Azərbaycan futbol klublarının xərclərində əsas yeri əmək haqları tutur. 2024-cü il üzrə məlumata əsasən, klublar futbolçulara və texniki heyətə milyonlarla manat vəsait ayırıblar. 2023-cü illə müqayisədə əksər komandalarda maaşlar artsa da, bəzilərində azalma baş verib.
FED.az-ın hesablamaları göstərir ki, 2024-cü ildə əmək haqların an çox artıran klub «Sumqayıt» Futbol Klubu olub. Klubda 2023-cü ildə 3 milyon 519 min manat olan bu göstərici 2024-cü ildə 6 milyon 42 min manata yüksəlib. Artım 72 faiz təşkil edir ki, bu da kluba yeni transferlərin cəlb olunması və strukturun genişlənməsi ilə izah oluna bilər.
İkinci sırada «Neftçi» qərarlaşır. Klubun 2024-cü ildə əmək haqqı üçün ayırdığı vəsait 20 milyon 264 min manat olub. Bu, əvvəlki illə müqayisədə 27 faiz və ya 4 milyon 298 min manat artım deməkdir. Neftçi də heyətini gücləndirmək və rəqabət qabiliyyətini artırmaq üçün maaş büdcəsini genişləndirib.
Maaş artımı sürətinə görə, üçüncü yeri «Qarabağ» Futbol Klubu tutur. 2024-cü ildə klubun əmək haqqı fondu 20 milyon 648 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 3 milyon 298 min manat və ya 19 faiz artım deməkdir.
«Sabah» FK da futbolçu və məşqçi personalına pul ayırmaqda xəsislik etmir. Klub son bir ildə əmək haqqına 14 milyon 57 min manat ayırıb. Bu da əvvəlki illə müqayisədə düz 2 milyon manat və ya 16 faiz artım deməkdir.
«Kəpəz» Futbol Klubunda əmək haqları yuxarıdakı klubların miqyasında olmasa da, maaşlar burada da artıb. 2024-cü ildə klub əmək haqqı xərclərini 200 min manat və ya 10 faiz artıraraq 2 milyon 199 min 800 manata çatdırıb.
Bəzi klublarda isə əksinə, əmək haqqı xərclərində azalma müşahidə olunub. «Səbail» Futbol Klubunun maaş xərcləri 5 milyon 237 min manatdan 4 milyon 974 min manata enib. Bu, illik 263 min manat və ya 5 faiz azalma deməkdir.
«Zirə» klubunda isə maaşlarda daha ciddi azalma baş verib, burada maaş fondu 5,2 milyon manatdan 4,1 milyon manat enib. Yəni 1 milyon 106 min manat və ya 21% fərq qeydə alınıb.
«Şamaxı» Futbol Klubunda da əmək haqqı xərci azalıb. 2023-cü ildə idmançılar və digər personala 1 milyon 933 min manat təşkil edən maaş büdcəsi 2024-cü ildə 1 milyon 649 min manata enib. Bu illik 284 min manat və ya 15 faiz azalma anlamına gəlir.
Az büdcəli klublar sırasında olan «Turan Tovuz» və «Araz-Naxçıvan» əmək haqqı üzrə rəqəmləri olduqca aşağıdır, demək olar simvolik məna daşıyır – hər iki klubda illik maaş fondu 3,7 min manat təşkil edir.