Hazırda Azərbaycan Respublikası ərazisində sürücülərin sıx-sıx cərimə edildiyi hallardan biri nəqliyyat vasitəsinin hərəkəti zamanı mobil telefondan istifadə edilməsidir. Sözügedən hal üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə cərimə müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (“AR İXM”) 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə sürücü əlli manat məbləğində cərimə edilir.
AR İXM-nin qeyd olunan maddəsi sürücünün yalnız telefondan istifadəsinə görə cərimə nəzərdə tutur. Burada isə sual yaranır ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefondan deyil, planşetdən, yaxud bu növdə hər hansı digər cihazdan istifadə etməsi AR İXM-nin 342.6-cı maddəsi ilə müəyyən olunan cərimə üçün əsas hesab olunurmu?
Bununla bağlı ilk növbədə “telefon” anlayışının izahını müəyyən etmək zərurəti yaranır. Azərbaycan Respulikasının qanunvericilik aktları sözügedən terminin definisiyasını müəyyən etmir. Eyni zamanda araşdırdığım məhkəmə qərarlarının heç birində “telefon” sözünün izahı müəyyən olunmadığı üçün Azərbaycan dilinin izahlı lüğətinə müraciət etdim. Azərbaycan dilinin izahlı lüğətində “telefon” dedikdə “danışığı uzaq məsafəyə verən qurğular sistemi – elektrik rabitə növü; habelə danışıq üçün siqnal zəngi və əldə tutmaq üçün dəstəsi olan aparat” nəzərdə tutulur.1 Göründüyü kimi, Azərbaycan dilinin izahlı lüğətində qeyd olunan anlayış bir qədər köhnə aspektdə ifadə olunub və “ənənəvi” telefon anlayışını əhatə edir. Müqayisə üçün qonşu ölkələrin qanunvericilik aktlarına nəzər salsaq, “Yol hərəkəti haqqında” Gürcüstan Respublikasının Qanunu telefona aşağıdakı qaydada anlayış verir:2
“Mobil telefon – iki və daha artıq fiziki şəxs arasında davamlı ünsiyyətə və/və ya mətn məlumatlarını göndərməyə və ya qəbul etməyə imkan verən cihaz”
Məhz Gürcüstan Respublikasının sözügedən qanununda qeyd olunan anlayış AR İXM-ə münasibətdə daha əhatəlidir və geniş təfsir edildikdə burada qeyd olunan “telefon” anlayışının “planşet” anlayışını da əhatə edəcəyi qənaətinə gəlmək olar.3
AR İXM-nin 342.6-cı maddəsi ilə bağlı digər maraqlı məqam “telefonu əldə saxlamaqla ondan istifadə edilməsi” ifadəsidir. Belə ki, qeyd olunan ifadə iki məsələni – (1) telefonun əldə saxlanılması, lakin istifadə edilməməsi və (2) telefonun əldə saxlanmadan, məsələn, çiyin vasitəsilə saxlayaraq istifadə edilməsi – sual altına qoyur. Birinci məsələ ilə bağlı mətbuatda işıqlandırılmış kifayət qədər sürücü etirazları mövcuddur. Təbii ki, burada “əldə saxlamaq” və “istifadə etmək” ifadəsi birlikdə başa düşülməlidir, çünki qanun bu ifadələri “və ya” bağlayıcısı ilə ayırmır. İkinci məsələ ilə bağlı isə əsas məqam “istifadə” hissəsindədir. Müqayisə üçün Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində nəqliyyat vasitəsinin hərəkəti vaxtı sürücünün telefondan istifadəsi ilə bağlı aşağıdakı müddəa mövcuddur:
“Nəqliyyat vasitəsini idarə edərkən əldən istifadə etmədən danışıqlar aparmağa imkan verən texniki cihazlarla təchiz olunmamış sürücünün telefondan istifadə etməsinə görə həmin sürücü 1500 rubl məbləğində cərimə olunur.”
Analoji anlayış Yol hərəkəti haqqında” Gürcüstan Respublikasının Qanununda aşağıdakı qaydada qeyd olunmuşdur:
“Sürücülər nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edə bilməz. Bu qadağa sürücülərin qulaqlıqlardan və ya reproduktorlardan (səsucaldıcılardan) istifadə etdiyi hallara şamil olunmur.”
Yuxarıda qeyd olunanlar heç də sürücülərin yalnız “əllərdən istifadə edərək telefondan istifadə etməli olduqlarını” nəzərdə tutmur və bu baxımdan AR İXM-nin 342.6-cı maddəsinin məzmunun dar ifadə olunduğunu sübut edir. Nəzərə alsaq ki, Gürcüstan Respublikasının və Rusiya Federasiyasının qanunvericilik aktlarında analoji məsələ nisbətən geniş kontekstdə ifadə olunub, AR İXM-nin qeyd olunan maddəsinə müvafiq dəyişikliklər edilməsinə zərurət vardır.
Bununla belə hazırkı vəziyyətdə nəqliyyat vasitəsini idarə edərkən sürücülərin telefonu əldə saxlayıb ondan istifadə etməmələri, yaxud da telefon əvəzinə planşetdən istifadə nəticəsində AR İXM-nin 342.6-cı maddəsi ilə cərimə olunmaları başa düşüləndir. Sözügedən maddəni qanunun məqsədinə müvafiq olaraq təfsir etdikdə bu cür qənaətə gəlmək olar. Belə ki, qanun sürücülərin diqqətinin yayınmamasını, eləcə də yol hərəkəti iştirakçılarının təhlükəsizliyini ön planda saxladığı üçün yuxarıda qeyd olunan hallar bu məqsədlərə uyğun olaraq təfsir edildikdə müvafiq əməllərin AR İXM-in 342.6-cı maddəsi ilə tövsif olunması başa düşüləndir. Lakin hər bir halda qeyd olunan maddənin daha detallı redaksiyasının qəbul olunmasına zərurət vardır.
Kanan Madatli, “Briefly: the Law”