Sosial şəbəkə internet üzərindən müxtəlif sosial subyektlərin bir araya gətirildiyi və aralarında sosial kommunikasiyanın reallaşdırıldığı bir qrupdur. Günümüzdə sosial şəbəkə deyərkən ilk olaraq ağıla “Facebook”, “Twitter” kimi çoxşaxəli tətbiqlərdən ibarət sosial media vasitələri gəlir. Lakin nəzərə almaq lazımdır ki, ayrı-ayrı internet forumlar, “chat” saytları və digər bu kimi internet vasitələri də sosial şəbəkə hesab olunur.
Müasir həyatımızın ayrılmaz bir parçasına çevrilən sosial şəbəkələrin geniş arealda yayılması prosesi XX əsrin 90-cı illərindən başlayır. Dünyada ilk yaradılmış sosial şəbəkə 1995-ci ildə əsası qoyulmuş, eyni təhsil ocaqlarını bitirmiş insanları bir araya gətirmək məqsədilə yaradılan “classmates.com” saytıdır. XXI əsrin əvvələrindən etibarən isə sosial şəbəkələrin beynəlxalq informasiya məkanında yayılması daha da sürətləndi. 2002-ci ildə “Linkedin”, 2004-cü ildə “Facebook”, 2006-cı ildə “Twitter”, 2005-ci ildə “Youtube”, 2010-cu ildə “İnstagram” və digər sosial şəbəkələrin yaradılması ilə beynəlxalq informasiya cəmiyyətində sosial axınların yeni mərhələsinə keçildi.
Eləcə də bax: "Sosial şəbəkələrdəki problem Azərbaycandan qaynaqlanmır" - NAZİRLİK
Azərbaycanda isə, ümumi aspektdən götürsək, sosial şəbəkələrin yaradılmasının XX əsrin əvvəllərindən müşahidə olunduğunu deyə bilərik. Bu sosial şəbəkələr ilk vaxtlarda lokal xarakterli fəaliyyət göstərən “chat” saytları formatında nəzərə çarpırdı. Sonralar isə “Facebook”, “İnstagram” kimi beynəlxalq areallı və həmin saytlardan qat-qat əhatəli formatda fəaliyyət göstərən sosial trendlərin Azərbaycana ayaq açması “chat” saytların fəaliyyət zonasını xeyli məhdudlaşdırdı. Daha sonra isə bu saytların bir çoxu demək olar ki, tamamilə sıradan çıxdı. Bunun müqabilində isə, XX əsrin 2-ci on illiyindən etibarən “Facebook”, “İnstagram”, “Twitter” kimi geniş formatlı sosial şəbəkələrin yaradılmasına təşəbbüslər edilməyə başlanıldı.
FED.az məlumat verir ki, “Report” hazırda Azərbaycanda bu cür yerli sosial şəbəkələrin fəaliyyəti ilə bağlı ümumi vəziyyəti, bu sahədə mövcud olan problemləri, ölkədə yerli sosial şəbəkələrin yaradılması üçün potensial infrastrukturun necə olmasını və digər məqamları araşdırıb.
Mövzu ilə bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Report”a verdiyi açıqlamada qeyd edib ki, ölkədə son 4 ildə 7-8 dəfə yerli sosial şəbəkə yaratmaq təşəbbüsü irəli sürülüb: “Azərbaycanda dar çərçivədə bir neçə yerli sosial şəbəkə fəaliyyət göstərsə də, hazırda onların heç biri aktiv deyil. Son 4-5 il ərzində təqribən 7-8 dəfə lokal xarakterli sosial şəbəkə yaratmaq təşəbbüsləri olub. Lakin onlar da uğursuzluğa uğrayıb. Hazırda lokal xarakterli sosial şəbəkələr demək olar ki, yoxdur.
Təqribən 10 il bundan əvvəldən başlayaraq Azərbaycan İnternet Forumuna sosial şəbəkə yaratmaqla bağlı müraciətlər olurdu. Sonrakı dövrlərdə proseslər daha da sürətləndi və artıq bir neçə cəhdlər həyata keçirildi. Ümumilikdə son 10 ildə Azərbaycan İnternet Forumuna təqribən 20 bu cür müraciət olub. Amma onların heç biri uğur qazana bilməyib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz
"Bu sahədə böyük miqdrarda reklam xərcləri tələb olunur".
