İnternetin inkişafı ilə əlaqədar olaraq onlayn satış xidmətlərinin sayı daha da artır. Sözügedən satış xidməti məsafə qət etmədən, istənilən əşyanı onlayn şəkildə əldə etməyə imkan verir. Artıq dünyanın hər bir nöqtəsindən milyonlarla insan onlayn alış-veriş xidmətindən istifadə edir. Bəs elektron ticarətin tarixi və onu tənzimləyən qanun haqqında nə bilirik?
FED.az TED.az-ın onlayn satış xidmətləri haqqında araşdrımasını təqdim edir.
Elektron ticarət anlayışı ilk dəfə XX əsrin əvvllərində meydana gəlib. Texnologiyanın inkişaf etməsi, elektron ticarətin əhatə dairəsini daha da genişləndirib. Bu gün ticarət sahəsində sahibkarlıq fəaliyyətinin böyük əksəriyyəti onlayn platformalar əsasında aparılır. Dünya ölkələrinin bir çoxunda bu xidməti tənzimləyən qanunlar mövcuddur. ABŞ, Kanada, Belçika, Niderland Krallığı, Yunanıstan, Estoniya və s. ölkələrdə onlayn satış xidməti ilə məşğul olan şəxslər dövlətə gəlir və mənfəət vergiləri ödəyir.
Azərbaycan da sözügedən ticarət haqqında 2005-ci ildə “Elektron ticarət haqqında” qanun qəbul edib. Qanunda əsasən, onlayn ticarətin təşkili, həyata keçirilməsi və bu sahədə qanunun pozulduğu halda məsuliyyətə cəlb olunmalar öz əksini tapır. Qanuna görə, onlayn satış xidməti sahibkarlıq fəaliyyəti hesab olunaraq, vergiyə cəlb edilir. Elektron ticarətlə məşğul olan şəxslər fəaliyyətə başladığı gündən etibarən, vergi orqanına müraciət edərək, qeydiyyatdan keçməlidir. Qeydiyyata alınma, kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyət vəsiqəsinin sürəti əsasında aparılır. Müraciət, şəxsin özü tərəfindən ya da onun etibarnaməsi olan səlahiyyətli şəxsi tərəfindən vergi orqanına gəlməklə, həmçinin, poçt vasitəsilə həyata keçirilir. Elektron xidmətlər vasitəsilə də vergi qeydiyyatına düşmək mümkündür. Belə ki, elektron imza və “ASAN İmza” əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə qeydiyyatdan keçmək olur. Qeydiyyata alınarkən, ərizədə vergitutmaya uyğun olaraq, sadələşdirilmiş vergi, gəlir vergisi və əlavə dəyər vergisi növü seçilir.
Məsələ ilə bağlı TED.az-a danışan hüquqşünas Anar Ramazanov bildirib ki, elektron ticarətdə vergi sistemi dedikdə əməliyyatın mahiyyətinə baxılır: “Əgər elektron bazar platformasından istifadə edən hüquqi şəxsdirsə, dövlətə gəlir vergisi ödəməlidir. Bununla yanaşı, müvafiq qanuna uyğun olaraq, hüquqi şəxslər xaricdən məhsul gətirib onlayn satış xidməti vasitəsilə satırsa, Gömrük Xidmətinə və Sosial Sığortaya ödənişlər etməlidir. Yəni, hüquqi şəxs gəlir vergisi, Gömrük və Sosil Sığorta pulu, eləcə də yaratdığı onlayn platformanın domeninə görə vergi ödəyir. Fiziki şəxslər isə sayt açıb, onlayn satış xidməti ilə məşğul olduqda, mənfəət vergisini ödəyirlər. Məsələn, bir nəfər sayt açaraq, şəxsi əşyalarını satırsa, o, mənfəət əldə etdiyinə görə, mənfəət vergisi ödəməlidir. Eləcə də, yaratdığı saytın domen pulunu da ödəyir. Bundan əlavə, xaricdən gətirdiyi əşyları satışa qoyduqda əlavə dəyər vergisinə də cəlb edilir”.
A.Ramazanov qeyd etdi ki, onlayn satış xidmətinə görə vergi tətbiqi inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan ölkələrin əksəriyyətində mövcuddur: “Məsafədən ticarət sistemi Ümumdünya Tİcarət Təşkilatının təsnifatında da üç kateqoriyaya bölünür. Məhsulların rəqəmsallaşdırılmış ticarəti, fiziki çatdırılma ilə məhsulların və xidmətlərin onlayn şəkildə ticarəti və xidmətlərin təqdim edilməsi. Vergi sistemi bütün ölkələrdə öz qanunvericiliyinə görə tənzimlənir. Bu sahədə, əsasən, gəlir vergisi ödənilir”.