2017-ci ildə dünyada alış-verişin ödənilməsi və pul köçürülməsi üçün mobil xidmətlərdən istifadə edənlərin sayı 1,6 milyarda çatmışdır. FED.az Azərbaycanın ilk ixtisaslaşmış İKT portalı olan digitalazerbaijan.az-a istinadən xəbər verir ki, bu haqda Juniper Research analitik agentliyinin son araşdırmasında deyilir. Araşdırmada bu bazarın liderlərinin adları aşağıdakılardan ibarətdir:
- PayPal
- Alipay
- WeChat Pay
Adları sadalanan xidmətlərin hər birinin payı haqqında məlumat verilmir. Bundan başqa Apple Pay, Samsung Pay və Android Pay kimi xidmətlərin mövqeyi haqqında məlumat verilmir. Qeyd edim ki, sonuncular MDB ölkələrində artıq populyarlaşmağa başlamışdır.
“Juniper Research”ın məlumatına görə mobil cüzdanların yayılmasına baxmayaraq bir çox ölkələrdə bu servis kontaktsız bank kartından fərqli olaraq mağazalarda ödəniş məqsədilə az istifadə edilir. Amma mobil xidmət göstərən operatorlar müxtəlif onlayn və oflayn layihələri həyata keçirməklə bu bazarın tendensiyasından geri qalmamağa çalışırlar. Bir çox ölkələrdə(məsələn Fransada Orange mobil operatoru) operatorlar müştəriyə geniş maliyyə məhsulları təklif etməklə bank xidmətləri təkliflərini kifayət qədər genişləndirmişlər.
İnkişaf etmiş ölkələrdə məhsul və xidmətlərin ödənilməsi məqsədilə geniş yer verilə bilən üsul NFC(Near Field Communication) texnologiyasıdır. Bu texnologiya tranzaksiya zamanı məlumatları yüksək səviyyədə qoruyur və əlavə biometrik avtorizasiya üstünlüyünə malikdir.
Smartfonun kamerası vasitəsilə QR kodun skan edilməsilə həyata keçirilən ödənişlər Afrika və Hindistandan fərqli olaraq inkişaf etmiş ölkələrdə geniş yayılmışdır. Belə ki, bu texnologiyanın tətbiq olunması üçün böyük xərclər tələb olunmur. QR sistemi virus və fişinq hücumlarından zəif mühafizə oluduğundan digər regionlarda az hallarda istifadə edilir. Bu qənaətə Juniper Research hesabatının müəllifi Vindzor Holden(Windsor Holden) gəlmişdir.
Analitiklərin proqnozlarına görə 2019-cu ildə dünyada mobil cüzdandan istifadə edənlərin sayı 2,09 milyarda çatacaqdır. Bu xidmətlərin dövriyyəsi isə 5,4 trilyon dollar təşkil edəcəkdir. Belə ki, bu xərclərin 76%-i çinlilərin payına düşür. Qeyd edim ki, hələ 2016-cı idə Wall Street Journal nəşri analitiklərə istinadən yazdığına görə çinin mobil ödəniş bazarı amerika mobil ödəniş bazarınından 90 dəfədən çoxdur. Hesabatlarda amerikalıların həmin il mobil qurğular vasitəsilə etdikləri ödənişlərin həcmi 112 milyard dollar olmuşdur.
Qeyd edim ki, hələ 2012-ci ildə İDC analitik agentliyinin hesabatında 2017-ci ilə qədər dünya mobil ödəniş bazarı həcminin 1 trilyon dolları keçəcəyi bildirilirdi. Juniperin hesabatı İDC-nin proqnozlarını demək olar ki, doğrultmuşdur. Bütün bunlar NFC texnologiyasına əsaslanan kontaktsız tranzaksiya hesabına əldə edilmişdir. NFC-nin tətbiqinin əsas sferasının mütəxəssislər mobil telefonların köməkliyi ilə kontaktsız ödənişdə görürlər.
Hesabatdan da göründüyü kimi bu gün bütün dünyada NFC texnologiyasının tətbiqi geniş vüsət almışdır. Odur ki, Azərbaycanda bu texnologiyanın tətbiqi məqsədilə normativ təşkiledicilər, başqa sözlə normativ-hüquqi aktlar hazırlanmalıdır. Onun hüquqi statusu müəyyənləşməlidir. Bunun üçün müvafiq qurumlar ləngimədən bu istiqamətdə hərəkətə keçməlidir ki, dünyadakı bu texnoloji inkişafdan geri qalmayaq.