Azərbaycanda fəaliyyət göstərən vəkillər dövlət hesabına ödənilən hüquqi yardım zamanı vəkillərə ödənilən məbləğin artırılmasını istəyirlər.
Eləcə də bax: Vəkillərə hüquqi yardımla əlaqədar vəsait ödənilməsi - QAYDASI DƏYİŞİB
FED.az xatırladır ki, 2018-ci ildə Prezidentin Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin qərarı ilə həmin məbləğ 3 dəfə artırılıb və hazırda dövlət hesabına göstərilən hüquqi yardımın 1 saatına görə məbləğ 6 manat təşkil edir. Amma vəkillər bu məbləği ədalitli və reallığa uyun saymırlar.
Vəkillər Kollegiyasının üzvü Nizami Abbasov FED.az-a deyib ki, keçmiş dövrə nisbətdə dövlət hesabına göstərilən hüquqi yardıma görə 6 manat məbləği inkişaf saymaq olar: «Əvvəllər dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğ 2 manat idi. Birdən-birə 3 qat artırıldı. Bizi qane edir, amma zamanla müqayisədə təbii ki, azdır. İndi bahalaşma gedir, xərclər də artır. Gərək dövlət hesabına göstərilən hüquqi yardıma ödənilən haqq da tədricən artırıla. Yenə də şükür edirik».
Nizami Abbasov bildirir ki, vəkilin işi kənardan asan görünsə də, əslində çox əziyyətlidir: «Məsafə baxımından gedib haradasa araşdırma aparırsan, iş oxuyursan, işdə olan sübutların şübhəli məqamları, çatışan-çatışmayan tərəfləri olur. Qanunla yol verilən bütün imkanlardan istifadə etməlisən ki, müştərinin hüquqlarını Konstitusiyada nəzərdə tutulan qayda yüksək keyfiyyətli hüquqi yardım göstərə biləsən».
Bu işin qarşısında vəkillərə ödənilən məbləğ azı 2-3 dəfə artıq olmalıdır: «Hesab edirəm ki, hazırkı məqam üçün dövlət hesabına göstərilən hüquqi yardım minimum 10-20 manat civarında olsa, keyfiyyətə təsir edər. Vəkillər 6 manat yox, bir az fərqli qiymətə müqavilə bağlayıb keyfiyyətli xidmət göstərir. Amma elə insanlar var ki, doğurdan da onun keyfiyyətli hüquqi yardıma ehtiyacı var, amma vəkil maddi vəsait baxımından işə lazım olan qədər zəhmət sərf edə bilmir».
Digər vəkil Tahir Abbasov da hazırkı ödənişin az olduğunu etiraf edir. Onun sözlərinə görə, dövlət hesabına göstərilən hüquqi yardıma görə 6 manatın hansı standartla müəyyən edildiyi ona da məlum deyil: «İndiki şəraitdə vəkilin 1 saatda əməyinin 6 manatla qiymətləndirilməsi qəpik-quruşdur. Maraqlanmışam, inkişaf etmiş ölkələrdə, eləcə də Amerikada dövlət hesabına hüquqi yardım göstərilmir. Müəyyən işlər üzrə olanda da dövlət hesabına hüquqi yardımın 1 saatı 70 dollardan aşağı olmur».
Üstəlik, Tahir Abbasovun sözlərinə görə, dövlət hesabına vəkillərə verilən 6 manatın yarısı da tutulur: «Vəkil hesabat verəndə ayrılan 6 manatdan orta aylıq xərclərə, idarənin saxlanmasına, vergiyə tutulur. Təyin olunan məbləğdən bizə 3 manat qalır. Bu əziyyətin qarşısında bu, pul deyil. Hesab edirəm ki, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən minimum məbləğ ən aşağı 30 manat olmalıdır».
Vəkillər Kollegiyasının rəhbərliyi bu məbləğin reallığa nə qədər uyğun olması ilə bağlı fikrini açıqlamasa da, hesab edir ki, ümumilikdə dövlət bu prosesdən kənarda qalmalıdır
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov FED.az-a bildirib ki, «Dövlət vəkillə müştərisi arasında bağlanan müqavilədə məbləğin müəyyən edilməsinə qarışa bilməz».
Sədrin sözlərinə görə, dövlət hesabına göstərilən hüquqi yardıma görə, ödənilən haqqın məbləği Nazirlər Kabineti tərəfindən dövlət hesabına müəyyən edilir: “Azərbaycanda qismən dövlət tərəfindən tənzimlənir. Yəni bütün digər hallarda müştəri ilə vəkil arasında bağlanılan müqavilədə sərbəst qaydada müəyyən edilir. Çünki vəkillik müstəqil peşədir və dövlət vəkillə müştərisi arasında bağlanan müqavilədə məbləğin müəyyən edilməsin tənzimləyə bilməz, yəni qarışa bilməz».
Anar Bağırov onu da qeyd edib ki, dövlət hesabına göstərilən hüquqi yardıma görə, ödənilən haqqın məbləği hər il dəyişmir: “Bu məbləğin hər il dəyişilməsi barədə hər hansı qanuni göstəriş yoxdur. Sadəcə olaraq, Azərbaycanda o məbləğ iqtisadi duruma, inflyasiya və digər amillər nəzərə alınmaqla bir neçə dəfə artırılıb».
Anar Bağırovun tənzimləmə haqqında təkliflərinin olub-olmamsına gəlincə, sədr bunun tərəfdarı olmadığını da deyib: “Bu gün biz aparıcı ölkələrin təcrübəsini öyrənirik. Demək olar ki, heç bir yerdə bu cür tənzimlənmə mövcud deyil. Biz də burada müstəsna təşkil edə bilmərik. Hazırda bu barədə fikirləşmirik. Tərəflərin müqavilə azadlığı prinsipi var və bu, mülkü hüququn əsas prinsiplərindən biridir. Biz bu prinsipə hörmətlə yanaşırıq».