İnternet sektoru dövlət, özəl, biznes, media və s. kimi fəaliyyət növlərində idarəçiliyi ələ keçirib. Ölkəmizdə isə ən dinamik inkişaf edəni media sektorudur.
Belə ki, hazırda İnternet media mövcud streotipləri qıraraq ənənəvi medianı sıradan çıxarmağa başlayıb.
İstifadəçilərin İnternetdə keçirdikləri vaxt da artır. İnsanlar demək olar ki, günün əksər vaxtı bu platformalarda olur.
Görəsən, istifadəçilər İnternet mediadan necə faydalanır? Ümumiyyətlə, bu sahə ölkəmizdə hansı istiqamətdə inkişaf edir?
Ölkədə son illər sürətlə inkişaf edən İnternet media ilə bağlı ətraflı araşdırma aparılıb.
We are Social jurnalının 2017-ci ilin fevral statistikasına əsasən Azərbaycanda 80% əhali internetdən yararlanır ki, onların 27%-ini sosial media istifadəçiləri təşkil edir.
İlk olaraq İnternet media istifadəçiləri arasında sorğu etdik:
Bəhruz Məmmədli deyir ki, xəbərləri daha çox internetdən oxuyur:
“Müəyyən saytlar var ki, hər gün onlara daxil olaraq idman xəbərlərini izləyirəm. Bəzən sayt xəbərləri gec açılır. Bu da yəqin saytın yığılmasından, yaxud internetin sürətindən asılıdır”.
Aydan Ağalarova isə sosial medianı məqsədli şəkildə izləyir:
“Sosial şəbəkələrdə qarşıma çıxan siyasi xəbərlər oxuyuram. Bəzən sayta daxil olarkən reklamların həddsiz çox olması narahatlıq yaradır".
Xəlilov Ceyhun Facebook-da qarşılaşdığı maraqlı xəbərləri oxuduğunu deyib:
“Hərdən olur ki, linkdə paylaşılan başlıqlarla, şəkillərlə xəbərin məzmunu üst-üstə düşmür. Hansısa saytda elə hal görəndə növbəti dəfə həmin sayt xəbərlərinə çox da önəm vermirəm”.
İlkin Mütəllimli hesab edir ki, internetdən xəbər oxumaq daha yaxşıdır:
“Çünkü orada xəbər daha tez yayılır və yeniliklər olanda qeyd olunur. Ümumi gündəlik ölkədə vəziyyəti bilmək üçün isə böyük xəbər agentliklərini izləyirəm. Bundan başqa, Twitter- də paylaşılan xəbərləri qarşıma çıxdıqca oxuyuram.”.
Görünür, istifadəçilərin İnternet mediada əsas qarşılaşdığı problemləri linklərdə şəkillərin məzmuna uyğun olmadığı, linklərin gec açılmasıdır.
Saytların yığılması ilə məşğul olan, proqramçı Şöhrət Salmanov problemin səbəblərinə aydınlıq gətirib.
Onun sözlərinə görə, linklərdə göstərilən məlumatların həmin səhifə daxilindəki məlumatlarla eyni olmamasını bir neçə səbəbi var:
“Buna səbəb sayt proqramlaşdırılarkən lazımi kodların əskikliyi, yaxud düzgün yazılmaması ola bilər. Hansı ki, səhifə daxili kontenti paylaşılarkən düzgün göstərilməsi üçün proqramçı meta teqlərini düzgün qeyd etməlidir".
Şöhrət Salmanov bunun sayt rəhbərliyinin yeritdiyi siyasətdən də asılı olduğunu deyib:
"Məsələn proqramçı səhifə paylaşılması üçün lazımı teqləri düzgün qeyd edər, ancaq sayt rəhbərliyi isə ondan başqa cür istifadə etdiyi zaman bu hal baş verir. Məsələn, “İtən dağçılar tapıldı” başlığı: hansı ki, sayt rəhbərliyi şəkil yerinə (meta teqlərə) bizim itən dağçıların şəklini qoyub. Ancaq xəbəri açdığımız zaman bəlli olur ki, sən demə söhbət Rusiyada itən dağçılardan gedirmiş”.
O, saytların gec açılması məsələsini də şərh edib:
"Bu proses saytın yerləşdiyi serverin də rolu böyükdür. Məsələn, bir saytın serveri gün ərzində 100 min istifadəçi qarşılama gücündədirsə və həmin sayta bir gün ərzində qeyd edilən saydan artıq istifadəçi daxil olduğu zaman bu proses nəinki saytda gecikmələrlə, bəzən saytın çökməsi ilə də nəticələnə bilər. Belə hallar bəzən həmin sayta hücumlar zamanı da ola bilər".
