Təkcə saat və şokoladlar ölkəsi? Xeyr. Azərbaycan jurnalistləri ilk dəfə olaraq geoməkan avadanlıqları üzrə dünya lideri – məşhur «Leica geosystems» şirkətində olublar.
İsveçrənin şimalındakı Sankt-Qallen kontonu, yaşıllıqlar içərisindəki kiçik Herbruq qəsəbəsi. «Leica geosystems» şirkəti ilk baxışdan diqqəti cəlb eləməyən, sadə yaşayış binasını xatırladan kompleksdə yerləşir.
Məlumatlı olmayanların ağlına da gəlməz ki, bura nəinki İsveçrə, ümumiyyətlə bütün dünyada mühüm qurğuların buraxıldığı ən qapalı istehal sahələrindən biridir.
«Kameraları söndürək, burada foto və video çəkiliş qadağandır». Şirkətdə 40 ilə yaxın işləmiş, indi isə təqaüddə olan Anton Şneyder (Anton Schneider) müəssisənin sirlərini Azərbaycan jurnalistlərinə göstərməyə bu sözlərlə başlayır.
«Leica geosystems» şirkəti geoməkan məlumatlarının toplanması və emalı üçün avadanlıqları istehsal edən dünya lideri - İsveçin «Hexagon» şirkətinin tərkibindədir.
Burada dünyanın ən müasir geoməkan avadanlıqları və qurğuları və onların emalı üçün kompüter proqramları istehsal edilir.
«EKM Global Consulting»dən Azərbaycan mətbuatına sürpriz
Azərbaycan jurnalistlərinin bu yüksək texnoloji şirkətə səfəri «Hexagon» şirkətinin partnyoru, iş adamı Elşən Musayevin rəhbəri olduğu Almaniyanın «EKM Global Consulting» şirkətinin elan etdiyi, geoməkan məlumatları və «rəqəmsal əkizlər»in tətbiqi imkanlarına həsr olunmuş müsabiqə vasitəsilə mümkün olub. Müsabiqədə qəlib gələn 3 mətbuat orqanının (o cümlədən FED.az-ın) nümayəndəsi şirkətin baş ofisini ziyarət edərək fəaliyyəti ilə tanış olub.
Maraqlıdır ki, bu - «Leica» tarixində ümumiyyətlə jurnalistlərin ilk səfəri idi. Şirkət olduqca mühafizəkardır, öz istehsalını və sirlərini kənar gözlərdən qoruyur.
Bir az tarix - 100 il əvvəl qurulan şirkət
«Leica» bütün dünyada foto kameraları ilə tanınsa da, onun geosistem avadanlıqları 100 illik tarixə malikdir.
Şirkətin əsası 1900-cu illərin əvvəllərində isveçrəli konstruktor Henrix Vild tərəfinən qoyulub. Geodeziya və astronomiya avadanlıqları üzrə mütəxəssis olan Vild 1908-ci ildə uzaqlığı ölçən aparatın hərbi variantını yaratdı və istehsalını təşkil etdi. 1-ci Dünya müharibəsindən sonra isə Henrix Vild Herbruqda dəqiq optik cihazların istehsalına başladı.
Şirkətin ilk avadanlıqları «Leica Geosystems»in muzeyində indi də qorunub saxlanılır.
1900-cu ildə, hələ 1-ci Dünya Müharibəsindən də əvvəl - burada dünyanın ilk mikroskopları və geodeziya avadanlıqları buraxılırdı. Müəssisəni yaradanların qeydiyyat kitabı da muzeydə səliqə ilə saxlanılır.
Burada «Wild Heerbrugg»un tarix boyu necə inkişaf etdiyini, daha dəqiqi zamanını necə qabaqladığını izləmək olur.
Şirkət təqribən 50 il sonra – 90-cı ildə məşhur Leica holdinqinin bir hissəsinə çevrildi.
Amma «Wild Heerbrugg»un davamçıları foto nəhənginin kölgəsində itib-batmadı. Geodeziya və geosistem qurğuları dərhal holdinin strateji istiqamətinə çevrildi. Qüsa müddətdə holdinq yenidən quruldu və «Leica Camera AG», «Leica Geosystems AG» və «Leica Microsystems AG» yaradıldı. 2005-ci ildə isə bütün bu şirkətlər İsveçin Hexagon AB texnologiya nəhəngi təəfindən alındı.
