“Mingəçevir Yüksək Texnologiyalar və Pirallahı Yüksək Texnologiyalar Parklarında rezidentlik almış istənilən yerli və xarici sahibkar 7 il ərzində vergi mükəlləfiyyətinə sahib olur”.
“Bildiyiniz kimi ötən il Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İKT Fondu və Yüksək Texnologiyalar Parkı birləşdirilərək İnnovasiyalar Agentliyi yaradıldı. Agentliyin nizamnaməsində bir neçə istiqamətdə startaplara, yerli ixtiraçılara, ümumiyyətlə, ekosistemə dəstək göstərmək üçün bir neçə maliyyə mandatları var. Bunlar kiçik və orta sahibkarlara iki mərhələdə qrantların verilməsi, müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsi və birbaşa investisiyaların yatırılmasını nəzərdə tutur. Həmçinin NRYTN-nin tərkibində Mingəçevir Yüksək Texnologiyalar və Pirallahı Yüksək Texnologiyalar Parkı var. Artıq onların operatoru da İnnovasiyalar Agentliyidir. Buradan rezidentlik almış istənilən yerli və xarici sahibkar 7 il ərzində vergi mükəlləfiyyətinə sahib olur. Sahibkar vergi və gömrük güzəştlərindən istifadə edərək yüksək texnoloji əsaslı istehsal yığım biznesi ilə məşqul ola bilərlər”.
FED.az xəbər verir ki, bunu İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli İctimai Televiziyaya müsahibəsi zamanı deyib.
Eləcə də bax: İsveçrə şirkətləri Azərbaycana - SƏRMAYƏ YATIRACAQ
T.Kərimli bildirib ki, bu gün agentliyə bir sıra xarici və yerli şirkətlər rezidentlik üçün müraciət edib: “Yaxın zamanlarda yenilənmiş qrant və yatrım qaydalarını ictimaiyyətə elan edəcəyik. Bundan sonra isə agentlik ekosistemə tam maddi yardım göstərməyə başlayacaq. Bəzi layihələr var ki, dövlət onlara sərmayə yatıra bilər. Bəzi layihələrdə isə biz sadəcə startaplara və ya sahibkarlara rezidnetlik verə bilərik və bura heç bir sərmayə yatıra bilmərik. Ümumilikdə məqsədimiz pay sahibi olmaq deyil, makroiqtisadi miqyasda ölkədə yeni iş yerləri açacaq, yeni dəyər və məhsul yaradacaq şirkətlərə dəstək göstərməkdir. Qeyd edim ki, biz yalnız yerli sahibkarları deyil, əcnəbi sərmayəçiləri də Azərbaycana yatırıma təşviq edib onlarla iş aparırıq. Agentlik yarandıqda biz prioritet məsələləri müəyyən etdik. Bu gün dünyada qlobal trendlər var. Bunlar süni intellekt, blokçeyn texnologiyaları, əşyaların interneti, maliyyə texnologiyaları, startaplar və s. Texnologiyaların sərhədi yoxdur. Qloballaşan dünyada istənilən startap müəllifi istənilən ölkəyə gedib onun ekosistemində fəaliyyətə başlayır. Bununla bağlı biz müvafiq tədbirlər görürük. Yeni qanunvericilik təşəbbüsü ilə çıxış edirik. Bir neçə vençur fondlar haqqında qanun layihəsi üzərində işlər gedir. Qonşu ölkələrdə bu işin təcrübəsini də araşdırırıq”.
“Audit keçirməkdə məqsədimiz qurumlarda hansı yerli startapın olduğunu, ixtiraçıların hansı yeni həlləri tətbiq edə biləcəklərini müəyyənləşdirib dövlət təşkilatlarına tövsiyə etməkdir”.
Agentliyin sədri vurğulayıb ki, innovasiyanın ən vacib elementlərindən biri onun miqyaslanmasıdır: “Məhəlli innovasiya çox az halda uğur qazanır. İnnovasiyaların miqyaslanmasında isə ən birinci şərt innovativ həllin, məhsulun ilk olaraq yarandığı bazarda tətbiq olunmasıdır. Burada ən böyük maneələrdən biri isə stereotiplərin olmasıdır. Sahibkar heç bir zaman risk sifarişini yeni yaranmış startapa etibar etmək istəmir. Dövlət Agentliyi olaraq, biz startaplara müvəkkillik edərək, dövlət və özəl qurumlar tərəfindən onların məhusllarının kommersiyalaşdırılmasında köməklik göstəririk. Bildiyiniz kimi bu il İnnovasiyalar Agentliyi innovativ audit keçirdi. Audit sözü ümumilikdə yoxlama ilə assosasiya olunur və təəssüf ki, bəzi hallarda neqativ qəbul olunur. Əslində, bu audit məsləhət xarakterlidir. Bizim məqsədimiz qurumlarda hansı yerli startapın olduğunu, ixtiraçıların hansı yeni həlləri tətbiq edə biləcəklərini müəyyən edib dövlət təşkilatlarına tövsiyə etməkdir. Bizdə bir neçə startaplar var ki, onlar texnoloji üstünlüyümüzü təmin etmək və qorumaq üçün müəyyən tədqiqatlar aparırlar, bəzi məhsulların sınaqlarını keçrirlər. Kənd Təsərrüfatı və aqrar sektor bizim üçün prioritet sahələrdən biridir. Bu yaxınlarda bir startapımız öz şirkətinin payının 50%-ni Danimarkaya satdı. Maliyyə texnologiyaları ilə bağlı satrtaplar var. Bir startapımız Amerikada vençur fonddan 10 milyon dollara qədər sərmayə cəlb edə bildi və orada blokçeyn istiqamətində çox ciddi bir layihə ilə irəliləyiş edir. Biz innovasiyalar auditini aparmaqla innovativ həllərin tətbiqini ilk olaraq yerli qurumlarda kommersiyalaşdırmaq və təşviq etmək istəyirik”.
TED