Ölkənin lider mobil operatoru tərəfindən keçirilmiş günümüzün ən aktual məsələlərindən birinə həsr olunmuş “Təhlükəsizlik həftəsi”nə bir nəzər.
IV sənaye inqilabının baş verdiyi bir dövrdə dünya ölkələrinin texnoloji inkişafının sürətlənməsi müəyyən sahələrdə həllərlə yanaşı, təhlükələrin də artmasına səbəb olur. Xüsusən də, təbii resursların azaldığı və onların idarəçiliyinin əldə saxlanması üçün aparılan mübarizələr bir çox hallarda böhranlara gətirib çıxarır.
Azercell müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha - TƏSDİQ ETDİ
Son zamanlar belə böhranların əhatə dairəsi də genişlənməkdədir və fövqəladə vəziyyətlər, terror hücumları ilə yanaşı, kiberhücumlar da əsas təhdidlərdən birinə çevrilib.
Vətən müharibəsi vaxtı artan həm hərbi, həm də kibertəhdidlərin dəf edilməsi və Azərbaycanın şanlı qələbəsi bir daha sübut etdi ki, ölkədə böhran vəziyyəti ilə bağlı məsələlərə xüsusi həssasıqla yanaşılır.
Amma Azərbaycana qarşı mina təhlükəsi, ekoloji terrorun həyata keçirilməsi, kiberhücumların artması təhlükəsizlik tədbirlərinin davamlı olmasını şərtləndirir. Böhran vəziyyətlərinin idarə edilməsində dövlətlə yanaşı, vətəndaşların, özəl sektorun da üzərinə böyük vəzifə düşür.
FED.az xəbər verir ki, “Azercell Telekom” MMC-nin Təhlükəsizlik departamenti, Biznes Təhlükəsizliyi şöbəsinin rəhbəri Anar Mirzəyev Böhran Hallarının İdarə Edilməsi, Kibertəhlükəsizlik, Mülki Müdafiə və Biznesin Davamlılığının İdarə Edilməsi sahələri ilə bağlı təmsil etdiyi şirkətin təcrübəsi və gələcək planları ilə bölüşüb.
- Anar müəllim, böhran vəziyyəti anlamını necə izah edərdiniz və Azercell belə vəziyyətlərə hazırlıq üçün hansı tədbirləri həyata keçirir?
- Dünyadakı hazırkı vəziyyətə nəzər yetirsək, təəssüflə qeyd etməliyəm ki, böhranlar bir-birini əvəz edir. Bura pandemiya və onun yaratdığı real vəziyyət, davam edən müharibələr və təhdidlər daxildir. İnsanlar belə vəziyyətin heç vaxt bitməyəcəyi fikirləri ilə özlərini həm mənəvi, həm də fiziki cəhətdən yorur.
Bir çox qlobal şirkətlər kimi Azercell də coğrafiyamızda baş verən münaqişələri, təhdidləri və təhlükəsizlik məsələlərini diqqət mərkəzində saxlayır. Hesab edirik ki, böhran halı ilə mübarizədə ən düzgün yanaşma ən yaxşı ehtimalı düşünüb, ən pisi üçün plan qurmaqdır.
- Böhran hallarına hazırlıq testləri hansı formada həyata keçirilir?
- Şirkətimizdə Böhran İdarəetmə Qrupu fəaliyyət göstərir və Böhran Hallarının İdarə Edilməsi planına uyğun olaraq real zamanda Biznesin Davamlılığı Testləri həyata keçirilir.
Azercell-in Təhlükəsizlik Departamentinin struktur bölmələri müvafiq olaraq vacib qabaqlayıcı tədbirləri həyata keçirir.
Şirkətimizdə Böhran Hallarının İdarə Edilməsi Planı hazırlanıb və hər bir işçi öz fəaliyyətinin nədən ibarət olduğunu aydın şəkildə anlayır. Azercell-də mövcud təhlükəsizlik planlarına uyğun olaraq, Biznesin Davamlılığı testləri ilə yanaşı, şirkət əməkdaşlarının və rəhbər heyətinin təlim məşq toplanışı da həyata keçirilir.
Bu işdə bizə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsi dəstək göstərir. Bu yaxınlarda Baş İdarə ilə birgə rəhbər heyətin də qatıldığı təlim proqramı həyata keçirilib və Fövqəladə Hallar Nazirliyi nümayəndələri bu tədbirləri yüksək qiymətləndirib.
- Qeyd etdiyiniz testlər nədən ibarətdir?
- Qaydalara uyğun olaraq Azercell-in mülki müdafiə rəhbəri şirkət prezidenti sayılır və biz Təhlükəsizlik departamenti olaraq bu prosesi xüsusi yaradılmış Qərargahdan idarə edirik.