Şirkətin tarixində mühüm hadisələrdən biri 1980-ci illərdə baş verib. Həmin vaxtadək yalnız optik aparatlarla işləyən «Leica»nın optik qurğuları elektron avadanlıqla inteqrasiya edib. Nəticədə hazırda şirkətin vizit kartına çevrilmiş məşhur hibrid skanerlər yaranıb.
Dəqiqliyi 1 santemetr olan qurğular
Hazırda «Leica Geosystems» geodeziya ölçmə avadanlıqları, həllərin istehsalı ilə məşğuldur və bu sahədə dünya lideridir.
Buraya onlarla növ ölçmə cihazları, 3D-lazer skanerləri, yüksək dəqiqliyə malik LiDAR (Light Detection&Ranging) hibrid ötürücüləri aiddir. Bu avadanlıqlar vasitəsilə ərazinin dəqiqliyi 1 santimetrə qədər olan dəqiqlikdə görüntülərini əldə etmək mümkündür.Şirkətin istehsal etdiyi «City Mapper-2» qurğusu, hazırda bu sahədə ən müasir avadanlıq ayılır. Onun vasitəsilə ərazilərin yüksək dəqiqliyə malik 3D versiyasını əldə etmək mümkündür.
«Hexagon»un «Şimal ulduzu»
Avropada yüksək texnoloji istehsalla heç kimi təəccübləndirmək mümkün deyil, xüsusilə də saatları ilə məşhur İsveçrə və avtomobilləri etalon sayılan İsveçdə. «Hexagon»da isə İsveçrə səliqəsi ilə Skandinaviya sərtliyi bir-bğirini heyrətamiz dərəcədə tamamlayır.
Şirkətin devizi onun işə münasibətini göstərir: «Bizim Şimal Ulduzumuz, rəhbər prinsipimiz: «İnsanlar və planet yalnız sənaye və biznes çiçəkləndikdə davamlı şəkildə inkişaf edə bilər».
Hazırda «Hexagon»un 50-dən çox ölkədə 20 min əməkdaşı var, bunların 5 mindən çoxu sırf araşdırma ilə məşğul olur və az qala dövlət sirri kimi qorunan 4 mindən artıq aktiv patenti var.
«Biz alıcı axtarmırıq, yalnız əvvəlcədən sifarişlə işləyirik»
Bu patentlər və istehsal sirləri «Leica Geosystems»in yüksək texnoloji sexlərində ciddi qorunur. Burada istehsalın tam tsikli qurulub – ideal təmiz tərkibli alüminium külçələrdən başlanan istehsal, müəssisənin sonunda peyk avadanlıqları kmmi texnoloji avadanlığa çevrilir.
Aparatlar elə burada – əvvəlcə sexdə yaradılan xüsusi mühitdə sınaqdan keçirilir. Daha sonra praktik çəkiliş funksiyalarını yoxlamaq üçün xüsusi avtomobilin üzərində qurulur və müəssisənin ətrafındakı ərazisi skan edilir. Şirkət öz sirlərini elə sərtliklə qoruyur ki, hətta çəkiliş prosesi belə lentə alınmır. Sonda bu avadanlıqlar dünyanın müxtəlif ölkələrində istifadəyə göndərilir.
Qiymətləri olduqca bahadır – 20-30 min avrodan tutmuş 300-500 min avroyadək. «Bu avadanlıqları necə satırsınız» sualına, «Yalnız əvvəlcədən sifarişlə işləyirik» cavabı alınır.
Doğrudan da bütün dünyada bu avadanlıqlara böyük tələbat var –2020-ci ildə «Hexaqon»un satışları 3,5 milyard avronu, 2021-ci ildə isə 4,3 milyardı keçib.
3 ölçülü xəritələr və ya «rəqəmsal əkiz»lər
Bu qurğuların vasitəsilə alınan məkan məlumatları demək olar bütün sahələrdə – kənd təsərrüfatı, infrastruktur, yol tikintisi, enerji, təhlükəsizlik, meliorasiya və s-də istifadə olunur.
