
Keytrinq və təmizlik sahəsində sabit və nüfuzlu tərəfdaş kimi tanınacaq, ticarət və ixrac sahəsində isə güclü distribusiya şəbəkəsi ilə bazarda mövqeyini möhkəmləndirəcək.
Əsas məqsədimiz isə dəyişməz qalır: hansı bazarda fəaliyyət göstərməyimizdən asılı olmayaraq, hər gün bir az daha yaxşı xidmət təqdim etmək və müştərilərimizin etimadını qorumaq.
- Komanda quruculuğu və təlimlərə yanaşmanız necədir? Süni intellekt və şəxsi inkişaf bu prosesdə hansı rolu oynayır?
- Bizim üçün komanda PFM-in ruhudur. Texnologiya sistem yaradır, amma keyfiyyət onu həyata keçirən insanlarla qurulur. Mən hər zaman inanıram ki, şirkətin uğuru onun insan kapitalına verilən dəyərdən asılıdır. Hər bir əməkdaşın bilik və bacarıqlarını artırmaq, liderlik və peşəkar potensialını inkişaf etdirmək bizim prioritetimizdir.
Biz PFM-də xidmət keyfiyyətindən liderlik və komanda bacarıqlarına qədər bütün sahələrdə davamlı təlim proqramları həyata keçiririk. Təlimlər yalnız texniki biliklərlə məhdudlaşmır; həm də işçilərin problem həll etmə, innovativ düşünmə və müştəri yönümlü yanaşma qabiliyyətini gücləndirir. Mən hər bir əməkdaşın öz potensialını maksimum səviyyədə ortaya qoymasına şərait yaratmağa çalışıram.
Süni intellekt əsaslı analizlər və rəqəmsal alətlər bizə prosesləri daha dəqiq izləməyə və strateji qərarları daha effektiv qəbul etməyə imkan verir. Lakin texnologiya heç vaxt insan faktorunun yerini tuta bilməz, sistemlər işimizi asanlaşdırır, amma keyfiyyət və innovasiya onu həyata keçirən komandamızla mümkündür.
- KPI sistemi konkret olaraq sizdə necə tətbiq olunur?
- Bizdə KPI-lar sadəcə ölçü vasitəsi deyil, həm də inkişaf kompasıdır. Hər şöbə öz hədəflərinə görə qiymətləndirilir: mətbəxdə istehsalın sabitliyi, təmizlik sahəsində xidmət keyfiyyəti, ticarətdə isə tədarük çevikliyi əsas göstəricilərdir.
Bu sistem nəticələri şəffaf göstərir və daha rasional qərarların qəbuluna şərait yaradır. Əgər nəticə istənilən səviyyədə deyilsə, bu, tənqid yox, inkişaf üçün fürsətdir. Bizim üçün KPI həm kollektiv məsuliyyətin, həm də komanda ruhunun göstəricisidir.
- Texnoloji tərəfdən son yeniliklər nələrdir?
- Ən böyük addımımız Microsoft Dynamics 365 ERP sisteminin tətbiqi oldu. Artıq beş aydır bu platformanı uğurla istifadə edirik və komandamız hər gün onun imkanlarını daha dərindən öyrənir, təcrübəsini artırır.
ERP bizə maliyyə, anbar, tədarük və istehsal proseslərini bir mərkəzdən idarə etmək imkanı verir. Bu yalnız şəffaflığı artırmır, həm də strateji qərarların daha operativ və dəqiq qəbul edilməsinə şərait yaradır.
Ancaq bu yalnız başlanğıcdır. Texnologiyanı tətbiq etmək bir tərəfdir; onu düzgün mədəniyyət və komandamızın iştirakı ilə işlətmək isə tam başqa səviyyədir. Biz bu istiqamətdə ardıcıl və planlı şəkildə irəliləyirik, hər addımda həm sistemimizi, həm də komanda bacarıqlarımızı gücləndiririk.