Uğursuzluğun səbəbləri müxtəlifdir. İlk növbədə insanların “Facebook”a, “İnstagram”a deyil yerli sosial şəbəkəyə girmələrinə nail olmaq üçün fərqli və cəlbedici xidmətlər təklif etmək lazımdır. Hələ ki, bunu reallaşdırmaq mümkün deyil. Üstəlik bu sahədə böyük miqdarda reklam xərcləri lazımdır. Yerli sosial şəbəkə yaradıcıları ən azı 5-6 il gəlirsiz işləməyə məcburdurlar. Digər tərəfdən bu sahədə Azərbaycan bazarı investisiya yatırımları üçün çox kiçikdir. Azərbaycan dilli sosial mediada maksimum 3-4 milyon adam aktiv olur. Bu isə çox az bir göstəricidir. Yerli sosial şəbəkələrin nisbətən uğur qazandığı regionlar Çin və Rusiya kimi əhalisi çox olan ölkələrdir. Bizdə əhali az olduğu üçün bu mümkün deyil. Ona görə də investorlar bu sahəyə yatırım etmirlər. Sahibkarlar külli miqdarda yatırım etsələr belə, bu sahədə Azərbaycanda biznes gəliri əldə etmək mümkün deyil. Çünki hazırda Azərbaycanın sosial media sektorunda olan pulların həcmi 4-5 milyon manat civarındadır. Bir neçə iri şirkət, mobil operator və ya dövlət qurumunun hesabına formalaşan bu məbləğ elə də böyük vəsait deyil”.
“Hazırda Rusiya və Çində yerli sosial şəbəkələrin fəaliyyəti nisbətən qənaətbəxş hesab oluna bilər. Müxtəlif dövrlərdə Avropa ölkələrində bir neçə yerli sosial şəbəkələr fəaliyyətə başlasa da, onlar “Facebook”, “İnstagram”, “Whatsapp” kimi qlobal trend olaraq formalaşa bilmədi”, - deyə O.Gündüz əlavə edib.
Ölkədə fəaliyyət göstərmiş yerli sosial şəbəkələrdən biri olan “Friendpy”ın layihə rəhbəri Ələkbər Məmməd ölkədə yerli bir sosial şəbəkənin fəaliyyəti zamanı ortaya çıxa biləcək problemlərdən danışıb: “Biz ilk olaraq “Equby” sosial şəbəkəsini yaratmışdıq. 2018-ci ilin fevral ayında bu şəbəkənin fəaliyyətini bir qədər dondurduq. Daha sonra şəbəkənin adını dəyişərək “Friendpy” adı altında 2018-ci ilin avqust ayına qədər fəaliyyət göstərdik. Avqustdan sonra isə fəaliyyətimizi tamamilə dayandırdıq. Hazırda sosial şəbəkə fəaliyyət göstərmir. Fəaliyyətimizə son verməyimizin səbəbi maliyyə çatışmazlığı oldu. 2018-ci ilin fevralında bizdə artıq 100 min istifadəçi qeydiyyatdan keçmişdi. Lakin onların 70-80%-i qeydiyyatdan keçdikdən sonra saytı birdəfəlik tərk etdilər. Sonrakı aylarda da istifadəçi sayında elə də böyük artım olmadı. İşə başladığımızın ilk 6 ayı ərzində istifadəçi sayı orta hesabla 2-4 min arası dəyişirdi. Getdikcə reklamımızı genişlətdik, mediaya və televiziya kanallarına çıxdıq, nəticədə istifadəçi sayı orta hesabla 8-10 min oldu. Lakin son aylarda gündəlik maksimum 10-15 aktiv istifadəçi olurdu. Onlar da yəqin ki, sayta təsadüfən daxil olurdular. İstifadəçi sayının artması üçün reklam xərcləri tələb olunurdu ki, bizim də bunları qarşılamağa vəsaitimiz olmadı. 100 min istifadəçini yığana qədər ümumilikdə təxminən 8 min manata qədər pul xərclədik. Nəzərə almaq lazımdır ki, normal səviyyədə bir sosial şəbəkənin fəaliyyətə başlaması üçün minimum 50-100 min manat pul lazımdır. Bizdə isə bu büdcə yox idi. Həmin vaxt bizimlə paralel olaraq “Fristack” adlı bir sosial şəbəkə də fəaliyyət göstərirdi. Lakin bizdən bir qədər sonra onlar da fəaliyyətlərinə son verdilər. Bildiyimə görə, hazırda ölkədə fəaliyyət göstərən yerli sosial şəbəkə yoxdur".