Onun sözlərinə görə, bəzən kontent menecerlər saytda həcmi az olan material yükləmək mümkün olduğu halda, həcmi böyük olan materiallar yükləyir:
“Məsələn, 200 kb şəkil əvəzinə 5mb şəkil yükləyirlər. Bu isə istifadəçinin internet sürətindən asılı olaraq saytın yüklənməsini gecikdirə bilər.Belə halların olmaması üçün kontent menecerlərə bu barədə təlim keçirilməsi və lazımi linklərin təqdim edilməsi fayda vardır”.
Azərbaycan İnternet Forumunun rəhbəri, ekspert Osman Gündüz məsələni Xeberler.az-a şərh edərkən deyib ki, artıq xəbər resurslarının sayının durmadan artması ilə kifayət qədər rəngarəng infrastruktur formalaşıb:
"Hazırda müstəqil fəaliyyət göstərən İnternet media ilə yanaşı ənənəvi medianın da xəbər resursları formalaşıb. O cümlədən artıq televiziyada hansısa mövzuların işıqlandırılmasının da mənbəyi İnternet mediada qabardılan mövzulardan başlayır. Eyni zamanda, buraya müəyyən bloklar, İnternet medianın özünə xidmət göstərən agentliklər, SMM şirkətlər, reklam agentlikləri və s. kimi qurumlar daxildir. Bunların sırasında "İnternet medianın fəaliyyətinə nəzarət edən", “İnternet media sektorunun inkişafına dəstək” kimi ictimai qurumlar da fəaliyyət göstərməyə başlayır".
Onun sözlərinə görə, yeni inkişaf modelini yaradan İnternet mediadada sui-istifadə hallarının mövcudluğu da qaçılmazdır:
“Bu, hər hansısa şantaj, kiminsə əleyhinə yönələn məlumatlar, video, səsyazma, şəkillər və s. ola bilər. Bu kimi hallarda həm cəmiyyətin özünü tənzimləmə metodlarından, həm də qanunvericiliyin müvafiq tələblərindən yararlanmağın məqsədəuyğundur”.
Azərbaycanda İnternet medianın inkişafı ilə bağlı Media üzrə ekspert Ələsgər Məmmədli isə fərqli aspektən yanaşaraq vəziyyəti bu cür qiymətləndirib:
"Hazırda ölkəmizdə İnternet azadlığı təhlükə altındadır. 2017-ci ilin fevralında qanuna edilən dəyişiklikdən sonra Azərbaycanda ötən illərlə müqayisədə İnternet medianın inkişafı zəifləyib. Belə ki, hazırda həm hüquqi baxımdan, həm praktik cəhətdən məhdudiyyətlər var. Görəsən, hansısa səbəblərdən dolayı İnternet media resursları istənilən vaxt bloklana bilir?!".
Ekspert İnternet media geniş sferada fəaliyyət göstərməsi üçün kadr bazasının, maddi resurların böyük əhəmiyyət daşıdığını bildirib.
Bir çox hallarda xəbər saytlarında hansısa xəbərlərin yerləşdirilib müəyyən vaxtdan sonra silinməsinin, yaxud hansısa hissənin materialdan çıxarılmasının şahidi oluruq. Bəzən isə belə məqamlarda jurnalistlər işdən qovula, həmin xəbər portallarının fəaliyyəti dayandırıla, müvafiq hipper hücumlara məruz qala bilir.
Ələsgər Məmmədli bu zaman dövlətin hüquqi və fiziki şəxslərin informasiya təhlükəsizliyini təmin etməli olduğunu vurğulayıb:
"Hesab edirəm ki, hüquqi baxımdan tətbiq olunan məhdudiyyətlər Avropa İnsan Hüquqları Konvensiyasının “İfadə azadlığı” aspektindən yanaşsaq, legitim deyil. Ümumilikdə legitim olmayan hüquqi tənzimləmələr, tənzimləmə adı altında gətirilən məhdudiyyətlər qanunvericiliyə “yamaq” kimi görünür. Ona görə də, artıq İnternet azadlığı problemli məsələlər sırasına daxil olub. İlk növbədə qanunvericilik liberallaşmalıdır. Əgər biz doğurdan İnternet istifadəsini təşviq eləmək istəyiriksə, bu istiqamətdə dövlət qurumları onlara olan hücumların qarşısını almalıdır. Ancaq məsələylə bağlı qurum fəaliyyət göstərsə də çox vaxt bu kimi problemlər həmin qurumlar tərəfindən qaynaqlanır".
xeberler.az