Bu gün qohum-əqrəbadan, dost-tanışdan borca pul alıb-verən kifayət qədər insan var. Bəzən verilən borc vaxtında qaytarılmır, yaxud borc alan şəxs aldığı məbləği qaytmarmaqdan ümumiyyətlə imtina edir. Adətən belə hallarda tərəflər arasında borc müqaviləsi yazılmır. Şifahi alınan, yəni yazılı müqavilə olmadan verilən borcun məhkəmə qaydası ilə qaytarılması nə qədər realdır?
Məsələ ilə bağlı vəkil Əkrəm Həsənovdan münasibət öyrəndik.
FED.az xəbər verir ki, vəkil e-huquq.az-a açıqlamasında bildirib ki, əgər borcla bağlı yazılı müqavilə yoxdursa, borcu alan şəxsin kiməsə borc verdiyini məhkəmədə sübuta yetirməsi demək olar ki, qeyri- mümkündür.
Eləcə də bax: "Borcumu qaytarmaq üçün 124 nəfərin hesabından pul çıxardım - BANK XƏBƏRSİZ İDİ"
Onun sözlərinə görə, əsas problem ondan ibarətdir ki, həmin şəxs bunu hansı yolla sübut edəcək: “Borcun verilməsi ilə bağlı məsələdə şahidin, yaxud şahidlərin olması nə qədər keçərlidir? Tutaq ki, borc verənin şahidləri məhkəmədə bunu təsdiq etdilər. O zaman borc alanın gətirdikləri şahidlər də borcun qaytarıldığını iddia edəcəklər. Məhkəmə nəyin əsasında birinin şahidlərinə etibar edəcək, digərlərinin isə yox?!".
Ə.Həsənov təəssüflə qeyd edib ki, Azərbaycan şəraitində bu cür məsələlər zamanı, xüsusən söhbət böyük məbləğlərdən gedəndə hüquq-mühafizə orqanlarını bu işə qatırlar: “Son zamanlar bu cür meyllər güclənib. Məndə olan cinayət işində vətəndaşı iki nəfər ittiham edir ki, biz sənə pulu vermişik. Bununla bağlı heç şahid də yoxdur. Bunun əsasında polis dələduzluqla bağlı cinayət işi açıb. Əgər məhkəmələr belə işlər üzrə vətəndaşlara dair ittihamverici əsaslarla hökm çıxararsa, hamı gələcəkdə məhkəmələrdə bu cür iddi qaldıracaq. Sözügedən məsələ ilə bağlı birmənalı praktika yoxdur”.
Vəkil diqqətə çatdırıb ki, qanuna əsasən, alınan borcun miqdarı 3000 manatdan çoxdursa, o zaman tərəflər arasında borc müqaviləsi yazılı formada olmalıdır: “Bu, Mülki Məcəllənin müvafiq maddələri ilə tənzimlənir. Vətəndaşlarımıza xatırladıram ki, Qurani Kərimdəki ayələrin birində “biri-birinizə borc verəndə yazın” deyilir”.