Azərbaycan Milli Elmlər Akademiyasına məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-də (YTP) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib.
Bu barədə FED.az-a YTP-dən məlumat verilib.
Əvvəlcə qonaqlar Texnoparkın Strateji Elmi Analitik Sınaq Mərkəzi, Təcrübə-Sənaye Zavodunun hazır məhsul anbarı və İnnovativ Elmi-Texnoloji Layihələrin Sərgi Mərkəzi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan YT Parkın baş direktoru, professor Əbülfəz Babayev açıb.
Azərbaycan dövlətinin ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunda inamla irəlilədiyini deyən baş direktor Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamının da ölkənin iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə hədəflədiyini vurğulayıb. O, Azərbaycan elminin tətbiqi baxımından geniş imkanlar təqdim edən bu mərkəzin ölkə başçısının sənayeləşmə siyasətinin həyata keçirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrası və sənayedə elmin xüsusi çəkisinin artırılmasında AMEA-nın fəal iştirakını təmin edəcəyinə əminliyini ifadə edib.
Professor Ə.Babayev tədbirdə iştirak edən gəncləri Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, xüsusilə tədqiqatçı gənclərin mərkəzin potensialından fəal istifadə etməsinin vacibliyini vurğulayıb, onları gələcəkdə elmin transferinin istehsal sahələrində real tətbiqini tapmasında yaxından iştirak etməyə səsləyib.
Sonra Parkın icraçı direktoru Vasif Abbasov çıxış edərək AMEA-da, o cümlədən Yüksək Texnologiyalar Parkında innovasiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi, elmin kommersiyalaşdırılmasının stimullaşdırılması ilə bağlı əhəmiyyətli işlər görüldüyünü qeyd edib.
V.Abbasov mərkəzin fəaliyyətə başlaması ilə akademiyanın elmi müəssisə və təşkilatlarında əldə olunmuş innovativ perspektivli elmi nailiyyətlərin tətbiqi, eləcə də beynəlxalq elmi-innovativ fəaliyyətin gücləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri, professor Elton Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə bazar iqtisadiyyatının tələblərini qarşılamaq üçün müasir texnologiyaların ölkəmizə gətirilməsi, bu texnologiyaların tətbiqi ilə bağlı aparılan son nəticələrin Azərbaycanın ümumi daxili məhsuluna dəstək verməsi, idxaldan asılılığın azaldılması istiqamətində aparılan uğurlu islahatların öz bəhrəsini verməkdə olduğunu vurğulayıb. Akademik R.Mehdiyevin ölkə başçısının tapşırıq və tövsiyələrinin icrasını təmin etmək üçün YT Parkın inkişafına xüsusi diqqət ayırdığını söyləyib.
Professor E.Məmmədov bildirib ki, ölkədə bir neçə oxşar müəssisə fəaliyyət göstərməsinə baxmayaraq elmtutumlu ilk texnopark olan YT Parkda AMEA-da aparılan işlərin istehsalatda tətbiqi həyata keçirilir.
İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov isə çıxışında YT Parkın AMEA gənclərinin fəaliyyətinin stimullaşdırılmasında önəmli rola malik olduğunu bildirib, Texnoparkda gənclərin öz ideyalarını daha effektiv reallaşdırmaları üçün lazimi şəraitin yaradıldığını vurğulayıb.
Daha sonra Texnoparkın direktor müavini Zahir Nəsibov təqdimatla çıxış edərək Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqinə Texnopark tərəfindən dəstək verildiyini diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə yaradılmış “İnkubator və Texnologiya Transferi Mərkəzi” innovasiyalı texnologiyaların vahid məlumat bazasının yaradılması, bu texnologiyaların kommersiya potensialının qiymətləndirilməsi, innovasiya fəaliyyəti və texnologiyaların transfer məsələləri üzrə elmi-tədqiqat sifarişlərinin elmi-tədqiqat institutuna yönləndirilməsi, o cümlədən innovasiya idarəetmə proseslərinin koordinasiyasını həyata keçirəcək.
Z.Nəsibov mərkəzdə bu proseslərin idarəedilməsi yolları barədə də məlumat verərək bu məqsədlə istifadəyə verilmiş Texnologiya Transferi Sisteminin imkanlarından danışıb. Onun sözlərinə görə, mərkəzin səmərəli fəaliyyəti texnoparkın iqtisadi və intellektual potensialının inkişafına, AMEA-nın büdcədən asılılığının azalmasına və işçilərin sosial rifahı, elm və tədqiqat nəticələrinin iqtisadi və praktik tətbiqinin genişlənməsi, eləcə də innovativ inkişafa özəl investisiyanın cəlb edilməsi və elmin populyarlaşdırılmasına dəstək verəcək.
Tədbirdə AMEA Gənc Alim və Mütəxəsisslər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Akademiyada gənclərin məşğulluğunun artırılması, sahibkarlıq ideyalarının təşkili və onların sahibkarlıqla məşğul olmağa cəlb olunması məqsədilə innovativ düşüncəyə malik, müxtəlif layihələri olan gənclərə hər zaman dəstək göstərildiyini qeyd edib. O, “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin Azərbaycan Gəncləri Günündə fəaliyyətə başlamasını AMEA gəncləri üçün hədiyyə kimi dəyərləndirib, yaradılan imkanlara görə akademiya gəncləri adından AMEA rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə, həmçinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktor müavini, Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov, Gənc Alim və Mütəxəssislər Şurasının Biologiya və Tibb Elmləri Bölməsi üzrə katibi, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova, İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi Roza Şahverdiyeva, eləcə də AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Bünyamin Seyidov çıxış ediblər. Çıxış edənlər “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin elmi təcrübə mübadiləsində böyük imkanlar açacağına əminliklərini ifadə ediblər, innovativ düşüncənin biznesə çevrilməsi prosesində yaxından iştirak edəcəklərini, burada təqdim olunan imkanlardan yararlanacaqlarını vurğulayıblar.