“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Zərərçəkənlər pul, ev tələb edirlər - Mebel sexindəki partlayışla bağlı məhkəmə
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.
İş üzrə zərərçəkən qisimdə tanınan Elxan Əhmədov ifadəsində bildirib ki, həmin zavodda fəhlə olub: “Hadisə zamanı bədən xəsarətləri almışam. Müalicə xərclərimin bir qismi ödənilib. Əlavə ödənişin olunacağını bildiriblər. Əgər mənə əlavə yardım ediləcəksə, barışıq ərizəsini təsdiq edəcəm”.
Daha sonra Rahib Nuriyev sərbəst ifadə verib. O, ifadəsində zavodda çalışmadığını bildirib: “Mən sözügedən zavodda çalışmamışam. Sosial şəbəkə üzərində sifarişlər götürüb, materialları sexə aparıb, orada kəsim edirdim. Hadisə zamanı xəsarət almışam. Eyni zamanda, maşınıma ziyan dəyib. Maddi ziyan ödənilib. Qarşı tərəfə tələbim yoxdur”.
Daha sonra Əli Muradov, Şahin Cəfərov, Elvin Namazov, Rövşən Abdullayev, Orxan Səfərli ifadələrində onlara dəyən ziyanın ödənildiyini və qarşı tərəfə tələblərinin olmadığını bildiriblər.
Hadisə nəticəsində həyatını itirən İlqar Məmmədovun hüquqi varisi Vüsalə Məmmədova da ifadə verib. O bildirib ki, yoldaşı zavodda usta olub:
“Yoldaşım həmişə gəldiyi vaxtda evə gəlmədi. Zəng etdik, açmadı. Daha sonra Vahidlə danışdıq. O, bizə dəqiq məlumat vermədi. Dedi ki, hadisə baş verib və İlqar xəstəxanadadır. Sonra mən onun öldüyünü bildim. Vahid bizimlə maraqlanmır. Yoldaşım onun işçisi idi. Kirayədə yaşayırıq. Vəziyyətimiz ağırdır. Təzminat tələb edirəm”.
Digər zərərçəkən Anar Hüseynzadə bildirib ki, sexdə usta köməkçisi olub: “Partlayış oldu, sonra yanğın baş verdi. Mənə maddi köməklik olunub, şikayətim yoxdur, amma əlavə yardım edilməsini xahiş edirəm.”
Anar Nuriyev ifadəsində hadisə nəticəsində ona 31 min manat ziyan dəydiyini bildirib: “Mənə köməklik göstərilməsini istəyirəm. Avadanlıqlarıma ziyan dəyib, buna görə mənzilimi satdım və daha da çox borca düşdüm. Ən azı ziyanın 80%-nin ödənilməsini istəyirəm”.
Daha sonra zərərçəkən Tofiq Qurbanov ifadə verib: “Mənə maddi ziyan dəyib, avadanlıqlar yararsız vəziyyətə düşüb. 120 min manat dəyərində ziyana düşmüşəm. Hadisədən sonra işlərim qəlizləşdi. Məcbur qalıb yanan avadanlıqları satdım. Tələbim ziyanın ödənilməsidir.”
Təqsirləndirilən Tağı İbrahimov iddia ilə razılaşmayıb. O, bildirib ki, iddia tələbi şişirdilib: “Bu qədər ziyan dəyməsini əks etdirən sübut var? 120 min manat böyük məbləğdir. Zərərçəkən iddia edir ki, avadanlıqları “metallom”a satıb. Bunu necə sübut edə bilər”?
Hakim bildirib ki, o, iş üzrə zərərçəkəndir və onları razı salaraq barışıq əldə etmək lazımdır: “Bu vəziyyətdə siz özünüzü onların yerinə qoyun. Burada yaxınını, sağlamlığını itirən var. Onları geri qaytarmaq mümkün deyil. Proses 1 ildir davam edir. Hələ də narazı qalan şəxlər var”.
Daha sonra İmran Ağayev ifadə verib. O, həmin sexdə çalışmadığını deyib: “Hadisə baş verən gün dostumu işə həmin zavoda gətirmişdim. Dostumu düşürdüm. Maşınla tərpənməmişdim ki, partlayış baş verdi. Hadisə nəticəsində avtomobilim ziyan görüb. Ziyan qarşılanmayıb. Əmlaka dəymiş ziyanın ödənilməsini istəyirəm.”
Proses iyunun 18-də davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. ()Apa