Bakı sakinləri qarşıdakı üç gün ərzində texnologiyaların nümayişini, dünyadakı “hörümçək torunun” ən ağıllı həllərini, eləcə də, ağıllı texnologiyaların bəzi tətbiqlərini sərgidə görə bilərlər.
Sərgidə nə gördük, hansı təəssüratları aldıq, bunu sizinlə paylaşmaq istərdik.
ELƏCƏ DƏ BAX: Azərbaycan rəqəmsal hökumətə keçir – PLAN HAZIRLANIR
Dünya rəqəmsallaşır və texnologiyalar əvvəlcə nəhəng, bəzən sərgi salonunda böyük bir sahəni tuturdusa, indi kiçilib, ancaq mahiyyəti, məzmunu və xidmət keyfiyyəti yüksəlib.
Ekranlı məkan
“Bakutel-2018”də siz qeyri-adi texnologiyanın, əvvəlki illərdəki kimi robotların nümayişini görməyəcəksiniz. İndi sərgi iştirakçıları bütün xidmət imkanlarını və təqdimetmə resurslarını telefon və kompüter ekranlarına yerləşdirə bilirlər.
Hər yanda monitor və telefon ekranlarının sərgiləndiyi bir ortamda fərqli nə var deyə axtarışda olsanız, çox tez cavab tapmayacaqsınız. Çünki ilk baxışdan fərqli bir informasiya qəbuletmə imkanı çox azdır.
Sizi təəccübləndirəcək və heyrət doğuracaq yeniliklər isə məhz həmin kiçik texnologiyaların içindədir. Bu texnologiyalarla maraqlananlar isə bu dəfə daha çox idi. Hətta İranın böyük bir nümayəndə heyəti də sərgidəki iştirakçılarla bir-bir maraqlanırdı.
Sərgini “Aztelecom”, “Baktelecom”, “Azercell”, “Bakcell”, “Nar” kimi iri şirkətlər əhatə etsə də, biz məhz startapları axtardıq. Çünki ideya üzərində qurulan və gələcəyinə böyük inam olan layihələr bizim üçün daha maraqlı idi.
Bir ildə beş milyon dəyər qazanan ideya
Beləliklə, startaplar arasında bir ildə özünü doğruldan və hazırda bazar qiyməti beş milyon dollar olan BUGLANCE layihəsi diqqətimizi çəkdi. İdeya müəllifi Toğrul Səmədov olan startap hüquqi olaraq Dubayda fəaliyyət göstərir. İşləri həyata keçirən komanda isə Azərbaycanda əyləşir.
Niyə Dubayda?
BUGLANCE şirkətinin meneceri Tələt Qurbanbəyov deyir ki, azad iqtisadi zona kimi Dubayı seçiblər və bu ölkədə investor tapmağın daha asan olduğunu düşünüblər. Elə belə də olub, tezliklə investorlar tapılıb və şirkət təsis edilib. Şirkət proqram təminatlarının testini həyata keçirir və Koreyadan tutmuş Türkiyə və digər ölkələrdən olan müştəriləri var. Hazırda bazar dəyəri isə beş milyon dolların üstündədir.
Poçt qutusunun sirləri açıldı
Yeni ideyalar arasında mobil tətbiqlər üstünlük təşkil edirdi. Bunlardan biri də mobil poçt bələdçisidir. Mobil əlavə poçt xidmətlərinin onlayn versiyasını əhatə edir. Mobil tətbiq “Azərpoçt”un istənilən xidmətinin dəyərini öyrənmək, bütün növ poçt göndərişləri üzrə ölkəsindən və yerindən asılı olaraq, xərcləri hesablamaq imkanı yaradır.
İdeyanın müəllifi ONNEKS şirkətinin rəhbəri Nazim Novruzovun sözlərinə görə, layihənin startap dəyəri 14 min manat olub. Hazırda birinci mərhələsi yekunlaşan layihənin üzərində işlər davam edir və gələcəkdə daha çox funksional olması, seçimlər və xidmətlər paketinin zənginləşdirilməsi planlaşdırılıb.
Rəqiblərini izlə
“Hotel Race” startapı maraqlı bir layihədir və hotel sahiblərinə təklif edilir. Bu platformaya qoşulmaqla hotel marketinq üçün bütün məlumatlara sahib olur. Xüsusən də əsas rəqiblərini izləmək və onun vəziyyətindən asılı olaraq daha yaxşı marketinq siyasəti həyata keçirmək imkanı yaradır. Məsələn, əgər rəqib hotel qiymətləri salıbsa, platforma öz müştərisinə alternativ qiymət də təklif edir.
Startapın nümayəndəsi Ayişə Məmmədovanın sözlərinə görə, platforma rəqiblərin analizlərini tam şəkildə əldə etməyə imkan yaradır. Burada hotel sahibi hansı amillərdə rəqiblərdən üstün olduğunu və ya ona hansı məsələlərdə uduzduğunu tam aydın şəkildə görə bilir. Layihənin startap dəyəri bir milyon manat olub və hazırda Azərbaycanda çalışan 35 hotel bu platformanın xidmətlərindən istifadə edir.
Bizim qiymətlərimiz ən yaxşısıdır
“Hostimul” layihəsinin yaradıcıları da gənclərdir. Şirkət təmsilçisi Fərəh Sadıqova deyir ki, 2017-ci ildən fəaliyyətə başlayıblar və hostinq xidmətləri göstərirlər. Saytların yerləşdirilməsi, domen adlarının qeydiyyatı, VPS və fiziki serverlərin icarəsi xidmətlərini təklif edirlər. Bazis qiymətlər 3 man 52 qəpikdən başlayır və hazırda şirkətin Yaponiya, İtaliya, Fransada belə müştəriləri var.
P.S. Beləliklə, gənclərlə söhbətimizi yekunlaşdırıb İKT sərgi pavilyonunu tərk etdik. Rəqəmsal dünyadan çıxanda isə həyatın necə rəngarəng olduğunu xatırlamaq üçün təbiətin varlığını göstərən Ərzaq və Qida sərgisini xatırladıq: təbiətin nemətləri ilə insan zəkasının məhsulu arasında fərq çox böyükdür!