Aparılan çəkiliş vasitəsilə ərazinin –qəsəbə və ya şəhərin 3D variantı, və ya «rəqəmsal əkizi» yaradılır:
«Baş verən bütün hadisələr və proseslər – kriminal, nəqliyyat və ya tikinti, fərq eləmir. Hər şey sensorlarla çəkilir, qeydə alınır və xüsusi proqram təminatı ilə rəqəmsal versiyaya çevrilir. Rəqəmsal versiyanı müxtəlif sahələrə tətbiq etmək mümkündür. Nəticədə nəinki mövcud olan, hətta hələlik mövcud olmayan, amma baş vermə ehtimalı olan, ortaya çıxa bilən problemlər də aşkar edilir və onların həlli tapılır. Sonda həmin həll real həyatda tətbiq edilir» -deyə şirkətin satış üzrə vitse-prezidenti Klaus Neyman (Klaus Neumann) geoməkan məlumatlarının və «rəqəmsal əkiz»lərin istifadə imkanlarını jurnalistlərə izah edir.
«Rəqəmsal əkiz» necə yaradılır?
Belə çəkilişlərin aparılması və «rəqəmsal əkiz»in yaradılması böyük prosesdir: çəkilişlər yerdən və havadan - müxtəlif vasitələrlə aparılır. Bu zaman yerdən xüsusi avtomobillər, hətta insanların üzərində daşına bilən lazer skanerləri – LiDAR-lardan, eləcə də aşağı hündürlüklərdən uçan təyyarələrdən istifadə edilir. LiDAR-lar 360 dərəcəlik kameralar və antenalarla təmin edilib, xüsusi proqram təminatı vasitəsilə bu çəkilişlər avtomatik emal edilərək sistemə ötürülür. Eyni proses təyyarədən aparılan çəkilişlərdə də baş verir.
Yeri gəlmişkən, yalnız təyyarədən və ya peykdən alınan çəkilişlərdən fərqli olaraq müxtəlif nöqtələrdən və bucaqlardan aparılan «çarpaz» çəkilişlər ərazi və relyef haqqında daha dəqiq məlumat verir - «rəqəmsal əkiz»in reallığı da buna əsaslanır.
Əldə edilən bütün çəkilişlər vahid bazada birləşdirilərək emal edilir. Onun üzərinə ayrı-ayrı sahəyə aid məlumatlar, məsələn, «Azəriqaz», «Azərişıq», «Azərsu» və başqalarının məlumat bazası əlavə edilir.
Adətən rəqəmsal versiya dövlətin sifarişi ilə yaradılır, alınan məlumat bazası və 3D sistemdən isə bütün təşkilatlar, o cümlədən dövlət qurumları və biznes faydalanır.
Çəkilişlərin köhnəlməməsi üçün onu ənənəvi olaraq 4-5 ildən bir yeniləmək məqsədəuyğundur.
Bəs Azərbaycan bundan necə faydalana bilər?
Maraqlıdır ki, belə modelləşdirmə və «rəqəmsal əkiz»lərin yaradılması Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün daha vacibdir.
Məsələ bundadır ki, inkişaf etmiş ölkələrdə prinsipcə bütün infrastruktur qurulub, iri layihələrin sayı və həcmi daha azdır. Azərbaycanda isə qarşıdakı 20-30, hətta 40-50 il müddətdə böyük miqyaslı tikintilər davam edəcək.
Bura çoxsaylı avtomobil və dəmir yolları, iri su təminatı və kanalizasiya sistemləri, iri suvarma sistemləri, su kanalları, elektrik xətləri aiddir.
Yolun düzgün planlaşdırılması, təhlükəsizliyin təmin edilməsi, kommunal xidmətlər və sair – bütün bunların dəqiq həyata keçirilməsi son nəticədə xərclərə qənaətə imkan verir.
Hazırda ölkədə avtomobil və dəmiryolları, hava limanları tikilir, kənd təsərrüfatına böyük yatırımlar edilir, yeni əkin sahələri yaradılır, onların su təminatı ilə bağlı strategiya hazırlanır, bu işlərə böyük vəsaitlər yatırılır. Həmin layihələrin effektli olması, səmərəli işləməsi və bütün risklərin əvvəlcədən nəzərə alınmsı üçün real və dəqiq geoməkan məlumatları tələb olunur.
