Ötən il dekabrın 26-da Quba rayonunda yerləşən ticarət obyektində baş verən yanğına görə sahibkar təzminatını ala bilmir. Buna səbəb kimi isə prokurorluğun işə səhlənkar yanaşmasını və istintaqın hərəkətsizliyini göstərir.
Eləcə də bax: “Pearl Construction” ikiotaqlı evimizin əvəzinə birotaqlı mənzil verir”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sahibkar Mövlud Əliyev bildirib ki, hadisə vaxtı yanğınsöndürənlər hələ yanğını söndürməklə məşğul olanda rayon elektrik şəbəkəsinin işçiləri mağazanın üzərindən keçən yüksək gərginlikli elektrik xəttini dəyişiblər: “Çünki mağazanın üzərindən keçən elektrik xəttinin qırılaraq obyektin üzərinə düşməsi yanğına səbəb olmuşdu. Buna görə də onlar yanğın davam etdiyi halda xətti dəyişirdilər. Yanğın nəticəsində mağaza içərisindəki əşya və ərzaq malları ilə birlikdə yanaraq məhv oldu, mənə 75 min manat ziyan dəydi”.
“Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev ifadəsində deyib ki, yanğın zamanı şəbəkənin balansında olan 6000 voltluq elektrik verilişi xəttinin bir fazasının qırılaraq mağazanın damının üzərinə düşdüyünü görüb: “Şəbəkənin əməkdaşları ilə birgə qırılmış naqili bərpa etdik. Yanğına mağazanın daxili elektrik naqillərində qısaqapanmanın yaranması səbəb olub. Belə ki, mağazanın dam hissəsindən çıxan alovun təsiri ilə xətt qırılaraq dam örtüyünün üzərinə düşüb. Bu 6000 voltluq elektrik verilişi xətti 1964-cü ildə tikilib istismara verilib”.
FHN Əməliyyat-İstintaq İdarəsində aparılan araşdırma zamanı şahid ifadələri və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə yanğının həmin naqilin qırılıb düşməsi nəticəsində baş verdiyi məlum olub.
Rəydə qeyd edilib ki, “Azərişıq” ASC-nin Quba Elektrik Şəbəkəsinin vəzifəli şəxsləri tərəfindən vaxtaşırı texniki baxış və xidmətlər göstərilmədiyi üçün naqil qırılıb.
Məhkəmə Ekspertizası Mərkəzinin digər rəyinə görə, yanğın nəticəsində sahibkar Mövlud Əliyevə 75 935 manat ziyan dəyib.
FHN istintaqı yekunda bu qərara gəlib ki, Quba Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinin səhlənkarlığından, yəni xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələrinə görə yanğın baş verib.
Lakin Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulmuş cinayət işlərinin istintaqı prokurorluq orqanları tərəfindən aparıldığı üçün toplanmış material Baş Prokurorluğa təqdim edilib.
Mövlud Əliyev bildirir ki, artıq üç aya yaxın vaxt keçsə də, prokurorluq heç bir istintaq hərəkəti həyata keçirmir. Cinayət Prosessual Məcəlləsinə görə, yoxlama müddəti bir aya yekunlaşdırılmalı və nəticədən asılı olaraq ya cinayət işi başlanılmalı, ya da cinayət işinin başlanılması rədd edilməlidir: “Amma Quba rayon prokurorluğu qanuna uyğun heç bir davranış sərgiləmir və istintaq əsassız yerə uzadıldığı üçün mən bir sahibkar kimi ödənişimi ala bilmirəm”.
Baş Prokurorluqdan bildirilib ki, artıq qeyd olunan faktla əlaqədar Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi başlanılıb: “Hazırda cinayət işi üzrə istintaq davam etdirili".