Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell”in baş sponsorluğu ilə Bakıda ikinci dəfə keçirilən “M360 Eurasia 2024” beynəlxalq konfransında mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri bir araya gəlib.
“Aztelekom”da aparılan transformasiyanın 3 istiqaməti açıqlanıb
FED.az xəbər verir ki, konfransda generativ süni intellekt (Generative AI) və Rəqəmsal DNT (Digital DNA) kimi mövzular ətrafında müzakirə aparılıb.
Tədbirdə, həmçinin sənaye liderləri yeni nəsil şəbəkələr və kibertəhlükəsizlik, rəqəmsal dövrün transformasiya gücü, eləcə də MDB ölkələri və qonşu regionlarda davam edən bu keçidin daha da sürətləndirilməsi yollarından danışılıb. 60-dan çox natiqin çıxış etdiyi tədbirdə ətraf mühit, sosial və idarəetmə prinsipləri gündəmə gətirilib. Bu il Azərbaycanda baş tutacaq COP29 ərəfəsində keçirilən bu konfransda rəqəmsallaşma prosesi və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün tətbiq olunan texnoloji yeniliklər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə “Aztelekom” MMC-nin Baş direktoru vəzifəsini icra edən Tural Pirverdiyev Azərbaycanda fiber-optik internet üzrə görülən işlərlə bağlı təqdimatla çıxış edib.
T.Pirverdiyev “Aztelekom” MMC-nin həyata keçirdiyi infrastruktur layihələri, o cümlədən “Onlayn Azərbaycan” layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda fiber-optik şəbəkənin qurulmasına 2017-ci ildən başlanılsa da, 2021-ci ilə qədər yalnız 230 min ev təsərrüfatı əhatə olunmuşdu.
2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin icra müddətində isə genişzolaqlı internetə çıxış imkanı yaradılan ev təsərrüfatlarının sayı 2,29 milyona çatdırılıb. Tural Pirverdiyev bunun əvvəlki dövrlə müqayisədə 10 dəfə daha çox olduğunu vurğulayıb və 2 ildə Azərbaycanda genişzolaqlı internetin sürətinin 2 dəfə artmasının beynəlxalq hesabatlarda əks olunduğunu deyib.
“Bizim əsas məqsədimiz insan həyatının keyfiyyətinin artırılması üçün bütün ölkə daxilində rəqəmsal imkanlara çıxışı təmin edən genişzolaqlı həllər təqdim etməkdir. Hazırda ölkə ərazisində mövcud ev təsərrüfatlarının 78 faizini əhatə etmişik. Bu ilin sonuna qədər ölkədə mövcud ev təsərrüfatları və biznes subyektləri tam əhatə ediləcək”, – deyə Tural Pirverdiyev məlumat verib.
Qeyd edək ki, “Aztelekom” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatorudur.
Layihə çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması işləri görülür.
Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun əməkdaşlığı sayəsində bu ilin sonuna qədər minimum 35 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. (Azərtac)