Sülhməramlıların tətbiqinin beynəlxalq hüquqda özünə yer etməsi prosesi 1956-cı ildə Süveyş böhranına edilən müdaxilədən bəri fərqli meyarlardan asılı şəkildə davam etmişdir. Geniş qəbul edilən yanaşmaya əsasən Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan dövlətlərin fərdi və ya kollektiv özünümüdafiə hüququ vasitəsilə üçüncü dövlətin müdaxiləsinin mümkünlüyü sülhməramlıların tətbiqi üçün əsas sayılır. Bu məsələyə aydınlıq gətirmək üçün sülhməramlı dedikdə nəzərdə tutulan anlayışı dəqiqləşdirməyə çalışaq. Sülhməramlıları mandatının münaqişə tərəflərinin razılığı ilə cəlb olunmasından asılı olaraq iki kateqoriyaya ayıra bilərik. Bu kateqoriyalar sülhməramlılardan nizamnamənin 6-cı fəslinə uyğun olaraq (mübahisələrin dinc yolla həlli) və ya 7-ci fəslinə uyğun olaraq (sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər) istifadə edilməsi ilə fərqləndirilib. Təsadüfi deyil ki, BMT-nin 2-ci baş katibi Dag Hammarskjöld sülhməramlılıq fəaliyyətini “6 yarımıncı fəsil” adlandırmışdı.
Təcrübədə əsas fərqləndirmə sülhməramlı əməliyyatların kim tərəfindən həyata keçirilməsi zamanı ortaya çıxır. Yazıda bu bölgünü BMT tərəfindən və digər subyektlər tərəfindən həyata keçirilən əməliyyatlar kimi aparacağıq. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına görə başlıca məsuliyyəti BMT Təhlükəsizlik Şurasına könüllü əsaslarla sülhməramlı qüvvələr formalaşdırmaq və BMT baş katibini rəhbərlik etmək üçün təyin etmək səlahiyyəti verir. Davam etməzədn öncə nəzərə alaq ki, hansı subyekt tərəfindən həyata keçirilməsindən asılı olmayaraq sülhməramlı əməliyyatlar tərəflərin razılığı olmadan hərbi müdaxilədən fərqlənməzdi. Tarixdə razılıqla bağlı mübahisəli vəziyyətin yarandığı, demək olar ki, bütün əməliyyatlar, ya uğursuzluqla nəticələnmiş, ya da böyük tənqidlə qarşılanmışdır. BMT tərəfindən sülhməramlı missiyalar birbaşa TŞ və ya BM qətnamələri ilə həyata keçirilir. BMT sülhməramlılarının və regional sülhməramlı qüvvələrin fəaliyyətini 3 meyardan dəyərləndirək. İlk meyar kimi münaqişəni yaradan səbəblərlə bağlı təfərrüatlı təsəvvürün, mədəni və siyasi kontekstdə daha yaxın əlaqələrin olması regional səviyyədə sülhməramlılıq fəaliyyəti üçün üstünlük kimi qiymətləndirilir. İkinci tərəfdən coğrafi yaxınlıq ehtiyac yarandıqda əlavə qüvvələrin reaksiya imkanlarını da artırır. Son olaraq münaqişədə daha çox siyasi maraqlarının olması regional qüvvələrin neytral fəaliyyətinə təsirsiz ötüşmür.Tərkib baxımından BMT sülhməramlıları polis xarakterli şəxsi heyətə malik olduqları halda, regional sülhməramlılar birbaşa ordu birləşmələrdən ibarət olmaqdadırlar. Bunun səbəbləri arasında siyasi məqsədlər, maddi resurslar və BMT-nin beynəlxalq polis anlayışına yaxınlığı da yer almaqdadır. Sülhməramlılara danışıqlar həyata keçirmək, mediasiya apara bilmək bacarıqlarına lazım olur, hərbi birləşmədən daha çox yerli polislərin fəaliyyətinə . Bu xüsusda, Konqresin Respublikaçı üzvlərinin 1965-ci ildə təsdiq etdikləri həyata keçirilməyən xüsusi hazırlıqlı “birinci alay”-ın yaradılması ideyası ilə yarımçıq qalan ABŞ sülhməramlıları da, məqsədləri arasında “Rusiyanın milli maraqlarını və vətəndaşlarını müdafiə etmək” də yer alan RF sülhməramlılarını da uyğun hesab etmək olmaz.
