Hazırda Azərbaycan Respublikası Milli Məclisində müzakirə olunan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilməli olan bəzi dəyişikliklər vəkillərin narazılığına səbəb olur. Araşdıraq görək bu narazılıq haqlıdır yoxsa yox.
Eləcə də bax: Vəkillərə 500 manat cərimə yazılması ilə bağlı - Ali Məhkəmədən Açıqlama
Azərbaycan Respublikasının Konstitusiyasının hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verdiyini nəzərə aldıqda vəkillik bu hüququn əsas təminatçılarından biridir. Belə ki, Azərbaycan Respublikasında vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərən hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Bu fəaliyyətin əsaslarını vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi təşkil edir.
Vəkillərin mülki prosesual hüquq və vəzifələrinə gəldikdə isə vəkillər iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüquqlarına malikdir.
İndi izah edək ki, “vəsatət” nədir və ədalət mühakiməsində hansı rolu oyanayır?
Vəsatət məhkəmə prosesində iştirakçıların (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürən və sürməyən üçüncü şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər) özlərinin iddia və etirazlarını sübut etmək, öz hüquq və mənafelərini müdafiə etmək məqsədilə hər hansı mülki prosesual hərəkətlərin edilməsi üçün hakimə və ya məhkəməyə sədrlik edənə yazılı və ya şifahi formada ünvanladığı müraciətdir.
Misal üçün məhkəmə prosesi zamanı aşağıdakı hərəkətlərin edilməsi üçün vəsatətlər verilə bilər: iş üçün əhəmiyyətli olan hər hansı halların, sübutların toplanması, səs və ya video yazıların təqdim və ya tələb olunması, xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edilməsi, mütəxəssisin cəlb olunması, şahidin çağırılması, prosessual müddətlərin bərpa olunması, fiziki və ya hüquqi şəxslərdən sübutların tələb olunması, ərizənin geri qaytarılması və digər.
Mülki Prosessual Məcəlləyə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir ki, bu çəkişmə prinsipinin təmin olunması, eyni zamanda faktların aşkara çıxarılması üçün proses iştirakçıları tərəfindən istifadə olunan əsas vasitələrdən biri də vəsatətlərdir.
Müzakirədə olan qanunvericilik layihəsinə əsasən Mülki Prosessual Məcəlləyə bu maddələrin əlavə edilməsi nəzərdə tutulur:
"174.5. Məhkəmə, açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir."
"184.5. İşdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir."
Vəsatətin ədalət mühakiməsinin təmin olunmasındakı rolunu bildikdən sonra (ki bütün proses demək olar ki vəsatətlər üzrəində qurulur) gəlin razılaşaq ki, bəzən proses iştirakçıları (o cümlədən vəkillər) tərəfindən məhkəmənin işə baxma müddətinin süni şəkildə uzadılması məqsədinə xidmət edən və işin nəticəsi üçün əhəmiyyəti olmayan vəsatətlər də verilir.
Böyük ehtimalla qanunverici bu kimi sui-istifadə hallarının qarşısının alınması məqsədilə bu müdəanın Məcəlləyə daxil edilməsini müzakirə edir.
Lakin gəlin baxaq. Məgər prosesi süni şəkildə yubatmaq istəməsi tərəfin hüququ deyilmi? Üstəlik vəkil üçün bu qanunazidd əməl də hesab olunmur.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əsasən Vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, fiziki və hüquqi şəxslərin nümayəndəliyinin həyata keçirilməsində, fiziki və hüquqi şəxslərə lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində, digər növ hüquqi yardım göstərilməsində və bütövlükdə öz fəaliyyətlərində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək hüququna malikdirlər. Yəni ki, prosesin yubadılması vəkilin hüquqlarını müdafiə etdiyi şəxsin xeyrinədirsə vəkil bunu etməkdə sərbəstdir. Hətta etməlidir.
Bir daha qeyd edək prosesi yubatmaq üçün vəsatətin verilməsi prosesi yubatmır. Bu sadəcə istəkdir, yəni hüquqi nəticəsi hələ ki yoxdur. Hakimin də haqlı olaraq həmin vəsatəti rədd etmək səlahiyyəti vardır. Bitti.
Proses öz özünə tənzimlənərkən bu müədanın Məcəlləyə daxil edilməsi qarşıya qoyulmuş məqsədi aşaraq yeni sui-istifadə halı yaradacaqdır.
Birincisi vəkilin məhkəmədəki müstəqilliyi təzyiqə məruz qalacaq. Onsuzda xidmət haqqısı Avropa və region ölkələrindən geri qalan vəkilin indi yeni qorxusu yaranacaq. “Vəsatət versəm 500 manat cərimələnərəm qorxusu.”
İkincisi “əsassız vəsatət” dedikdə kimə görə əsassız hesab olunacaq. Tərəfin onu əsaslı hesab edə bilər.
Üçüncüsü “Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir.” ifadəsində yubatmaq məqsədinin olduğunu hakim sübut edəcəkmi?
Nəticə etibarilə indiyədək öz-özünə tənzimlənən bir porsesin Məcəlləyə daxil edilməsi tərəfimizdən vəkillik institutunun əsas silahlarını əlindən alınması kimi qiymətləndirilir.
Hüquqşünas Hüseyn İsmayılov