Azərbaycanın məhkəmə hüquq sistemində son illərin, daha dəqiqi bəlkə də müstəqillik əldəedəndən bəri ən mühüm yenilik baş verib. Ölkədə ilk dəfə olaraq özəl icra məmurları – məhkəmə qərarlarını icra edəcək müstəqil şəxslər fəaliyyətə başlayacaq.
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq - ADLARI
FED.az xəbər verir ki, uzun illərdir ki, bütün müstəqil respublikalarda olduğu kimi, Azərbaycanda da məhkəmə qərarlarının icrası ilə İcra Xidməti – Ədliyyə Nazirliyinin qurumu məşğul olurdu.
Son illərə qədər bu qurumun fəaliyyətinə münasibət birmənalı deyildi, xüsusilə biznes ictimaiyyəti İcra Xidmətinin fəaliyyətindən narazı idi. Qurum məhkəmə qərarlarını effektiv icra edə bilmir, bəzi qərarlar uzun illər kağız üzərində qalırdı.
Eyni zamanda bu xidmət kifayət qədər bahalı idi – məhkəmə qərarının nə qədər effktli icra edilməsindən asılı olmayaraq tələbkar və borcludan Xidmətə ciddi vəsaitlər ödənilirdi.
İcra keyfiyyətinin aşağı olması nəticəsində hətta son illər sürətli islahatlar aparılan məhkəmə sisteminin fəaliyyətinin də faydasını azaldırdı.
Nəticədə inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da icra xidmətinin özəl sektora həvalə edilməsi təklif edildi. Bu yenilik ilk dəfə 6 il əvvəl –Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı 2019-cu ilin aprelində imzaladığı fərmanda əksini tapıb.
Nəhayət, 2025-ci ilin iyun ayında dövlət başçısı tərəfindən Milli Məclisə «Xususi icra məmurları haqqında» qanun layihəsi daxil olub.
Özəl icra məmurları hansı qərarları icra edəcəklər?
Qanuna görə, xüsusi məhicra məmurları məhkəmə qərarlarının əksəriyyətinin icrası ilə məşğul olacaqlar. Bura biznes və mülki mübahisələr, əmlak mübahisələri və sair aiddir. Qanundan məlum olur ki, yeni icra məmurları dövlət qurumlarına qarşı çıxa bilməyəcəklər.
Belə ki, cinayət işləri və inzibati xəta üzrə hökmlər, məhkəmənin inzibati mübahisələr üzrə qərarları, mülki işlər və kommersiya mübahisələri üzrə dövlət orqanlarının, o cümlədən Mərkəzi Bankın tərəf olduqları məhkəmə qərarları, mənzil və obyektdən çıxarılma haqqında qərarlar (bankdakı girovla bağlı məsələlər istisna olmaqla), məişət zorakılığı ilə bağlı qərarlar istisna olmaqla yeni icra məmurları bütün məhkəmə qərarları ilə məşğul olacaqlar. Bura alimentlərin geri alınması da aiddir.
Məhkəmə qərarını icra etmək üçün kimi seçək – dövlət icraçılarını, yoxsa, özəl icra məmurunu?
İndiyədək məhkəmə qərarları icra olunması üçün birbaşa İcra Xidmətinə göndərilirdi. İndi isə, yeni qanuna əsasən tələbkar, yəni məhkəməni udan tərəf, məhkəməyə müracit edib icra sənədini özü alacaq, və onu icra etmək üçün icra məmuruna verəcək. Bundan sonra həmin qərarın icrası ilə özəl icra məmuru məşğul olacaq.
Əgər tələbkar bu barədə məhkəməyə müraciət etməsə, məhkəmə əvvəlki qaydada icra sənədini icra xidmətinə göndərəcək.
Özəl icra məmurları – İcra Xidməti qədər səlahiyyətli olacaqlar
Yeni qanun faktiki olaraq Azərbaycanda məhkəmə qərarlarının icrası üzrə alternativ mexanizmi ortaya qoyur. Xüsusi icra məmurları dövlətin icra xadməti kimi məhkəmə qərarlarının icrası ilə məşğul olacaqlar. Onların tələbi dövlətin tələbi sayılacaq.
Qanunda deyilir ki, xüsusi icra məmurunun qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabərdir. İcra sənədlərinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasının ərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
Bundan başqa, xüsusi icra məmuruna iş ilə əlaqədar tələb olunan məlumatlar, sənədlər və onların surətləri dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.
Məhkəmə qərarlarının özəl icra məmurları tərəfindən icrası neçəyə başa gələcək?
Qanuna görə, xüsusi icra məmurlarına məhkəmə qərarının icrasına görə haqq ödəniləcək. Xidmət haqqı 2 formada olacaq – standart xidmət haqqı, hansı ki, bunu dövlət müəyyən edəcək və əlavə xidmət haqqı. Əlavə xidmət haqqının məbləğini icra məmuru özü müəyyən edib tələbkara və ya borcluya bildirəcək. Hər iki xidmət haqqını məmura borclu tərəf ödəycək. İşə başlamazdan əvvəl icra məmuru avans da alacaq, bu məbləği ona tələbkar ödəyəcək.
Necə icra məmuru olmaq üçün nə etmək lazımdır?
Qanuna görə, icra məmuru olmaq üçün dövlət qurumu (böyük ehtimalla bu Ədliyyə Nazirliyi olacaq – FED.az) tərəfindən elan edilən müsabiqəyə qatılmaq, müsabiqədən keçmək, eləcə də təlim və staj keçmək tələb olunur. Vətəndaş qüsulu olaqn şəxslər, eləcə də vəzifəsindən qovulmuş hüquq-mühafizə işçiləri və 65 yaşa çatmış şəxslər icra məmuru ola bilməzlər.
İcra məmurlarının palatası yaradılacaq
Qanuna görə icra məmurlarının Palatası yaradılacaq və bütün icra məmurları bu palatanın üzvü olub üzvlük haqqı ödəyəcəklər. Palata məmurların işini koordinasiya etmək, eləcə də onlara nəzarət üçün yaradılır.
İcra məmurları 80 min manata sığorta ediləcəklər
Yeni qanuna əsasən icra məmurları öz peşəkar fəaliyyətlərini sığortalamalı olacaqlar. Bura məlumatın yayılması, digər şəxslərə dəyən zərər və sair aiddir. Məmurlar bu hallardan azı minimum əmək haqqının 200 misli miqdarında, yəni 80 min manatlıq sığorta olunmalıdırlar.