Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldə 1 nəfərin cəsədinin aşkar edilməsi barədə birgə məlumat yayıb.
“Sabunçu keçidi”ndə 2 nəfər suda boğularaq ölüb
FED.az xəbər verir ki, birgə məlumatda deyilir:
"Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir".
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq eyni zamanda, media nümayəndələri və sosial media istifadəçilərini dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edir.