Onun sözlərinə görə, bizdə insanlar yerli sosial şəbəkəyə bir o qədər maraq göstərmirlər. Hər kəs “Facebook”, “İnstagram” kimi sosial şəbəkələr olduğu halda yerli şəbəkənin yaradılmasına ehtiyac olmadığını düşünür: "Hətta yerli investorlar belə həmin beynəlxalq şəbəkələr olduğu halda yerli sosial şəbəkənin yaradılmasına ehtiyac görmürlər. Biz özümüz uzun müddət investor axtarsaq da cəhdlərimiz nəticəsiz qaldı. “Equby”ın yarandığı ilk 3-4 ay ərzində hətta Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də məktubla müraciət etdik və bizə təklif olundu ki, gənclərlə bağlı qrant müsabiqələrinə müraciət edək.
Düşünürəm ki, informasiyanın ölkədə saxlanılması üçün Azərbaycanda yerli sosial şəbəkə yaratmağa ehtiyac var. Bizdə data “Facebook”, “İnstagram”, “Whatsapp” kimi sosial şəbəkələri ərsəyə gətirən xarici layihələrin əlindədir. Buna görə də lokal miqyaslı yerli sosial şəbəkəmiz olmalıdır. Biz ilk vaxtlar “Equby”ı yaradarkən lokal olaraq yalnız ölkə hüdudları daxilində fəaliyyət göstərməyi nəzərdə tutmuşduq. Lakin sonralar Azərbaycanda diqqət görmədiyimiz üçün xarici ölkələrə yayılmağı qərara aldıq. Türkdilli ölkələr istiqamətində genişlənmək istədik. Hətta Türkiyə mediasında iki sayt bizim barəmizdə xəbər də yazdı. Lakin yenə də uğurlu bir nəticə əldə etmək olmadı".
Ə.Məmməd bildirib ki, yerli sosial şəbəkə yaratmaq üçün güclü bir komandaya ehtiyac var: “Azərbaycanda normal səviyyədə bir sosial şəbəkə yaratmaq üçün ilk növbədə güclü bir komanda olmalıdır. Bunun üçün ölkəmizdə kadr potensialı qənaətbəxş səviyyədədir. Lakin o kadrlar daha gəlirli və davamlılıq baxımından daha etibarlı yerlərdə işləməyə üstünlük verirlər. Yeni yaradılan bir sosial şəbəkənin uzunömürlü fəaliyyət göstərəcəyinə çox da inanmırlar. Buna görə də 2-3 min manat aldıqları iş yerlərini buraxıb nisbətən az gəlirli və fəaliyyət davamlılığı şübhə altında olan yerlərdə işləməyə gəlmirlər. Bizim komandada 4-ü proqramçı olmaqla 7 nəfər var idi. Proqramçıların bacarıqları mütəxəssis səviyyəsində deyildi. Ümumiyyətlə biz sadaladığım səbəblərə görə mütəxəssis tapmağa çətinlik çəkirdik.
Bir sosial şəbəkənin fəaliyyətə başlaması üçün digər önəmli faktor maliyyə məsələsidir. Sizin güclü serveriniz, yüksək səviyyəli texniki təchizatınız və geniş yayılmış reklamınız olmalıdır ki, bunlar da böyük maliyyə vəsaiti tələb edir.
Təhlükəsizlik məsələlərinə gəlincə, “Friendpy”da istifadəçi məlumatlarını biz özümüz belə görmürdük. Hətta bəzən istifadəçi parolunu və ya istifadəçi adını unutması ilə bağlı bizə müraciət edəndə də biz ona köməklik göstərə bilmirdik. Çünki biz bu məlumatları görmürdük. Amma hansı bölmələrin daha çox izlənildiyinə istifadəçi adını görməmək şərtilə nəzarət edə bilirdik”.
