Azərbaycanın paytaxtı özünün tarixi və əfsanələriylə dolu gözəl məkanlarla zəngindir. Bakıda tarixi min illər olan tarixi abidələr, qalalar, bütöv tarix şəhər, öz dövrünün ruhunu yaşadan nəhəng tikililər və əsl ənət əsəri olan binalar var.
Onların hər biri xüsusi diqqətə və barəsində danışılmağa layiqdir. Amma paytaxtda bir tikilinin yaşı 23 olsa da, öz əzəməti və ölçüləri ilə nənki ölkədə, bütün dünyada məşhurdur.
FED.az bu dəfə Bakının göylərə baş çəkən ilk və əsl göydələninin tarixini təqdim edir.
Bakını bir ovuc içinə sığışdıran bina
Bakının ən hündür zirvəsində şəhəri ovuc içi kimi göstərən nöqtədə ucaldılmış Teleqüllə. Televiziya yayımları üçün inşa edilsə də, bu bina əhali və ölkəmizə gələn turistlər arasında daha çox fırlanan mötəşəm restoranı ilə məşhurdur. Amma çoxları xəbərsizdir ki, Qüllənin tikilməsi müəyyən ziddiyyətli məqamlardan çıxaraq mümkün olub. Fasilələrlə 16 ilə başa gələn Teleqüllə 310 metr hündürlüyündədir. Əslində ilkin layihəyə əsasən bina 316 metr olmalıymış. Lakin hələ də bəlli olmayan səbəblərdən inşa zamanı 6 metr ixtisara düşüb və inşaatçılar 310 metr yüksəkliyi ilə kifayətləniblər. Rəsmi adı «Bakı Televiziya Qülləsi» olan bina Azərbaycan ərazisində ən hündür tikili sayılır və dünyada hündürlüyünə görə 34-cü televiziya qülləsidir. Bizdən sonrakı yerləri Belçika, Hindistan, Avstraliya və s. ölkələrin teleqüllələri gəlir.
Neft buruğundan yayımlanın televiziya
Maraqlıdır ki, 1956-cı ildə Azərbaycan Televiziyası fəaliyyətə başlayanda ölkədə televiziya qülləsi yox idi. Doğrudur, televiziyanın işə düşməsinə hazırlıq məqsədilə hələ 1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanmışdı. Paralel olaraq televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə də qurulurdu. Amma 3 il sonra, yəni 1956-cı ildə televiziya yayımı başlayanda teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə də Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. Həmin qüllə vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün idi.
İlk teleqüllə işə düşür...
Azərbaycanın ilk və əsl televiziya qülləsi isə 1957-ci ildə istifadəyə verildi. Hündürlüyü 180 metr olan qurğu televiziya verilişlərini daha geniş əraziyə yaymağa imkan verirdi.
1960-cı ildə Bakı–Ağstafa radiorele xəttinin istismara verilməsi ilə televiziya retranslyasiya stansiyaları Göyçay–Gəncə–Ağstafa məntəqələrində fəaliyyətə başladı. Bunun nəticəsində Azərbaycanın əksər rayon mərkəzlərində və yaşayış yerlərində televiziyaya baxmaq imkanı yarandı. 1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan verdi.
Bakıda «rəngli televizorlar» dövrü gəlir
1962-ci ilin yanvarında Naxçıvanda qurulan kiçik televiziya stansiyasının sayəsində Muxtar Respublikanın da əhalisi televiziya verilişlərini izləyə bildi. 1963-cü il martın 12-də işə düşən Naxçıvan studiyası öz proqramlarını bu stansiyanın vasitəsi ilə yerli əhaliyə nümayiş etdirməyə başladı.
1964-cü il yanvarın 31-də Bakı–Moskva radiorele xəttinin istifadəyə verilməsi ilə Azərbaycan əhalisi Moskvadakı Mərkəzi televiziyanın proqramlarına, «Intervideniye» və «Evrovidenie»nin verilişlərinə baxmaq imkanı əldə etdi. 1973-cü ildə isə televiziyada «mini inqilab» baş verdi - paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlandı.
Yeni qülləyə ehtiyac yarandı...
Azərbaycanda yeni televiziya qülləsinin tikilməsinə ehtiyac 70-ci illərin əvvəllərində hiss olunmağa başlamışdı. Həmin vaxt proqram saatının artırılması, telekommunikasiya sistemində yeni texnologiyanın tətbiq olunması nəticəsində sürətlə yayılan televiziya şəbəkəsinin daha keyfiyyətli və güclü ötürücüyə ehtiyacı vardı. Təqribən 20 il əvvəl tikilmiş və hündürlüyü 180 metrlik Teleqüllə həmin tələbatı ödəyə bilmirdi. Nəticədə 1979-cu ildə Bakıda 310 metrlik yeni teleqüllənin tikintisi qərara alındı.
3 layihədən biri seçildi
Qüllə Kompleksi SSRİ Nazirlər Sovetinin qərarı və Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələşdirilib. Binanın forması və xarıcı görünüşü üzərində bir çox memarlar, mühəndislər baş sındırmalı olub. Lakin sonda, 1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik Yeni Teleqüllənin layihəsi təsdiq edildi. Bu gün böyük zövqlə baxdığımız binanın layihəsini Ümummilli lider təklif olunan 3 layihə içərisindən şəxsən seçib. Binanın təməlini 1980-ci ildə fəaliyyət göstərən Tikinti Nazirliyinin 4 nömrəli Tresti qoydu. Və artıq 1981-ci ildə obyektin tikintisinə başlandı. Qüllənin arxitektoru Sovet İttifaqının ən məşhur arxitektoru Y.N.Sinis idi.
