Azərbaycanın aparıcı mobil operatoru və ən böyük şirkətlərindən biri «Azercell» 2019-cu ildə daha da böyüyüb, istifadəçilərə göstərdiyi xidmətlərin həcmini və iqtisadi göstəricilərini daha da artırıb.
Eləcə də bax: "Azercell"dən xarixdəki azərbaycanlılara jest - ADAMBAŞINA 50 MANAT VƏ PULSUZ ZƏNG
FED.az məlumat verir ki, sürətlə davam edən texnoloji inkişaf, yüksələn istifadəçi tələbləri və daim dəyişən iqtisadi şərtlər biznes sektoru, xüsusilə də texnoloji sektorda fəaliyyət göstərən şirkətlərin qarşısında yeni çağırışlar yaradıb.
Şirkətlər dəyişikliklərə çevik reaksiya verməli, yeni tələbləri üstünlüyə çevirməyi bacarmalı, eyni zamanda artan müştəri tələbatını ödəyib, məmmuniyyəti yüksək səviyyədə saxlamalıdırlar.
2019-cu ilin nəticələri göstərir ki, «Azercell» bu transformasiyanı həyata keçirə bilib. Şirkət ötən ili mobil rabitə bazarı üçün üstün göstəricilərlə başa vurur – 4,5 milyondan artıq istifadəçi və 49% bazar payı ilə «Azercell» ölkənin mobil kommunikasiya bazarında birincidir.
Aktivləri 1,2 milyard manata yaxınlaşıb
2019-cu ilin nəticələri ilə bağlı hesabata əsasən, son bir ildə «Azercell»in cəmi aktivləri təqribən 131 milyon manat və ya 12,7% artaraq 1 milyard 162,8 milyon manata yüksəlib. Artımın böyük hissəsi - 77 milyon manatı uzunmüddətli aktivlərin payına düşüb.
Bu dövrdə «Azercell»in öhdəlikləri də təqribən 30 milyon manat artaraq 126,9 milyon manata yüksəlib. Başqa sözlə, 2019-cu ildə «Azercell»in aktivlərinin artımı öhdəliklərin artımını 100 milyon manat qabaqlayır.
Şirkət 2019-cu ildə Azərbaycanda telekommunikasiyanın inkişafına 94,5 milyon ABŞ dollarından çox sərmayə yatırıb. Bununla da indiyədək edilən sərmayələrin ümumi məbləği 1 milyard 621 milyon dolları keçir.
100 milyon manatdan artıq mənfəət
«Azercell»in genişlənməsi son nəticədə özünü gəlirlərin və mənfəətin artımında göstərib. Hesabata əsasən, 2019-cu ildə «Azercell»in gəlirləri 435,7 milyon manat təşkil edib. Bu 2018-ci illə müqayisədə 3.4% artıqdır.
Nəticədə 2019-cu ilin sonuna «Azercell»in əməliyyat mənfəəti 129 milyon manat, xalis mənfəəti 101,2 milyon manat təşkil edib.
Artıq uzun illərdir ki, Azərbaycand qeyri-neft sektorunun ən iri vergi ödəyicisi olan «Azercell» ötən il təkcə mənfəət vergisi kimi dövlət büdcəsinə 29,1 milyon manat ödəyib. Şirkətin 2019-cu ildə büdcəyə ödədiyi vergilərin ümumi məbləği isə 112 milyon manata çatıb. Ümumilikdə isə «Azercell» fəaliyyət göstərdiyi 23 il ərzində, vergilər də daxil olmaqla, dövlət büdcəsinə 1 milyard 845 milyon manat ödənişlər edib.
Mobil rabitədə yeni trendlər
Qeyd edək ki, son illər mobil rabitə, ümumiyyətlə kommunikasiya sektoru sadə olmayan dövr keçirməkdədir.
