Son illər reklamın sürətlə yayılan növlərindən biri də SMS reklamlardır. Hazırda reklam SMS-i almayan insan tapmaqçətindir. Smartfonların populyarlaşması insanları radio və televiziyanın önündən ayırıb, telefonlara və planşetlərə yönəldib. Marketoloqlar da reklamlarını istifadəçilərin qarşısına smartfonlarda çıxarmağı daha effektli hesab edirlər. Şirkətlər mal və məhsulları, həmçinin kampaniyaları barədə məlumatları birbaşa mobil cihazımıza göndərirlər. Məsələnin maraqlı tərəfi isə odur ki, bizim xəbərimiz olmadan mobil nömrələrimiz necə əldə edilir?
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, istehlakçı hüquqları üzrə ekspert, vəkil Roman Qaraşov şəxsi nömrələrin şirkətlər tərəfindən bir neçə üsulla əldə edildiyini bildirir. Məsələn, bəzi sığorta şirkətləri bu cür portfelləri qeyri-rəsmi şəkildə əldə edirlər. Yaxud da əvvəllər bir şirkətdə olan informasiyanı əldə edir və sonra konfidensiallığı pozaraq, bunu başqaları ilə bölüşürlər. Ancaq “Fərdi məlumatların qorunması haqqında” Qanuna əsasən, bu tip məlumatlar razılıq olmadan üçüncü şəxslərlə bölüşülə bilməz. Belə bir narahatlıqla üz-üzə qalan şəxslər müvafiq quruma rəsmi müraciət göndərə bilərlər.
SMS reklamlar istehlakçının hüququnu nə dərəcədə pozur?
Adətən istehlakçıya göndərilən mesajlar birbaşa alışa çağırış xarakterli olur. Ekspert qeyd edir ki, mobil operatorlar bu tipli reklam mesajlarını dayandırmaq yollarını müştərilərdən gizlətmirlər. R.Qaraşovun sözlərinə görə, hüququnun pozulduğunu iddia edən abunəçi SMS-i göndərən şirkəti və ya mesajda reklamı edilən şirkəti mülki qaydada məhkəməyə verib, pozulmuş hüququnu bərpa edə bilər.
Azərbaycanda reklamların qısa mesaj yolu ilə abunəçilərə göndərilməsi ilə bağlı konkret tənzimləmələr yoxdur. “Reklam haqqında” Qanunda kütləvi informasiya vasitələrində, bilbordlarda yayımlanan reklamların hansı formada olması ilə bağlı tələblər öz əksini tapdığı halda, SMS reklamlarla bağlı hər hansı müddəa yoxdur. R.Qaraşov bildirir ki, bütün hallarda insanları narahat edən reklamların göndərilməsi məqsədəuyğun deyil. Bununla bağlı qadağa qanunvericilikdə nəzərdə tutulmalıdır. Bu işlə özbaşına məşğul olanlar, səlahiyyət verilmədən istədiyi kimi reklam fəaliyyəti göstərənlər qanun çərçivəsində məsuliyyətə cəlb olunmalıdırlar.
Aldadıcı reklam
İstər daha əvvəl mövcud olan “Haqsız rəqabət haqqında” Qanunda, istərsə də indi qüvvədə olan Rəqabət Məcəlləsində saxta, yalançı reklamlarla bağlı bənd var. R.Qaraşov vurğulayır ki, bu reklamlar haqsız rəqabətə yol açdığına görə, istehlakçılar məhkəmədə iddia qaldırmaqla yanaşı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edə bilərlər. Ekspertin fikrincə, beynəlxalq təcrübədə bu məsələyə fərqli yanaşmalar mövcuddur. Bəzi ölkələrdə SMS reklamlar tamamilə məhdudlaşdırılır. Bu tip reklamları qanunvericiliklə tənzimləyən ölkələr də var ki, onların təcrübəsindən istifadə oluna bilər.
Diqqət! Fırıldaqçılar kartdakı pulları ələ keçirə bilərlər
SMS reklamlarla bağlı digər bir narahatlıq isə linklərin göndərilməsi və bu linklərə daxil olduqda şəxsi məlumatlarımızın istənilməsdir. Ekspertlər bu mövzuda da həyəcan təbili çalırlar. Güvənilməyən şəxslərə və saytlara şəxsi məlumatlar, o cümlədən pasport və bank kartı məlumatları təqdim edilməməlidir. R.Qaraşov təcrübədə belə hallara geniş rast gəlindiyini vurğulayaraq, çoxsaylı qurbanların olduğunu deyir. Belə kiberhücumlar çox zaman ölkə xaricindən olur. Göndərilən linkə daxil olub kart məlumatlarını yazan şəxslərin hesabı sıfırlanır, üstəlik, məlumatları da oğurlanmış olur. Eskpert belə xoşagəlməz halların yaşanmaması üçün şəxsi məlumatları daxil edərkən ciddi düşünməyin faydalı olduğunu bildirir. Eyni zamanda, reklam mesajlarına dərhal cavab verməmək tövsiyə edilir ("Vergilər Qəzeti").