Fövqəladə vəziyyətlərdə biznesin idarə edilməsi üçün Bakı şəhərində alternativ məkanın olması uyğun sayılmır. Bunu nəzərə alaraq biz ölkənin müxtəlif şəhərlərində coğrafi alternativ məkanlar yaratmışıq. Plana uyğun olaraq rəhbər və texniki heyət dərhal ayrı-ayrılıqda coğrafi alternativ məkanlarda olan Böhran Hallarının İdarə Olunması Mərkəzinə yollanır və bütün qərarlar məhz həmin mərkəzdən verilir.
Eyni zamanda, planın icrası prosesinin necə keçməsi, bizim üstün və zəif olduğumuz məqamlarla bağlı analizlər aparılır və nəticədə hesabat hazırlanır.
- Vətən müharibəsinin gedişatı boyu mobil rabitə təminatçısı kimi Azercell-in fəaliyyəti danılmazdır. Məhz bu dövrdə departamentinizin fəaliyyət istiqaməti üzrə hansı işlər həyata keçirilib?
Vətən müharibəsində texniki işçilərimiz ordumuzla birgə addımlayaraq şəbəkəmizin qurulmasında çox vacib rol oynayıblar. Həmçinin döyüş gedən istiqamətlərdə şəbəkənin dayanıqlılığını təmin etmək üçün alternativ mobil stansiyalar təmin olunub və böhran vəziyyətlərinə hazırlıq planları tətbiq olunub.
- Həmvətənlərimizin ən çox əziyyət çəkdiyi təhdidlər sırasında “Mina terroru” da var. Təhlükəsizlik mütəxəssisi olaraq insanlara bu sahədə hansı tövsiyələrinizi verərdiniz?
- Siz çox maraqlı və əhəmiyyətli məsələyə toxundunuz. Bir Azercell-li kimi bizim üçün hər şeydən öncə ölkəmizin milli maraqları dayanır. Bu yaxında təşkil etdiyimiz və şirkətimizin tarixində ilk dəfə keçirilən “Təhlükəsizlik Həftəsi” çərçivəsində vebinarlarda insanların müxtəlif mövzularda, həmçinin mina təhlükəsi ilə bağlı suallarını cavablandırdıq.
İnsanlarda minalarla bağlı yanlış təsəvvürlər formalaşıb və belə düşüncənin olmasına səbəb məlumatlılığın zəif olmasıdır. Bu səbəbdən maarifləndirmə tədbirləri davamlı olmalıdır.
Əməkdaşlarımızın tez-tez işğaldan azad edilmiş ərazilərə səfər etdiyini nəzərə alsaq, bu sahədə maariflənmənin bizim üçün çox vacib olduğunu deyə bilərik. Qələbəmizdən sarsılan düşmənin mülki əhaliyə qarşı təxribatlar törətməsinə imkan verməmək üçün ayıq-sayıq olmalıyıq.
- Bəs işçilərin gündəlik həyatda baş verəcək böhran vəziyyətlərinə hazırlıqlı olmaları üçün hər-hansı sosial maarifləndirici tədbirlər həyata keçirilirmi?
Bəli, biz Biznesin Davamlılığı baxımından bundan öncə qeyd etdiyim işləri həyata keçiririk. Hər bir Azercell işçisi böhran vəziyyətlərinə hazırlıqlı olmalı və vacib təhlükəsizlik qaydalarını bilməlidir.
Pandemiya dövründə təlimləri dayandırmamaq üçün, plana uyğun olaraq müharibə şəraiti, mina təhlükəsi, təbii fəlakətlər və terror hücumları ilə bağlı fərqli mövzularda təlim proqramları hazırladıq və video formatda işçilərimizə onlayn şəkildə daxili və xarici platformalarda təqdim etdik.
- Böhran halına səbəb olacaq kiberhücumların aradan qaldırması üçün hansı tədbirlər həyata keçirilir?
- Fövqəladə vəziyyətlər kimi kiberhücumlardan da kimsə sığortalanmayıb. “Azercell Telekom”-un rəsmi vebsaytı, sosial media səhifələri, kritik resursları müxtəlif növ DDoS kiberhücumlarına məruz qalır. Belə hücumlar şəbəkə və xidmətlərinin fəaliyyətində ləngimə və kəsilmə kimi risklər yarada bilər.
Təhlükəsizlik departamentinin Təhlükəsizlik Əməliyyatları Mərkəzinin 7/24 davamlı monitorinq fəaliyyəti nəticəsində bu və digər kiberhücumlar müəyyən edilir və onların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülür. Bütün növ hücumlara proaktiv cavab vermək üçün mühafizə və əməliyyat sistemlərini beynəlxalq standartlara uyğunlaşdırırıq.
- Bir neçə il öncəki kiberhücumlarla hazırkı hücumlar arasında texnika və texnologiya baxımından fərqi varmı?