«Qarğıdalı sahəsini necə suvarmaq olar?»
«Hexagon» şirkətinin hibrid sensor sistemləri və 3D-kontent üzrə aparıcı mütəxəssisi Uve Baxer (Uwe Bacher) bildirir ki, görüntüləri «rəqəmsal əkizə» çevirmək və bunun üzərində süni intellektin köməyi ilə mümkün problemlərin həllini tapmaq mümkündür.
Məsələn, kənd təsərrüfatında bu çəkilişlərin və 3D modelləşmənin vasitəsilə əkin sahələrinə yarana biləcək riskləri əvvəlcədən pronozlaşdırmaq olar: «Hətta çəkiliş vasitəsilə əkində məhsuldarlığın hansı səviyyədə olacağını da dəqiqləşdirmək, zərərvericilərə qarşı mübarizə yollarını tapmaq olar»-deyə şirkətin mütəxəssisləri 3D modelləşdirmənin tətbiq sahələrini göstərirlər.
Ekspert bu barədə misal çəkərək, bəlkə özü də bilmədən, Azərbaycan üçün ən aktual məsələyə – ərzaq təhlükəsizliyinə toxunur: «Məsələn, bir ərazidə qarğıdalı əkilir. Ona nə qədər su tələb olunur və suyu ən optimal yolla hansı mənbədən təmin etmək olar kimi, həllər tapılır. Beləliklə bu sistem vsitəsilə suyun səmərəli istifadəsi də mümkün olur».
Eyni üsul avtomobil və dəmir yolları, kommunal xidmətlər, işıq, su, qaz təminatına da aiddir. Bu sistemlərin səmərəli, az itki ilə çalışması üçün əvvəlcədən bütün riskləri nəzərə almaq lazımdır.
Qarabağda salınacaq 10 şəhərin «rəqəmsal əkizləri»
Amma söhbət təkcə kənd təsərrüfatı və infrastruktur layihələrindən getmir. Geo məkan məlumatlarının toplanması, 3D modelləşdirmə və rəqəmsal əkizin yaradılması Azərbaycana başqa bir vacib sahədə – işğaldan azad olunan ərazilərin yenidən qurulması üçün də lazımdır.
2 il əvvəl, 44 günlük müharibədə Azərbaycan Ordusu işğal altında olan torpaqları erməni işğalından azad etdi. İlkin araşdırma göstərdi ki, buradakı bütün infrastruktur dağıdılıb və həmin əraziləri faktiki olaraq yenidən qurmaq tələb olunacaq.
İndi ölkənin iqtisadi potensialının və resurslarının böyük hissəsi geri alınmış minlərlə kvadratkilometrlik ərazilərin bərpasına yönəlib.
Qarşıdakı 20 il ərzində ölkədə 10-a yaxın şəhər, yüzlərlə kənd və qəsəbə, minlərlə bina və obyekt, minlərdə kilometr yol və dəmiryolu inşa ediləcək. Müasir dövrdə isə bu proseslər əvvəlcə rəqəmsal əkizin yaradılması ilə başlayır.
«Ağıllı şəhər»lər və «rəqəmsal əkizlər»
Əslində şəhərlərin maketinin hazırlaniması çoxdan başlayıb. Hələ 1980-i illərdə Boston rəhbərliyi şəhəri daha yaxşı idarəetmək üçün onun ağacdan maketini yaratmışdı. Amma bu keçmiş dövrdür – onları «rəqəmsal əkiz»lər əvəz edib.
Şəhərin «rəqəmsal əkizi» (digital twins) – real şəhərin rəqəmsal variantıdır, onu 3D modelləşdirmə və məlumat bazasının köməyi ilə yaradırlar. Burada şəhərdəki bütün infrastruktur və xidmətlər - su, işıq qaz təminatı, yolların yüklənməsi, ekoloji vəziyət və sair, eləcə də baş verən proseslər əksini tapıb.
