Kaspersky mütəxəssisləri 2022-ci ildə Azərbaycanda uşaqların ən çox ziyarət etdikləri saytların kateqoriyalarını təhlil ediblər.
FED.az xəbər verir ki, bu məlumatlar 2022-ci il üçün Windows və macOS platformalarının istifadə olunduğu masaüstü kompüterlərdə müxtəlif kateqoriyalı resurslara edilən ziyarətlərin sayına dair Kaspersky Safe Kids-in anonim statistikasına əsaslanır.
Araşdırma zamanı məlum olub ki, ziyarətlərin ən böyük payı “Proqram təminatı, audio və video” kateqoriyası üzrə veb-resurslarda qeydə alınıb (42%). Kateqoriyaya tətbiq mağazaları, fayl mübadiləsi xidmətləri, film və idman axını xidmətləri, musiqi və təlim materialları daxildir.
Poçt xidmətləri, sosial şəbəkələr, çatlar, forumlar və tanışlıq saytlarının daxil olduğu “Şəbəkədə ünsiyyət” kateqoriyası uşaqların 33%-nin marağını daha çox cəlb edib.
“Onlayn mağazalar və banklar” istifadəçilərin ümumi sayının 11%-nin marağına səbəb olub, 8%-i isə həm onlayn oyunlar, həm də bu oyunların müzakirə oluna biləcəyi tematik platformalar, həmçinin tərtibatçı saytlarının daxil olduğu “Kompüter oyunları”-nın payına düşüb. İstifadəçilərin 1%-dən az hissəsi isə “Böyüklər üçün materiallar”-a (18+) maraq göstərib.
Şirkət həmçinin mobil cihazlarda uşaqlar tərəfindən istifadə edilən ən populyar proqramları da təhlil edib.
Bu təhlil Kaspersky Safe Kids-in 2022-ci ildə uşaqların Android cihazlarındakı tətbiqlərdə keçirdikləri saatların sayına dair anonim statistikasına əsaslanır.
Məlum olub ki, mobil cihazlarda uşaqların ən çox daxil olduğu proqramlar Youtube (36%), WhatsApp (19%) və TikTok (14%) proqramlarıdır. Daha sonra Roblox (8%), Instagram (6%) və Brawl Stars (4%) gəlir.
“Təhlillərimizə görə uşaqların üçdə birindən çoxu onlayn ünsiyyətə maraq göstərir ki, bu kateqoriya hətta kompüter oyunlarını və onlayn mağazaları üstələyib. Bir tərəfdən sevinə bilərik ki, gənc nəsil ünsiyyətə böyük diqqət yetirir. Digər tərəfdən, müəyyən riskləri də gözardı etmək olmaz. Axı məhz sosial şəbəkələr və ani messencerlər üzərindən ünsiyyət vasitəsilə təcavüzkarlar uşağın etibarını qazana bilərlər”.
“Təhdidlərdən biri onlayn pedofiliyadır, yəni böyüklərin şəxsi fotoşəkillər, şantaj videoları əldə etmək və hətta real görüş təyin etmək üçün uşaqla etibarlı münasibətlər qurmaq cəhdidir. Bu baxımdan, uşağın sosial şəbəkələrdə özü haqqında nə dərc etdiyini izləmək və onu mümkün təhlükələr barədə xəbərdarlıq etmək son dərəcə vacibdir”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.