Ötən ilin noyabrında Azərbaycanda dünyanın ən böyük beynəlxalq tədbiri, BMT-nin iqlim dyişiklikləri konfransı (COP29) keçirilərkən ölkənin biznes sektorunda «kiçik inqilab» baş verdi.
FED.az xəbər verir ki, ölkənin lider mobil operatoru və telekommunikasiya nəhəngi «Azercell» korporativ müştərilər üçün mühüm yeniliyi - elektron sənəd dövriyyəsi xidmətini təqdim etdi.
«Azercell Biznes» tətbiqi vasitəsilə sənədləri kağız əsasında deyil, elektron şəkildə yaratmaq və imzalamaq mümkün oldu.
Beləliklə bu funksiya vasitəsilə korporativ müştərilərin sənədləşmə prosesini daha çevik və rahat - rəqəmsal şəkildə həyata keçirmək imkanı yarandı.
«Azercell Biznes»in bu yeniliyi Azərbaycanın işgüzar aləmində biznes proseslərinin xarakterinin tamamilə dəyişərək yeni səviyyəyə çıxması deməkdir və onun nəticələrini tezliklə bütün ölkə biznesi, o cümlədən kiçik və orta sahibkarlar hiss edəcək.
Bəs elektron sənəd dövriyyəsi nədir və nə üçün vacibdir?
Elektron sənəd dövriyyəsi texnoloji inkişafın həyatımıza, o cümlədən dövlət qurumları və biznesə gətirdiyi yenilikdir. İndiyədək olan kağız sənəddən fərqli olaraq elektron dövriyyədə sənədin elektron variantı dövr edir, sənəd imzalanır, bir anda təsdiqlənir, göndərilir və etibarlı sənəd kimi qəbul edilir.
Elektron sənədi kimə «etibar etmək» olar?
Elektron sənəd dövriyyəsinə qoşulmaq üçün etibarlı partnyor tələb olunur. Dövlət qurumları üçün elektron sənəd operatoru məlumdur – bu «Elektron hökumət» portalıdır.
Özəl şirkətlər, sahibkar və fiziki şəxslərdə seçim daha böyükdür – indi ölkədə özəl sektorun elektron sənəd dövriyyəsi ilə bir çox şirkət məşğul olur. Onların təqdim etdiyi xidmətlər arasında etibarlı və texnoloji cəhətdən təkmil həll tapmaq o qədər də asan deyil.
İndi isə bu prosesə ölkənin lider mobil operatoru - yüksək reputasiyaya və müqayisəyə gəlməz texniki imkanlara malik olan «Azercell» qoşularaq elektron sənəd dövriyyəsi xidmətini təqdim edib.
«Azercell Biznes» biznes proseslərinə qoşulur
Qeyd edək ki, nəhəng təcrübəyə və texnoloji imkanlara malik olmasına baxmayaraq «Azercell» şirkəti biznesə xidmət sektoruna ehtiyatla daxil olub.
Operatorun məxsus olaraq biznes üçün istifadəyə verilmiş «Azercell Biznes» tətbiqi korporativ müştərilərə bir sıra xidmətlər göstərirdi, amma bunlar daha çox mobil və internet rabitəsi, bulud xidmətləri və «İoT həllər»lə məhdudlaşırdı.
İndi isə şirkət öz nəhəng potensialını biznesin ən vacib sahəsinə yönəldib və mobil operatorlar arasında ilk dəfə olaraq elektron sənəd dövriyyəsi xidmətinə başlayıb.
«Azercell Biznes» bu yeniliyə 2 ay əvvəl, ötən ilin noyabrında start versə də, yeni xidmətinin əhəmiyyəti və miqyasları indi məlum olur.
Bəs biznes üçün elektron sənəd dövriyyəsi niyə vacibdir?
İlk növbədə sürət və əlçatanlıq - sürətlə inkişaf edən biznes mühiti getdikcə daha innovativ, sürətli və səmərəli iş üsulları, sürətli qərarvermə prosesi tələb edir. Bu vəziyyətdə kağız sənədlər və onlarla aparılan əməliyyatlar, fiziki imzalama, çatdırılması və sair bu sürəti qarşılamağa imkan vermir.
