Dünya ölkələrində cərəyan edən koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün smart maskaların istehsalı artmaqdadır.
Eləcə də bax: Azərbaycan istehsalı olan tibbi maskalar - NƏ ZAMAN SATIŞA ÇIXARILACAQ?
Azərbaycanlı ixtiraçı Türkel Süleymanlı da bu mübarizəyə qoşularaq elektron maska hazırlayıb.
FED.az xəbər verir ki, bununla bağlı TED.az-a danışan Türkel Süleymanlı bildirib ki, özünün kiçik laboratoriyası var: "Orada müxtəlif ixtiralarım olub. Fevralda, Azərbaycanda bu virus aşkarlanmazdan öncə bütün dünya mediasında koronavirusla bağlı məlumatları mütəmadi olaraq oxuyurdum. İxtiraçı olduğum üçün düşündüm ki, bəlkə də bu sahədə nəsə edə bilərəm. Beləcə, daha çox məlumatlarla tanış oldum".
İxtiraçı qeyd edib ki, insan hüceyrələrin koronavirusu qəbul etməsinə imkan verməməliyik: "Bunun üçün də xüsusi qoruyucu maskalara, yəni elektron maskalara ehtiyac var. Elektron maskaların enerji mənbəyi, müxtəlif hissələri var, çiplə idarə olunur. Bu maska telefon kimi enerji doldurur, həmçinin xüsusi eynəklər də malikdir. Təsəvvür edin, bu gün bütün avadanlıqlar müasirləşsə də, maskalar təkmilləşməyib, ilkin versiyada qalıb. Bu səbəbdən də, bir riyaziyyatçı kimi virusu öldürən mexanizm haqda düşündüm və maskanı ixtira etdim. Artıq patentlik almaq üçün martın 13-də müraciət etmişəm. Lakin hələlik patent almamışam".
Türkel Süleymanlı vurğulayıb, indiki dövrdə ən yaxşı hesab edilən respirator tipli maskalar 10 virusdan 2-ni keçirə bilir: "Bu o deməkdir ki, tək iki güllə yaralanmağa, hətta ölümcül vəziyyətə düşməyə bəs edir. İxtira etdiyim maska isə innovativdir və hələlik ki, dünyada anoloqu yoxdur. Artıq biz onun sınağını da həyata keçirtmişik. Maskanın içindəki metal membrananın strukturunu elə düşündüm, hazırladım ki, artıq virusun orqanizmə keçmə şansı sıfıra bərabərdir. Bu maskalara virus yalnız ölü vəziyyətdə keçə bilər. Bundan başqa, elektron maska həmçinin immunitetin aşağı düşməsinin qarşısını da almış olacaq".
Maskaların qiyməti ilə bağlı sualı cavablandıran T. Süleymanlı sadəcə olaraq ixtiraçı olduğunu bildirib ki, maskanın qiyməti haqda danışmaq bir qədər çətindir: "Düşünürəm ki, bu maskanın sadə variantı 30 manat, xüsusi tibb işçiləri üçün təkmilləşdirilmiş variantı isə bir qədər də baha, 50 manat civarında olacaq. Maskanı geniş kütlənin istifadəsinə verməklə onların işə çıxmasını da təmin etmək mümkün olacaq. Elektronik vasitələri olduğu üçün bu maskalar digərlərindən baha olacaq. Amma bununla belə qeyd edim ki, maskalar bir dəfə istifadə üçün nəzər tutulmayıb. Təsəvvür edin ki, adi maskalar iki saat istifadə üçün nəzərdə tutulub və hazırkı şəraitdə isə bu gündəlik olaraq nə qədər maskanın alınması deməkdir. Lakin bu maskanı heç olmasa bir mövsüm istifadə etmək mümkündür. Maskanın qısa müddətdə istehsalı üçün xüsusi zavod və fabrik tikməyə ehtiyac yoxdur. Xüsusi ixtisaslı müəssisələrdə də bu işi həyata keçirtmək mümkündür. Maskanın qısa müddətdə istehsalına zərurət var. Çünki, qarşıda yenə payız, qış var. Bundan başqa, qeyd edim ki, hər adam peyvəndə üstünlük vermir. Bu gün bütün dünyada deyirlər ki, həkimlər qəhrəmandır. Amma bu o demək deyil ki, həkim şəhid olmalıdır. O yazıq müalicəsini bitirdikdən sonra evinə getməlidir. Həkimləri əsgər kimi göndərsək ki, get şəhid ol, bəs ondan sonra xəstələrə kim baxacaq?".
Qeyd edək ki, həmyerlimizin elektron maska ixtirası xarici telekanallarda da yayımlanıb.