- Hər bir sahibkarın yolunda çətinliklər və səhvlər olur. Bu barədə nə deyərdiniz?
- Mən hesab edirəm ki, sahibkarlıq yolunda səhvsiz addım atmaq mümkün deyil. Bizim mədəniyyətimizdə inam böyük dəyərdir, lakin bəzən bu, səhv qərarlara yol açır. Mən də zaman-zaman bəzi insanlara həddindən artıq inanaraq səhvlər etmişəm. “35 yaşımda öyrəndim ki, güvən hər kəsə paylanılacaq qədər ucuz deyilmiş.” Bəzən insanın etibar etdiyi çevrə elə qərarlar verir ki, nəticəsində istəmədiyin öhdəliklər yaranır. Biz də bu mərhələdən keçdik. Amma vacib olan məsuliyyəti qəbul etmək, vəziyyəti düzəltmək və eyni səhvləri təkrarlamamaqdır. Biz bu gün daha diqqətli, daha sistemli və daha şəffaf işləyirik.
Ən əsası isə biz etibar etdiyimiz tərəfdaşlarımızla uzunömürlü əməkdaşlıqlar qurmaq niyyətindəyik. Çünki inanırıq ki, anlayış və güvən varsa, hər bir öhdəliyin öhdəsindən gəlmək mümkündür.
- Cavid bəy, sizi tanıyanlar tez-tez güvən, çalışqanlıq və bazara fərqli baxış qabiliyyətinizi vurğulayırlar. Bu keyfiyyətlər PFM-in hazırkı inkişafında necə əksini tapır?
- Mənim üçün əsas dəyərlər dürüstlük, məqsədyönlülük və ardıcıllıqdır. Bazar şəraiti dəyişə bilər, gözlənilməz vəziyyətlər yarana bilər, amma biz heç vaxt dayanmadıq.
Ən vacib prinsipim üzərimə düşən öhdəlikləri yerinə yetirmək, güvəni qorumaq və irəliləməyə davam etməkdir. Mən inanıram ki, əsl liderlik yalnız rahat dövrlərdə deyil, çətin anlarda özünü göstərir. Eyni zamanda, PFM-də əldə etdiyimiz uğurlar komandamızın səylərini və peşəkarlığını nümayiş etdirir. Hər bir əməkdaşın işinə və inkişafına verdiyim dəyər şirkətin güclü və dayanıqlı olmasının əsasını təşkil edir. Bu gün PFM komandası məhz bu ruhla çalışır və səbir, nizam, iradə ilə daha güclü sabaha doğru irəliləyir.
- Cavid bəy, müsahibəmizi yekunlaşdırmadan öncə, vurğulamaq istədiyiniz xüsusi bir məqam varmı?
- Bəli, bizim üçün xüsusi mənəvi dəyər daşıyan bir məqama toxunmaq istərdim. Cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyi sayəsində əldə olunan Şanlı Qarabağ Zəfərindən sonra doğma torpaqlarımıza qayıdışın bir parçası olmaq və bu gün Ağdam istiqamətində hərəkət edən qatarlarda sərnişinlərə keyfiyyətli, səmimi və dayanıqlı xidmət təqdim etmək bizə böyük qürur verir. Azərbaycan Dövlət Dəmir Yolları ilə uzunmüddətli əməkdaşlığımız çərçivəsində bu istiqamətdə fəaliyyət göstərmək həm etimadın nəticəsi, həm də birlikdə qurduğumuz dəyərin göstəricisidir.
Bu, bizim üçün sadəcə iş deyil; bu, həm qələbəmizin, həm də yenidənqurulan Azərbaycanın inkişaf yolunda fəal iştirakımızın göstəricisidir. Son olaraq, bildirmək istərdim ki, biz Cənab Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi inkişaf və birlik yolunun bir parçasıyıq.
“Hər addımda şəffaflıq, etibarlılıq və komanda ruhu ilə irəliləyirik – Arxayın ol”