«Rəqəmsal əkiz» - görünüşünə görə, uşaqların 3D oyunlarındakı şəhərləri xatırladır, amma burada məsələ daha ciddidir. «Rəqəmsal əkiz» şəhərdəki prosesləri real rejimdə təhlil etməyə, virtual sınaqlar aparmağa və lazımi həllər tapmağaimkan verir. Alınan nəticəər müsbət olapnda tətbiq edilir, əks hala imtina olunur.
Şəhərlərin rəqəmsal variantının yaradılması ideyasını ilk dəfə ABŞ-ın Miçiqan universitetinin professoru Maykl Qrivz təklif edib. O vaxtdan belə şəhərlərin sayı sürətlə artır, onlardan biri Sinqapurdur. Burada «rəqəmsal əkiz»in köməyilə ilə hesablanıb ki, ölkənin genişlənməsi və yeni tikiləcək stadion nəqliyyatın hərəkətinə və sərnişin axınına necə təsir göstərəcək.
Hətta elə şəhərlər var ki, özündən əvvəl rəqəmsal versiyası yaradılıb, tikinti sonra başlayıb - Hindistanın Amaravati şəhəri kimi.
Bu üsul, yəni əvvəlcə rəqəsal modelin yaradılması - imkan verir ki, bütün layihə dərhal test edilsin, ortaya çıxacaq prbolemlər aradan qalxsın və yalnız bundan sonra tikintiyə başlanılsın. ABI Research konsaltinq şəirkətinin məlumatına görə, 2025-ci ildə «rəqəmsal əkizi» olan şəhərlərin sayı 500-ü keçəcək.
Azərbaycanda «rəqəmsal əkiz» dövrü artıq başlayıb
Maraqlıdır ki, Azərbaycanda da «rəqəmsal əkiz»lərdən istifadə başlayıb. Bu prosesi ölkədə ilk tətbiq edən qurum «Azərişıq» ASC olub.
2020-ci ilin dekabrında Bakıda «Azərişıq» ASC ilə Almaniyanın «EKM» Global Consulting GMbH şirkəti ilə əməkdaşlıq haqda niyyət sazişi imzalanıb. Müqaviləyə əsasən, ilk dəfə olaraq, «Ağıllı Şəbəkələr» konsepsiyası çərçivəsində elektrik şəbəkələrin elektron idarə edilməsində müasir 3D-mobil xəritə layihəsi həyata keçirilir.
«Azərişıq Qarabağda» layihəsi çərçivəsində ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır. 3D datadan istifadə insan faktorunu aradan qaldırmaqla, səhvlərin və vaxt itkisinin ciddi şəkildə aradan qaldırmağa imkan verir. «Əldə olunan dəqiq və faydalı məlumatlar növbəti emal mərhələsi üçün “Azərişığ”ın Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzinə yönəldilərək, müvafiq sistemlərə inteqrasiya edilir. Bu isə bütün mərhələlərdə məsrəflərin azaldılmasına imkan verir»-deyə «Azərişıq» ASC-nin rəsmiləri yeni sistemin üstünlüklərini qeyd edirlər.
Kənd təsərrüfatı, kosmos və daşınmaz əmlaklar
Azərbaycanda belə sistemin tətbiqi üçün digər mühüm sahələr, yuxarıda qeyd edildiyi kimi, kənd təsərrüfatı və daşınmaz əmlak sektorudur.
«Leica Geosystems»in satış üzrə vitse-prezidenti Klaus Neymanın (Klaus Neumann) bu ilin əvvəlində Bakıya səfəri zamanı Kənd Təsərrüfatı Nazirliyi, «Azərkomos» və Əmlak Məsələləri Dövlət Xidməti ilə görüşlər keçirilib. Ümumiyyətlə, demək olar ki, bütün dövlət qurumlarının mütəmadi olaraq xəritələr və müfəssəl məlumat bazalarına tələbatı yaranır. Bura Kənd Təsərrüfatı Nazirliyindən tutmuş, Ekologiya və Daxili işlər Nazirliyinə, eləcə də kommunal təşkiatlara qədər ən müxtəloif qurumlar daxildir. «Rəqəmsal əkizlər»in də əhəmiyyəti ondadır ki, bir dəfə hazırlanmaqla bütün təşkilatların tələbatını ödəyə bilir.