Yalnız danışıq və SMS üçün istifadə edildiyi telefonlardan fərqli olaraq hazırki smartfonlar mobil informasiya mərkəzinə çevrilib. Nəticədə mobil operatorlar sürətlə genişlənən internet xidmətləri bazarında da rəqabət aparmalıdırlar. Belə ki, hazırda «Azercell» abunəçilərinin 60%-ə yaxın hissəsi smartfon istifadəçiləridir.
Belə vəziyyət internet xidmətlərin genişlənməsini, daha sadə desək, biznesin şaxələndirilməsini tələb edir. Şaxələnmə istifadəçilərin və xidmətin həcmini artırmaqla yanaşı, şirkətin bazardakı risklərə daha davamlı olmağa imkan verir.
İnternet trafiki dəfələrlə artıb
Ötən il «Azercell» 4G şəbəkəsinin respublika üzrə coğrafi əhatəsini 366%, əhali əhatəsini isə 120% artırıb.
Paralel olaraq internet xidmətlərinin genişlənməsi üçün yeni internet opsiyalar - xaricə səyahət edənlər üçün çevik – «Aylıq» və «Günlük» Rominq İnternet Paketləri təklif edib, İnternet Paketlərində Whatsapp-da pulsuz yazışma imkanı yaradılıb, eyni zamanda, biznes və sahibkarlar üçün «Biznesim Sosial Şəbəkələr» internet paketləri işə salınıb.
Şəbəkə keyfiyyətinin yüksəldilməsi və xidmətlərin çeşidinin artırılması, internetdən istifadə həcmini də yüksəldib: 2019-cu ildə «Azercell» şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304% artıb.
Maliyyə xidmətlərinə keçid - Yeni mobil ödəniş xidməti
Texnoloji sahədə digər mühüm trend - maliyyə və elektron kommersiya xidmətlərinin sürətlə genişlənməsidir. Azərbaycanda kart istifadəçilərinin sürətli artımı və yeni texniki imkanlar smartfonları ödəniş qurğusuna çevirib. Bu vəziyyət mobil operatorlara rabitə ilə yanaşı, maliyyə xidmətləri göstərmək imkanı da yaradır və «Azercell» bu imkanı vaxtında dəyərləndirib. Şirkətin ilin əvvəlində təqdim etdiyi yeni mobil ödəniş xidməti müştərilərə bank hesabı olmadan da smartfon üzərindən mobil ödənişlər həyata keçirməyə imkan verir. Bunun üçün «Kabinetim» mobil tətbiqini yükləmək kifayətdir.
1 milyard manata yaxın yığılmış mənfəət
2019-cu ilin hesabatı şirkətin maliyyə dayanıqlığının kifayət qədər yüksək olduğunu göstərir. Ötən il ərzində şirkətin cəmi kapitalı 101,2 milyon manat artaraq 934 milyon manatdan 1 milyard 35 milyon manata yüksəlib. Bunun 42 milyon manatı səhmdar kapital, 993 milyon manat isə indiyədək əldə edilmiş bölüşdürülməyən mənfəətdir.
Dövlət sektorunda yüksək korporativ ənənələr
«Azercell»in 2019-cu ilin nəticələri ilə bağlı hesabatında diqqəti çəkən məqam təkcə yüksək iqtisadi göstəricilər deyil, hesabatın operativ şəkildə açıqlanması və şəffalıqdır.
Başqa sözlə, «Azercell»in malik olduğu korporativ ənənələr - şəffaflıq və hesabatlılıq qurumun dövlət şirkətinə çevrilməsindən sonra da davam edir.
Şirkətin prezidenti Vahid Mürsəliyev bildirib ki, «Azercell» bazarda sağlam rəqabətin olmasını istəyən ciddi şirkətdir və indi də öz prinsiplərindən kənara çıxmır: Azercell» Azərbaycanda ən şəffaf biznes vərdişlərini, ən müasir korporativ idarəetmə sistemini tətbiq edən şirkətdir». Təsadüfi deyil ki, «Azercell» öz dövlət şirkətləri arasında illik hesabatını ilk açıqlayan şirkətlərdən oldu.