Məşhur milyarder Elon Maska məxsus olan "X" sosial şəbəkəsi, funksionallığına görə "Telegram" və "WhatsApp"a rəqib hesab edilən yeni messencerini — XChat-ı təqdim edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni tətbiq öz rəqiblərindən ilk növbədə məxfilik imkanları və süni intellektdən istifadə imkanları ilə fərqlənir.
XChat-ın diqqətçəkən xüsusiyyətlərindən biri qeydiyyat prosesidir. İstifadəçilər telefon nömrələrini daxil etmədən, birbaşa mövcud "X" hesabları vasitəsilə tətbiqə qoşula bilərlər. Başqa sözlə, XChat-a qoşulmaq üçün telefon nömrəsi tələb olunmasa da, «X» sosial şəbəkəsində qeydiyyat məcbur olacaq. Hazırda XChat-tətbiqi yalnız iOS istifadəçiləri App Store-dan yükləyə bilər. Tərtibatçılar Android versiyasının yaxın zamanlarda işə düşəcəyini, lakin bəzi regionlar üçün hələlik əlçatan olmadığını bildiriblər.
XChat özünü bazarın ən gizli messenceri kimi təqdim edib. Şirkət elan edib ki, təhlükəsizlik imkanları elə səviyyədədir ki, mesajları heç X özü də oxuya bilmir. Belə ki, Burada mesajlar ucdan-uca (end-to-end) şifrələnir ki, bu da hətta "X" platformasının rəhbərliyinə belə mesajları oxumağa imkan vermir.
Bundan başqa, messencerdə ekran görüntüsünü çəkmək qadağası var. Məxfi söhbətlər zamanı ekran görüntüsünün (screenshot) alınması sistem tərəfindən bloklanır. Hərçənd bu qadağa elə də əhəmiyyət daşımır, çünki ekran götüntüçünü saxlamaq istəyən şəxs, sadəcə başqa telefonla onun şəklini də çəkə bilər.
XChat-da silinən mesajlar funksiyası da var. İstifadəçilər 5 dəqiqədən sonra avtomatik silinən mesajlar funksiyasından istifadə edə bilərlər.
XChat-ı rəqiblərindən fərqləndirən əsas yenilik xAI tərəfindən hazırlanan «Grok» süni intellektinin istifadəsidir. «Grok» söhbətlər zamanı faktları yoxlaya bilir, istifadəçilərə məlumat əldə etməkdə köməklik göstərir.
Tətbiq istifadəçilərə 500 nəfərə qədər iştirakçı ilə qrup çatı yaratmaq, audio və videozənglər etmək, həmçinin böyük həcmli faylları göndərmək imkanı verir. Ən maraqlısı, şirkət elan edib ki, XChat-messencer tamamilə reklamsızdır, hərçənd bu hal müvəqqəti olacaq.
Ekspertlər hesab edirlər ki, Elon Maskın yeni messenceri ilk növbədə "Telegram"a rəqib olacaq və onun mövqelərini ciddi şəkildə sarsıda bilər.