Doğrudur, Azərbaycanda coğrafi informasiya sistemi üzrə məlumatlar «Azərkosmos» vasitəsilə də toplanır. Amma peykdən olan məlumatın dəqiqliyi lazımi həddə deyil.
Belə ki, peyk çəkilişlərində dəqiqlik 0,3-10 metr, təyyarə çəkilişlərində 3-20 santimetr, Dron çəkilişlərində 0,5-5 santimetr, avtomobil üzərindəki lazer skanerlərilə çəkiləşdə isə dəqqilik 0,1-2 santimetr aralığında dəyişir.
Bir dəfə hazırlanır, bütün qurumlar faydalanır
Adətən dövlət sifarişi ilə hazırlanan bu sistemlər bütün qurumlar üçün açıq olur və onlar sistemdən öz tələbatlarına uyğun faydalanırlar.
«Məumatlar toplandıqdan sonra Azərbaycan üzrə ümumi geo portal yaradılmalı, bütün məlumatlar buraya daxil edilməlidir ki, dövlət qurumu onu öz ehtiyacaı üçün istifadə edə bilsin. Bu sistem yüksək keyfiyyətlə hazırlanmalı, həm də maksimum funksional olmalıdır ki, sonradan müxtəlif məqsədlərlə istifadə oluna bilsin»-deyə «EKM Global Consulting» şirkətinin rəhbəri Elşən Musayev «rəqəmsal əkiz»in istifadə prinsipini izah edir.
Bu variant bir neçə cəhətdən sərfəlidir – əvvəla oxşar sistemi hər qurum üçün ayrıca yaratmaqdansa, bir dəfə qurulan sistem xərcləri azaldır – yəni məlumatların yığılması prosesi bir dəfə baş verir və ondan bütün qurumlar faydalanır. İkincisi, bu məlumatların saxlanması üçün hər quruma ayrıca server tələb olunmur. Bütün baza dövlətə məxsus serverlərdə qorunur.
Bu sistemi idarə etmək və ondan faydalanmaq üçün isə ilk növbədə dövlət təşkilatlarının əməkdaşları üçün treninqlər keçirilməlidir: «Həmin qurumların əməkdaşları üçün treninqlər keçiriləək ki, onlar bu datalardan istifadə edib qurumun ehtiyacları üçün faylana bilsinlər»
Yeri gəlmişkən, sonradan bu datanın vasitəsilə müxtəli biznes modellər yaratmaq olar: «ağıllı kənd», «ağıllı şəhər» və sair.
Ukraynadakı müharibə, ərzaq təhlükəsi və geoməkan «bumu»
«Leica geosystems»lə tanışlıq maraqlı dövrə təsadüf edirdi – Ukraynadakı müharibənin yaratdığı ərzaq panikası və ətraf ölkələrdəki kənd təsərrüfatı bumu, sürətlə yaxınlaşan su qıtlığı təhlükəsi. Azərbaycanda isə bu siyahıya işğaldan azad olunmuş torpaqların dirçəldilməsi işləri də əlavə edilir.
Rəqəmsal geoməkan məlumatlarının vacibliyni bütün dünyada anlayırlar. Son 20 ildə bu avadanlıqlara tələbat 10 dəfəyə yaxın yüksəlib.
Covid-19-in yaratdığı məcburi fasilədən sonra təkcə 2021-ci ildə «Geosystems»in məhsulları və xidmətlərinə tələbat bütün dünyada 20%-ə yaxın artıb.
Nəticədə «Leica»nın avadanlıq və sistem həlləri satışının həcmi 2000-ci ildəki 500 milyon avrodan 2021-ci ildə 4,3 milyard dollara yüksəlib.
Məsələ təkcə, şəhərlərin yenidən qurulmasında deyil. Ukrayna müharibəsi və ona səbəb olan ərazi-sərhəd mövzusu, eləcə də hərbi əməliyyatların gətirdiyi yeni vəziyyət ölkələrin öz sərhədlərinə və ərazilərinə yenidən baxmasına ehtiyac yaradıb. Söhbət təkcə ərzaq təhlükəsizliyindən deyil, həm də ictimai təhlükəsizlik və müdafiə sahəsindən gedir.