Bəs əməliyyatlar zamanı törədilən hüquq pozuntularına görə məsuliyyəti kim daşıyır? Beynəlxalq Hüquq Konissiyasının 2001-ci ildə qəbul etdiyi “Dövlətlərin məsuliyyəti ilə bağlı maddələr”in 1 və 2-ci maddələrinə əsasən törədilən hərəkət dövlətə aid ediləndirsə və beynəlxalq öhdəliyin pozulması ilə nəticələnmişdirsə dövlət bu hərəkətə görə məsuliyyət daşıyır.4-cü maddə dövlətin orqanının hərəkətinə görə dövlətin məsuliyyəti o zaman nəzərdə tutur ki, orqan qanunverici, icraedici, məhkəmə və ya digər funksiyanı həyata keçirsin. Dövlətin hərbi birləşmələri bu cəhətləri özündə daşımaqla maddənin təsir dairəsinə düşür. Lakin hərbi birləşmələr hər hansı bir təşkilatın tərkibində fəaliyyət göstərdikdə dövlətin birbaşa özündən əmrlər almadığına görə vəziyyət dəyişir. Hüquq ədəbiyyatında formalaşmış əsas mövqe sülhməramlıların fəaliyyətinə görə məsuliyyətin aparılan əməliyyatlara rəhbərlik edən subyektin üzərində olması istiqamətindədir. Bu öz təsdiqini BMT Hüquq Müşavirinin 2004-cü ildə BMT-nin subsidiar orqanı kimi fəaliyyət aparan sülhməramlı qüvvələrin hərəkətlərinə görə BMT-nin beynəlxalq hüquqi məsuliyyət daşıdığını bildirmişdir. Məsələyə bir az daha aydınlıq gətirə bilmək üçün çoxmillətli sülhməramlı qüvvələrin tərkibində xidmət aparan qüvvələrlə bağlı 3 məhkəmə işini nəzərdən keçirək.
- H.N. v. the Netherlands işində Srebrenitsa soyqırımında ölən şəxslərin yaxınları Haaqada aşağı instansiya məhkəməsinə etdikləri müraciətdə Niderland sülhməramlılarının Bonsiyalı müsəlmanları köçürməsi nəticəsində qətliamla üzləşdiklərini və buna görə də Niderlandın öz hərbi birləşmələrinin hərəkətlərinə görə məsuliyyət daşıdığını iddia etmişdirlər. Məhkəmə isə Niderland hərbi birləşməsinin sülhməramlı missiya ilə bağlı BMT-nin tabeçiliyinə verildiyini əsas gətirmiş və dövlətin məsuliyyətinin olmaması qənaətinə gəlmişdir.
- Digər iş olan Mothers of Srebrenica v. the Netherlands işində isə iddia BMT-yə və Niderland hökumətinə qarşı yönəldilmişdir. Bu işdə məhkəmə BMT-yə qarşı işə baxmaq səlahiyyətinin olmadığını əsaslandırdı. Yuxarıda sadalanan iki işin nəticəsində məhkəmə 1) Niderland hökumətini Srebrenitsanın məsuliyyətindən azad etdi, 2) bütün məsuliyyəti kifayət qədər sübutların olmamasına baxmayaraq BMT-yə atdı, 3) BMT Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, Avropa İnsan Hüquqları Konvensiyası və Genosid Konvensiyasından irəlli gələn mülki iddialardan immuniteti vasitəsilə azad oldu.13 1995-ci ilin iyulunda Niderland Ali Məhkəməsi Mothers of Srebrenica v. the Netherlands işi ilə bağlı yekun qərar qəbul edərək BMT-nin immunitetini saxlamaqla Niderland sülhməramlılarının soyqırımın mövcud nəticələrinin 10%-i üçün məsuliyyət daşıdığını müəyyən etdi. Beləcə gələcəkdə effektiv nəzarətin BMT ilə bərabər sülhməramlı göndərən dövlətlərin də üzərinə düşdüyünü göstərmiş oldu.
- Behrami işində isə Fransız sülhməramlıların təyin olunduqları ərazidə oyun oynayarkən sursatların partlaması nəticəsində həlak olan uşağın valideyni Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin pozulması əsası ilə Avropa İnsan Hüquqları Məhkəməsinə Fransaya qarşı iddia ilə müraciət etmişdi. AİHM-in ən çox tənqid olunan qərarlarından biri olmaqla bu işdə məhkəmə Konvensiyanı tətbiq etməyərək, Fransız sülhməramlılarının BMT TŞ-nın qətnaməsinə əsasən xidmət apardığını və bu minvalla dövlətin məsuliyyət daşımadığını qərarlaşdırdı. Bu bir kənara qalsın məhkəmə Konvensiyanın üzv dövlətlərin BMT-nin Təhlükəsizlik Şurasının Qətnamələri ilə əhatə olunan və beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması missiyası ilə bağlı baş verən hərəkət və ya hərəkətsizliyinə dair araşdırma aparmaqla BMT-nin həlledici missiyasının icrasına maneə törədilə biləcəyini düşünür.
Sülhməramlılıq fəaliyyəti üzrə 70 ildən çoxdur formalaşan təcrübə dövlətlərin beynəlxalq təşkilatlarla bərabər məsuliyyətinin gözlənildiyini göstərir. Sülhməramlı qüvvələrin hansı hüquqi əsasla təyin olunması, necə idarə olunması, effektiv nəzarətin yoxlanılması kimi suallar sülhməramlı fəaliyyətlər zamanı beynəlxalq hüquq pozuntularına görə məsuliyyətin daşıyıcısını müəyyən etməkdə rol oynayır.
Müəllif: Nurlan Məmmədli
(lawblog.az)