FED.az biznes-maliyyə portalı ölkənin tanınmış hüquqşünası, Vəkillər Kollegiyasınını üzvü Pərviz Məmmədovun növbəti yazısını təqdim edir.
Bildiyimiz kimi, dövlət satınalmaları üzərində ikili nəzarət mexanizmi mövcuddur. Belə ki, həm satın alan dövlət təşkilatının özü, həm də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət edilir.
Tender qaydaları dəyişəcək, 3 milyonluq məhdudiyyət ləğv ediləcək - KOTİROVKALARDA YENİLİK OLACAQ
Qeyd edək ki, satınalan təşkilatın vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən tenderə qoşulmuş şirkətin şikayət etmək hüququ vardır. Bu şikayətin verilmə qaydası “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur.
Daha əvvəlki yazımızda satınalan təşkilata şikayət vermənin qaydaları və müddətləri barədə məlumat vermişdik. Lakin bəzi hallarda satınalan təşkilatın şikayət barədə qərar qəbul etmək səlahiyyəti olmazsa, inzibati qaydada müvafiq icra hakimiyyəti orqanına - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə - şikayət vermək mümkündür.
Belə ki, satınalan təşkilata və ya təsdiq edən orqana verilən şikayətə baxaraq 20 bank günü ərzində satınalan təşkilatın rəhbəri qərar qəbul etməzsə, o qərar qəbul etmək səlahiyyətini itirir. Bu halda, sizin 15 bank günü ərzində məhkəməyə və ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət vermək hüququnuz yaranır.
Əgər satınalma müqaviləsi qüvvəyə minmişdirsə və təşkilatın rəhbəri şikayətə baxmırsa, siz şikayətə baxılmaması haqqında qərar çıxarıldıqdan sonra 15 bank günü ərzində müvafiq orqana şikayət verə bilərsiniz.
Eyni zamanda, satınalan təşkilatın şikayətə baxaraq çıxardığı qərar nəticəsində zərərə düşdüyünüzü iddia edirsinizsə, qərar çıxarıldıqdan sonra 15 bank günü ərzində şikayət verə bilərsiniz.
Şikayət daxil olduqdan sonra səlahiyyətli orqan şikayəti rədd edərsə, sizin məhkəməyə müraciət etmə hüququnuz var. Lakin şikayəti rədd etmirsə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sizə müəyyən hüquqi müdafiə vasitələri tövsiyə edə bilər. Qeyd etməliyik ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq icra hakimiyyəti orqanı qismində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin geniş səlahiyyətləri müəyyənləşdirilir. Belə ki:
- Şikayətin predmetinə aid məsələləri tənzimləyən hüquq normalarını və ya prinsiplərini müəyyənləşdirə bilər.
- Satınalan təşkilata qanunsuz hərəkətlər etməyi və ya qanunsuz qərarlar qəbul etməyi və ya qanunsuz prosedurlar tətbiq etməyi qadağan edə bilər.
- Qanunazidd hərəkətlər edən satınalan təşkilatın qərarına yenidən baxa və ya onun əvəzinə öz qərarını qəbul edə bilər.
- Satınalan təşkilatın qanunsuz hərəkətini dayandıra və ya qanunsuz qərarını tam və ya qismən ləğv edə bilər.
- Satınalan təşkilatı qanuna uyğun olaraq hərəkət etməyə və ya prosedurlar tətbiq etməyə və ya qərar qəbul etməyə məcbur edə bilər.
- Satınalma prosedurlarına xitam verilməsi barədə sərəncam verə bilər.
Eyni zamanda bunu da qeyd edək ki, şikayətin mahiyyətinə uyğun olaraq dəymiş zərərə görə kompensasiya iddiası qaldırmaq mümkündür.
Şikayətə baxıldıqdan 20 bank günü ərzində şikayətə baxan orqan tərəfindən yazılı qərar çıxarılır. Bu qərarda onun səbəbləri əsaslandırılmalı və tətbiq edilmiş hüquqi müdafiə vasitələri göstərilməlidir. Qəbul edilən qərardan narazı olduğunuz təqdirdə müvafiq surətdə məhkəməyə iddia verə bilərsiniz, əks halda belə qərar qəti qərar sayılır.
Yekun olaraq diqqətinizə çatdıraq ki, tenderin təşkili prosesində hər hansısa qanunazidd davranışla qarşılaşdığınız təqdirdə ən qısa müddətdə müvafiq qaydada hüquqlarınızın bərpasını tələb eləməlisiniz. Əks halda, həm maddi itkilərlə üzləşə bilər, həm də pozulmuş hüquqların bərpası üçün şikayət müddətini ötürə bilərsiniz.
Müəllif: Pərviz Məmmədov, Vəkillər Kollegiyasınını üzvü.
Əlaqə: (+99450) 224 85 05
Veb-sayt: http://www.parvizmammadov.az