Kürdəmirin həbsdə olan sabiq icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovla bağlı verilən şikayətlər təmin edilib.
Ağsu İcra Hakimiyyətində əməliyyat keçirildi- SAXLANILANLAR VAR
FED.az xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Hacıyevin sədrlik etdiyi prosesdə onların həyat yoldaşlarının şikayəti əsasında müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarılıb.
Qeyd edək ki, həmin şəxslərin ailə üzvləri sözügedən əmlakların geri qaytarılması ilə bağlı kassasiya şikayəti vermişdilər. Bu ilin avqust ayında Ali Məhkəmə şikayəti qismət təmin edərək apellyasiya instansiya məhkəməsinə göndərmişdi.
Xatırladaq ki, sabiq icra başçısı və sözügedən vəzifəli şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2020-ci ilin avqust ayında keçirdiyi əməliyyatla həbs olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.
Sonradan Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişib.
Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib.
Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib. (Report)