İKT mütəxəssisi Elşad Yusifli də yerli sosial şəbəkələrin uğursuzluqlarını iri beynəlxalq trendlərin rəqabətinə davam gətirməməklə əlaqələndirib: "Bildiyimə görə bizdə heç bir yerli sosial şəbəkə fəaliyyət göstərmir. Düşünürəm ki, qloballaşmanın bu qədər intensiv şəkil aldığı bir zamanda sırf Azərbaycana məxsus sosial şəbəkə yaratmaq o qədər də effektli olmaz. Buna səbəb həm Azərbaycanda əhali sayının az olması, həm də insanların artıq bu sahədə öz yerini kifayət qədər möhkəmlətmiş sosial şəbəkələrdən istifadə etməsidir. Yerli investorlar da bu səbəblərə görə sosial şəbəkə yaratmaq biznesinə yatırım etməkdə maraqlı deyillər".
İKT üzrə ekspert Elşad Yusifli
"Yerli sosial şəbəkə yaratmaq istəyiriksə bu qlobal deyil, lokal yönümlü olmalıdır".
E.Yusifli hesab edir ki, hazırda dünyaca məşhur beynəlxalq sosial şəbəkələr sürətlə böyüdüyü üçün onlarla rəqabət aparmaq çox çətindir. Üstəlik bu şəbəkələrdən istifadə etmək azərbaycanlılar üçün də çox rahatdır. Məsələn, “Facebook” bu gün Azərbaycan dilinə tərcümə olunmuş şəkildə istifadə edilir. Təsəvvür edin, elə bir şəbəkə yaradılmalıdır ki, insanlar “Facebook” və “İnstagram”dan deyil, ondan istifadə etsinlər. Bu isə mümkünsüzdür. Azərbaycanda bəlkə qrant şəklində maliyyə dəstəyi ilə çalışan bir sosial şəbəkə yaratmaq olar. Ümumiyyətlə biz sosial şəbəkə yaratmaq istəyiriksə bu lokal deyil, qlobal yönümlü bir şəbəkə olmalıdır. Sırf Azərbaycanla məhdudlaşan bir sosial şəbəkə planı üzərində işləməyə dəyməz, deyə ekspert bildirdi.
Onun sözlərinə görə, bir neçə müddət öncə ölkədə “Yumroo” adlı bir sosial şəbəkə yaradılmışdı. Lakin çox da inkişaf etmədən bağlandı. “Yumroo” hazır platformalar üzərində qurulmuşdu. Kifayət qədər reklam olunsa da, effektiv bir nəticə vermədi.
"Azərbaycanda bu sahədə kadr potensialında çatışmazlıq yoxdur. Bizdə kifayət qədər developer mütəxəssislər var. Sadəcə son dövrlər bu istiqamətdə tələb artdığına görə aşağı maaşla işləməyə razı olan developer tapmaq çətinləşib. Developerlər yüksək məbləğdə maaş tələb edir, bəzən isə lazım olan gəliri burda qazana bilmədiklərinə görə Avropa ölkələrinə işləməyə gedirlər. Bu o deməkdir ki, artıq bizdə dünya səviyyəsində rəqabətcil mütəxəssislər var”, - E.Yusifli bildirdi.
E.Yusifli yerli sosial şəbəkələrin fəaliyyəti ilə bağlı qonşu ölkələrdəki təcrübədən də danışıb: “Facebook”, “İnstagram” Türkiyəyə ayaq açana qədər orada yerli sosial şəbəkələr fəaliyyət göstərirdi. Bunlardan biri də kifayət qədər istifadəçisi olan “Yonja” idi. Amma adını çəkdiyimiz qlobal oyunçular Türkiyəyə daxil olandan sonra bu şəbəkələrin hamısı fəaliyyətini dayandırdı. Çünki bu sahədə olan beynəlxalq idarəedicilər böyük araşdırmalar apararaq insanların nəyə daha çox maraq göstərdiklərini, hansı tətbiqdən necə istifadə etdiklərini dəqiq təyin edir və buna uyğun addımlar atırlar. Ona görə də Türkiyədə mövcud olan həmin yerli şəbəkələr “Facebook”, “İnstaqram” kimi şəbəkələrin qarşısında ayaq üstə dura bilmədi və bağlandı. Türkiyədən başqa, bir çox ölkələrdə də oxşar proses izlənildi. Rusiyadakı sosial şəbəkələr isə öz fəaliyyətini davam etdirməyi bacardı. Bir də region ölkələri arasında İranda yerli sosial şəbəkələr fəaliyyət göstərir ki, bunun da səbəbi orada bir çox beynəlxalq saytların blok edilməsidir. Bizə yaxın olan digər ölkələrdə isə yerli sosial şəbəkələr mövcud deyil".
