Avtomatlaşdırma və texnoloji tərəqqi nəticəsində növbəti 5 ildə qlobal miqyasda 92 milyon iş yerinin azalacağı, əvəzində isə 170 milyon yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib.
E. Əliyevin sözlərinə görə, Dünya İqtisadi Forumu tərəfindən hər il Davos Forumu ərəfəsində nəşr edilən “Gələcəyin Peşələri” (Future of Jobs) 2025-ci il hesabatına əsasən, texnologiyaların mənimsənilməsi ilə növbəti 5 ildə iş mühitində tələb olunan bacarıqların 39 %-i transformasiyaya məruz qalacaq.
Nazir müavini qeyd edib ki, süni intellekt və rəqəmsallaşma artıq yalnız texnoloji konfransların deyil, gündəlik həyatımızın, iş yerimizin və gələcəyimizin əsas müzakirə mövzusuna çevrilib:
“Mütərəqqi texnologiyalar məhsuldarlığı artırır, təkrarlanan və vaxt aparan prosesləri avtomatlaşdırır. Bunun nəticəsində insanlar daha yaradıcı və strateji işlərə fokuslana bilirlər. Lakin dinamik transformasiyaya adaptasiya hər kəs üçün asan deyil. Texnologiyaların tətbiqi sosial-iqtisadi inkişafı dəyişir, regionlararası rəqəmsal bərabərsizliyi artırır və bir sıra peşələrin tənəzzülünə səbəb olur. Bu səbəbdən texnologiyaların insan həyatına gələcək təsirini ölçmək məqsədilə bir çox qabaqcıl beyin mərkəzləri və texnologiya şirkətləri davamlı tədqiqatlar aparır”.
E. Əliyev, həmçinin məşhur texnoloji mütəxəssis, investor və yazıçı Azeem Azharın “Eksponential: Texnologiyanın sürətli inkişafı bizi necə geridə qoyur və bununla bağlı nə etməli” kitabına istinad edərək bildirib ki, texnologiyanın inkişaf sürəti cəmiyyətin, iqtisadiyyatın və siyasi qərarların sürətindən qat-qat irəlidədir:
“Bu sürətli inkişaf "exponential gap" - texnologiyanın potensialı ilə ictimai strukturların buna cavab vermə qabiliyyəti arasında boşluq yaradır”. (Report)