Hazırda virtual məkan gündəlik həyatımızın bir parçasına çevrilib. Həm böyüklər, həm də uşaqlar smartfonlar və digər rəqəmsal texnologiyalardan istifadə edir, internet, sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Ona görə də internetin müsbət və mənfi təsirlərini bilmək və uşaqlara internetdən səmərəli və təhlükəsiz istifadə qaydalarını öyrətmək olduqca önəmlidir.
Eləcə də bax: Bakıda “Robot və dronların yürüşü” sərgisi - FOTOLAR
Valideynlər isə övladlarına internetdən səmərəli istifadə etməyi öyrətmək əvəzinə, onların virtual məkanda vaxt keçirməsini məhdudlaşdırmağa çalışır. Aydındır ki, uşaqlara hər zaman nəzarət etmək, onların internetdən necə istifadə etdiyini dəqiq bilmək çətindir. Ona görə, əksəriyyət ölkədə fəaliyyət göstərən internet provayderlərin məhdud və təhlükəsiz internet təklif etməsinin tərəfdarıdır.
Bəs Azərbaycanda, əsasən uşaqlar üçün nəzərdə tutulan “halal internet” varmı?
Bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb. O qeyd edib ki, hökumət bu həssaslığı nəzərə alaraq, son illərdə qanunvericiliyin təkmilləşdirilməsinə çalışır:
“Təhsil müəssisələrində bu problem həll olunub. Orta və ali məktəblərdə, digər təhsil müəssisələrində elektron cihazlara internet bir nöqtədən daxil olur. Həmin nöqtəyə müvafiq süzgəc qoyulub. Qanunvericiliyə uyğun, uşaqlara çatdırılması qadağan edilən informasiyalar həmin cihazlara daxil olmur.
Buna baxmayaraq, internet klublar, evlərdə istifadə olunan fərdi kompüterlər hələ də nəzarətsizdir. Ona görə, valideynlərə kömək məqsədi ilə müvafiq qanunlar, müddəalar hazırlandı. “Kommunikasiya haqqında” qanunda və uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı müddəalarda qeyd olunur ki, internet xidmətlərini təklif edən provayderlər validyenin arzusu ilə ona “halal internet” xidməti göstərməyə borcludurlar. Amma bu qanunun tətbiqi 2020-ci ilə qədər uzadılıb. Güman edirəm ki, yeni qaydaların tətbiqi internet provayderlərin tələb olunan məsələlərlə bağlı hazırlığı üçün uzadılıb. Provayderlər düşünür ki, valideynlərə “halal internet”i necə verək? Azərbaycanda bir neçə internet provayder uşaqlar üçün təhlükəsiz internet təmin edə bilirlər. Onlar əlavə texnologiya və ya müqavilələrin köməyi ilə bunu reallaşdırırlar. Əksər internet təminatçılarında isə bu sistemlər yoxdur”.
Mütəxəssis xatırladıb ki, uşaqları zərərli informasiyalardan qorumaq tək valideynin borcu deyil:
“Müvafiq təşkilatlar, Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ictimai qurumlar və internet provayderlər birlikdə hərəkət edərək, bu istiqamətdə tədbirlər görməlidirlər”.