Ekspert istənilən sosial şəbəkənin fəaliyyət göstərməsi üçün önəmli olan faktorları da sadalayıb: “Bir sosial şəbəkənin fəaliyyətinin təmin edilməsi üçün o şəbəkədə istifadə olunan dil çox önəmli faktordur. Ola bilər ki, bir ölkənin əhalisi az olsun, lakin ingilis dilli bir ölkə olduğuna görə yaratdığı şəbəkəni beynəlxalq arenaya asanlıqla eksport edə bilsin. Digər vacib məqam isə onun istifadəçilərinin çox olmasıdır. Bunun üçün isə yüksək məbləğdə reklam xərcləri çəkilməlidir. Eyni anda çoxsaylı insanların həmin sosial şəbəkədən qeydiyyatdan keçməsinə təşviq edən reklam kampaniyası aparılmalıdır. Bir nəfər şəbəkədən qeydiyyatdan keçəndə artıq orada özündən savayı 5-10 dostunun olduğunu görməlidir. Əks halda insanlar sosial şəbəkəni tərk edirlər".
E.Yusiflinın məlumatına görə Azərbaycanda yeni sosial şəbəkə yaradılır: “Azərbaycanda “Venu” adlı bir sosial video paylaşım şəbəkəsi yaradılır. Amma bu da tək Azərbaycan üçün nəzərdə tutulmayıb. Hazırda həmin şəbəkə üçün tətbiqlərin testləri tamamlanıb. Marketinq planlamaları və digər işlər aparılır. Bu, tamamilə yerli komanda tərəfindən hazırlanmış və özünəməxsus məqamları olan bir proyektdir. Tətbiqi çox yaxşı və sürətlidir”.
"Venu" sosial şəbəkəsinin həmtəsisçisi Elçin Əskərov
"Biz "Venu"nun proqramlaşma işlərini həyata keçirmişik".
Sözügedən “Venu” sosial şəbəkəsinin həmtəsisçisi Elçin Əsgərov “Report”a verdiyi açıqlamasında bildirib ki, ərsəyə gətirdikləri yeni sosial şəbəkə gənclərin böyük marağına səbəb ola bilər: “Venu”əsasən gənclər üçün nəzərdə tutulan qlobal yönümlü sosial şəbəkədir. Şəbəkənin yaradıcısı olan şirkət ABŞ-da qeydiyyatdan keçib və investorlar da ABŞ vətəndaşlarıdır. Biz sadəcə Azərbaycanda bu sosial şəbəkənin proqramlaşma işlərini həyata keçirmişik.
Hələlik sosial şəbəkənin Azərbaycan, rus, ingilis və türk dillərində fəaliyyət göstərməsi nəzərdə tutulub. “Venu” digər ənənəvi platformalardan bir qədər fərqlidir. Belə ki, sosial şəbəkədə “İnstagram”dakı hekayə formasında bir dəqiqəlik video və ya şəkil paylaşmaq olacaq, lakin bu paylaşımlara cavab video və ya şəkil formasında veriləcək. Həmçinin həmin şəkil və ya videoları “İnstagram” profilinə eksport eləmək, eyni zamanda telefonun yaddaşına yükləmək mümkün olacaq.
Hazırda tətbiq 200 nəfər istifadəçi arasında test edilir. Hələ ki, bir sıra texniki problemləri müəyyənləşdirib həll etməklə məşğuluq. Təqribən, noyabr ayının ortalarına sosial şəbəkənin tam istifadəyə verilməsi gözlənilir”.