Elektron sənədlərin isə hazırlanması, göndərilməsi və qəbulu vaxt və resurs itkisinin qarşısını alır, iş proseslərini daha effektiv edir;
İqtisadi baxımdan qənaət və ekoloji təsir
Sadə hesablamalar göstərir ki, Azərbaycanın biznes sektorunda hər il milyonlarla sənəd imzalanır, yüz minlərlə sənəd isə poçt xidməti, kuryer və sair vasitəsilə göndərilir. Bütün bunlar təkcə vaxt yox, həm də biznesin xərclədiyi milyonlarla manat vəsait itkisidir. Elektron sənədləşmə isə xərcləri dəfələrlə azaldılır, eyni zamanda kağızdan istifadə azaldığı üçün ətraf mühitə zərəri aşağı salır.
Elektron imzanı artıq hamı qəbul edir
Uzun illər idi ki, elektron sənədlərin imzalanması və bu imzanın qarşı tərəfin tanıması problem idi, amma son illər bu proses həllini tapıb. Qanunvericiliyə əsasən elektron sənədlər də elektron imza ilə imzalanır, hüquqi standartlara cavab verir, qanunla tanınır.
«Azercell»in rəqəmsal sənəd sistemində isə etibarlığı artırmaq üçün sənədlər təkcə «ASAN imza» ilə deyil, «Sima» elektron imzası ilə də təsdiqlənir. Bu da e-sənədlərə ənənəvi şəkildə imzalanmış sənədlərlə eyni hüquqi status verir.
Sadə desək, elektron sənəd indiyədək öyrəşdiyimiz kağız üzərində imza qədər hüquqi qüvvəyə malikdir. Nəticədə istifadəçilər, sənədləri «Asan imza» və ya «Sima» vasitəsilə olduqları yerdən, hətta xaricdən imzalayıb göndərə bilərlər.
Təhlükəsiz, rahat, əlçatan
Son vaxtlaradək elektron sənədlə bağlı əsas narahatlıq - sənədin itirilməsi və ya başqasının əlinə keçməsi də aradan qalxıb. Məsələ bundadır ki, özəl sektora xidmətlər göstərən digər təşkilatlardan fərqli olaraq «Azercell» uzun illərdir ki, şəxsi və biznes məlumatlarla işləyir, onların qorunub saxlanılması üzrə böyük təcrübəyə malikdir. Beləliklə «Azercell Biznes» tətbiqində elektron sənədlər şifrələnir, mühafizə olunur. Ən əsası, sadə və sistemli şəkildə arxivləşdirilir. Nəticədə bu sənədləri istənilən vaxt tapmaq, izləmək, nə vaxt, kim tərəfindən imzalanıb göndərildiyini və qəbul edildiyini görmək mümkündür.
Bir anda həll olunan biznes proseslər
Azercell-in təqdim etdiyi yenilik sayəsində korporativ müştərilər elektron sənəd dövriyyəsi kimi biznes proseslərini “Azercell Biznes” tətbiqi üzərindən istənilən yerdən — ölkə daxili və xaricdən — asanlıqla və operativ şəkildə həll edə bilərlər.
Ümumiyyətlə elektron sənəd dövriyyəsinə keçid, işin səmərəliliyini 20-25% artırır, onların emalı prosesini 3-4 dəfə azaldır, eyni zamanda sənədlərin saxlanma xərci də təqribən 5 dəfə aşağı düşür.
Beləliklə, elektron sənəd dövriyyəsinə keçid korporativ müştərilərə öz biznes proseslərini optimallaşdırmaq, təhlükəsizliyi artırmaq və resurslara qənaət etmək baxımından yeni imkanlar açır. Sənədlərlə işin təşkili üçün doğru alətlərin və yanaşmaların seçilməsi isə rəqəmsallaşmanın potensialından maksimum faydalanmağa, işi daha səmərəli və eyni zamanda daha rahat təşkil etməyə imkan verir.