- İndi neqativ məqsədlərə xidmət edən hücumlar daha ağıllı və intensiv şəkildə həyata keçirilir. Təbii ki, bu hakerlər özlərini daha da təkmilləşdirirlər. Deməli, ona qarşı mübarizə aparanlar da daha ağıllı və uzaqgörən olmalıdırlar.
Vətən müharibəsi dövründə və ondan sonra həm Ermənistandan, həm də digər istiqamətlərdən bizə olan kiberhücumların sayında ciddi fərq var.
- Azercell abunəçilərini dələduzlardan qorumaq üçün hansı addımlar atırsınız?
- 5 milyondan artıq abunəçisi olan mobil operator kimi biz mütəmadi olaraq ictimai maarifləndirmə tədbirləri həyata keçiririk. Belə hallarla bağlı müxtəlif KİV-lərdə və şirkətin rəsmi sosial şəbəkə hesablarında məlumatlar paylaşaraq abunəçilərimizi daha diqqətli olmağa, şəxsi məlumatlarını üçüncü tərərflərlə paylaşmamağa çağırırıq.
- Yaratdığınız Təhlükəsizlik Əməliyyatları Mərkəzinə keyfiyyət standartı almaq, uğurlarınızı daha geniş sahəyə yaymaq üçün yeni addımlar atmaq fikriniz varmı?
- Qeyd edim ki, operatorlar arasında ilk olaraq məhz biz informasiya təhlükəsizliyi ilə bağlı İSO 27001 sertifikatına layiq görülmüşük. Yaratdığımız Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə bağlı biznes tələblərimizin əsas xüsusiyyəti odur ki, nəinki sadəcə korporativ, həmçinin abunəçilərimizin də istifadə etdiyi şəbəkənin təhlükəsizliyini davamlı təmin etməliyik. Müvafiq olaraq bu istiqamətdə müəyyən planlarımız mövcuddur ki, onları da ardıcıl şəkildə həyata keçirəcəyik.
- Sizcə, Biznes və İnformasiya Təhlükəsizliyi baş verə biləcək böhran hallarının qarşısını nə dərəcədə ala bilər?
- Tərəfimizdən şirkətimizdə Biznes Təsir Analizləri aparılmaqla kritik proses və avadanlıqlar müəyyən olunur və risk qiymətləndirmə prosesi icra edilir. Qeyd edim ki, bu proses böhrana dərhal reaksiya vermək, onu operativ aradan qaldırmaq baxımından uğurludur və boşluqları görməyimizə imkan yaradır. Sonda davamlı olaraq ehtiyatların yaradılması planı icra edilir və buda dayanıqlı biznesin əsas şərtlərindən biridir.
İnformasiya Təhlükəsizliyi baxımdan isə risklərinin qabaqcadan müəyyən olunması və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, öz növbəsində, bu istiqamətlərdən böhrana səbəb ola biləcək hadisələrin baş vermə ehtimalını və təsirini ciddi şəkildə azaltmış olur.
Həmçinin məxfiliyin pozulması risklərinə qarşı departamentimiz tərəfindən daimi olaraq məlumat təhlükəsizliyini təmin edəcək tədbirlər həyata keçirilir, bu məlumatların saxlanması və mübadiləsi istiqamətində müxtəlif qoruma mexanizmləri tətbiq edilir.
- Digər şirkətlərə Böhran Hallarının İdarə Edilməsi barədə nə kimi məsləhətləriniz var?
- Böhranı ciddiyə almaq və onun barədə ictimaiyyətin məlumatlandırılmasını gecikdirməmək lazımdır. Əks təqdirdə, bunun ciddi fəsadları yarana bilər. Müştəriyə qarşı səmimi olub səhvləri etiraf etmək və onlarla əlaqəni kəsməmək lazımdır. Böhranı və onun təsirlərinə qarşı şirkət olaraq rəsmi cavabınızı əvvəldən açıq şəkildə sənədləşdirmək məsləhətdir.
- Sonda istərdim sadə vətəndaşlarımızın, müştərilərinizin və bu sahəyə marağı olan fiziki və hüquqi şəxslərə ötürmək istədiyiniz əlavə bilgilərlə də paylaşardınız.
- Hesab edirəm ki, dünyada böhran vəziyyətləri daim olacaq və biz bu zaman “qızıl ortanı” tapmalıyıq. İstənilən şəraitdə insanlar təmkinini itirməməlidir və tələb olunan təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Biliklərimizi təkcə iş yerimizdə deyil, ailə üzvlərimizlə, xüsusən də, övladlarımızla paylaşmalıyıq. Təəssüf ki, bəzən insanlar mütləq bilməli olduğu ən sadə təhlükəsizlik qaydalarından belə xəbərsiz olur. Biz öz əməkdaşlarımıza da təlimlər keçdikdə hər dəfə xahiş edirik ki, həmin bilgiləri ailə üzvləri, yaxınları, dost-tanışları ilə paylaşsınlar.