İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının əsl ulduzları xizəkçilər və tramplindən atılanlar deyil, əsl qəhrəmanlar pərləri olan, saatda 110 mil (təqribən 180 kim/saat) sürətlə uçan və hər yerdə səsi eşidilən dronlardır.
FED.az biznes və maliyyə xəbərləri portalı bildirir ki, İtaliya Olimpiadasında dronlardan istifadə indiyədək görünməyən həddə çatıb. Hazırda oyunları irili-xırdalı yüzlərlə yüksək səviyyəli dron izləyir. Bu Olimpiya Oyunlarının indiyədək mövcud olan çəkiliş və izləmə tərzini tamamilə dəyişib.
Şimali İtaliyada olimpiya təşkilatçıları qış idman növlərində təhlükəli tryuklar edən idmançıları yaxından lentə almaq üçün əsl dron donanması toplayıblar. «Əgər bu Qış Oyunlarında bir idmançıya heyransınızsa, yəqin ki, onları dronun kamerasından görürsünüz»-deyə təşkilatçılar bildirir.
Uçan dronları bu tədbirə qatılmaq üçün az qala idmançılar kimi məşq etmiş və ağır imtahanlardan keçmiş pilotlar idarə edir. Onların idarə etdiyi dronların qiyməti bəzən 150 min dollara çatır.
«Havada fırlanan sərbəst xizəkçinin hər görüntüsünün arxasında dron operatoru var. Video qulaqlıqlar taxan və yalnız joystik və Olimpiya çempionlarının ən sürətli barmaqları ilə silahlanmış bu ustalar, çəkdikləri idmançılarla eyni məqsədi bölüşürlər: dünyanın ən yaxşısı olmaq»-deyə təşkilatçılar bildirir.
"Biz onları uzun müddətdir ki, bu idman növündə məşq etdiririk", - deyə Olimpiya Yayım Xidmətlərinin baş direktoru Yannis Exarchos bildirib. "Onlar da idmançılar kimi hər gün məşq ediblər».
Pilotlar rəqəmsal mənzərələrdə xəyali avtomobillərin, motosikletlərin və xizəkçilərin ardınca yüzlərlə saat sərf edərək məşq edirlər ki, dünya izləyərkən öz yüksək səviyyəli atletik zenlərinə nail ola bilsinlər.