Tikintisi 4 il əvəzinə 17 ilə tamamlandı
Layihə hesablamalarına görə, Teleqüllənin tikinti işləri 1985-ci ildə tamamlanmalı idi. Buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən Yeni Teleqüllənin istismara verilməsi ləngidildi. Bu səbəblər sırasında maliyyə çatışmazlığı və Sovet İttifaqının süqutu da var idi. Tikinti bir də 1993-cü, yəni artıq müstəqillik dövründə başlandı və 1996-ci il iyunun 7-də kompleksin rəsmi açılışı mərasimi keçirildi. Qeyd edək ki, tikinti prosesində 5 podratçı şirkət və 250 nəfərə yaxın işçi çalışıb.
Dənizdən hündürlüyü yarım kilometrə çatır
Dənizdən 136 metr yüksəklikdə yerləşən binanın hündürlüyü 310 metr, ümumi çəkisi isə 40 min tondan çoxdur. Tikilinin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllə Kompleksinin ümumi ərazisi 6 ha-dır. Qüllənin 28 mərtəbəsində 65 otaq fəaliyyət göstərir. Müxtəlif hissələrə açılan pəncərələri milli ornamentimiz olan şəbəkə şəklindədir. Qülləni şəhərin əksər yerindən görmək mümkündür. Qüllənin əzəməti və möhtəşəmliyi bu yerləşmə ilə daha da artır. Havanın qaranlıq vaxtlarında qüllədə quraşdırılmış qeyri-adi işıqlandırma sistemi onun gözəlliyini daha da artırır.
Qülləyə canlı varlıq kimi yanaşırlar
Qeyd edildiyi kimi, Qüllə televiziya verilişlərinin daha keyfiyyətli ötürülməsi məqsədilə tikilib. Çünki siqnal ötürülməsində yüksəkliyin daha hündür olması çox önəmlidir. Köhnə Bakı teleqülləsinin 160 metrlik hündürlüyü isə bu keyfiyyəti təmin edə bilmirdi.
Qüllə mürəkkəb relyefli ərazidə yerləşdiyi üçün müxtəlif peşə sahiblərinə ehtiyac yaranır. Ona görə də burda inşaatçılar, arxitektorlar, geoloqlar və geodezistlər çalışır. Binada çalışanların hamısı zamanın sınağından uğurla çıxan adamlardı. Onların hər biri qülləyə canlı varlıq kimi yanaşır.
75 metrlik bünövrə 9 bal zəlzələyə də davamlıdır
Qüllə təkcə korpusu deyil, çox möhkəm bünövrəsi ilə də seçilir. Bünövrə təqribən 31 metr dərinə gedir, bu 9 mərtəbəli binanın hündürlüyü deməkdir. Bünövrənin dərin olması binanın külək, qasırğa, hətta zəlzələyə davamlı olmasınə təmin edir. Qüllə 9-10 bal zəlzələyə davamlı olaraq inşa edilib.
Gözəlliyi ilə birinci yeri tutub
Bütün bu texniki göstəriciləri ilə bərabər Bakı Televiziya Qülləsi həm də gözəlliyi ilə öyünə bilər. Şərq üslubunu qoruyub saxlayan bina 1997-ci ildə İngiltərədə keçirilən dünya qüllələrinə baxış zamanı birinci yeri tuta bilib. Amma buranı gəzmək asan deyil. Başqa ölkələrin teleqüllələri turistlərin üzünə açıq olsa da, Bakı Teleqülləsi strateji dövlət obyekt olduğu üçün, buraya yalniz əməkdaşların girişinə icazə verilir.
175 metr hündürlükdə nahar
Lakin Teleqüllənin dillər əzbəri olan restoranının qapiları hər kəsin üzünə açıqdır. 27-ci mərtəbədə yerləşən restoran 175 metr hündürlükdən şəhərin mənzərəsini qarşında canlandırır. Restoranın ümumi sahəsi 330 kvadrat metrdir. Fırlanan döşəməsi 1 saata 1 dövrə vurur. Dövr etdiyi zamanda isə paytaxtı müxtəlif istiqamətlərdən seyr etmək mümkündür. Restorana binada fəaliyyət göstərən 2 liftlə qalxmaq olur. Qüllə açılan gündən etibarən istifadəyə verilən Yaponiya istehsalı olan liftlər daha sonra Türkiyə istehsalı olan daha yüngül və gözəl liftlərlə əvəzlənib. Əvvəlkiləri 10 tros qaldırırdısa, yenilərini təhlükəsizlik baxımından ondan geri qalmayan 4 tros hərəkət etdirir. Qeyd edək ki, 87 metr uzunluğunda piyada keçidi ilə liftlərə yaxınlaşmaq olur.
Sonuncu – 28-ci mərtəbə acıq meydana açılır. Burda çıxan hər kəsin atmosfer təzyiqindən az qala qulaqları tutulur.
Rəqəmsal yayım, peyk şəbəkəsi və teleqüllə
Teleqüllənin işə düşməsindən cəmi 28 il keçməsinə baxmayaraq bu qısa müddət ərzində texnologiya və televiziya yayımında böyük dəyişikliklər baş verib. 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropada daha keyfiyyətli yayımı başlandı. Bu məqsədlə «Teleradio» İB-nin mütəxəssisləri teleqüllədə yeni rəqəmsal TV-Up-link stansiyası quraşdırdılar. İndi Azərbaycan Televiziyasının verilişləri həmin stansiyadan Avropaya «Hot Bird» və «SESAT», Şimali Amerikaya «Galaxy 25», Asiyaya «Turksat 1C» peykləri vasitəsilə yayılır. 2016-cı ildən isə ölkənin bütün ərazisində rəqəmsal televiziya yayımı aparılır.