FED.az biznes-maliyyə portalı tanınmış hüquqşünas, Vəkillər Kollegiyasınını üzvü Pərviz Məmmədovun növbəti yazısını təqdim edir
Korrupsiya ilə bağlı ilk növbədə əksəriyyət tərəfindən yanlış bilinən bir məsələni aydınlaşdırmaq lazımdır ki, korrupsiyanın yalnız bir topluma bir regiona xas bir fenomen olduğunu düşünən şəxslər yanılırlar çünki korrupsiyanın tarixi elə dövlətin tarixi ilə eyni dövrdən başlayır. Elə bir dövr və elə bir cəmiyyət də mövcud deyil ki, korrupsiyadan öz nəsibini almasın onun zərərlərini öz üzərində hiss etməsin.
Bizə məlum olan ən qədim korrupsiya faktının miladdan əvvəl 4000-ci illərə aiddir. Şumer məktəb günləri adlı bir kitabədə məktəbdə qiymətləri pis olan bir şagirddən bəhs edilir. Bu şagirdin ailəsi onun qiymətlərinin yaxşı olmasını istəyirlər və müəllimi evlərinə dəvət edib ona yaxşı qonaqlıq verirlər və hekayənin davamında görürük ki, həmin şagird sinifdə ən yaxşı qiymətlər alan şagird olur. Hətta onu sinif nümayəndəsi təyin edirlər.
Qədim yunan dövlətlərində də korrupsiya və əsasən də rüşvət çox geniş yaylımışdı.Məmurlar arasında rüşvət o qədər geniş yayılmışdı ki, hətta məşhur natiq Demostenes (e.ə. 380-322) öz həyatını korrupsiya ilə mübarizəyə həsr etmişdir. Lakin sonradan onun özü də rüşvət almaq ittihamı ilə cəzalandırılmışdır.
Platon “dövlət məmurları heç bir hədiyyə almadan xidmət etməlidirlər. Buna riayət etməyən məmurları məhkəmə edam cəzasına məhkum etdikdə isə onlara heç bir dəfn mərasimi keçirilmədən dəfn olunmalıdırlar” deyə yazırdı.
ABŞ-da siyasi partiyalar hakimiyyətə gəldikdən sonra seçkilərdə onları dəstəkləmiş şəxsləri işə götürür və adamların öz vəzifələrini icra etmək üçün təhsil və bacarıqlarının olmaması heç bir önəm kəsb etmirdi. Bu səbəbdən də dövlət qulluqçuları vəzifəyə bir qənimət toplama yeri kimi baxırdılar və seçkidən sonra işdən çıxarılacaqlarını bildikləri üçün bütün korrupsiya imkanlarını istifadə edirdilər. Bu hal seçkidə verdiyi dəstəyin qarşılığını ala bilməyən bir vətəndaşın Prezident Garfildə (James A. Garfield) sui-qəsd edərək onu öldürməsindən sonra qəbul edilən Pendleton Akt (1883) ilə həyata keçirilən islahatlara kimi davam etmişdir.
Sonrakı dövrlərdə hər dövlət öz ehtiyacları və imkanları çərçivəsində korrupsiyaya qarşı mübarizə metodlarını təkmilləşdirməyə çalışmışdır.
Burada bilinməsi və vurğulanması zəruri olan məqam bir çox toplumlar özlərində korrupsiyanı vaxtında anlayır araşdırır onu yaradan şəraiti təhlil edir ona qarşı mübarizə metodları hazırlayır və ən sərt şəkildə ona qarşı mübarizə aparırlar və bu mübarizənin nəticəsindən də həm özləri həm də gələcək nəsillər faydalanır inkişaf edir.
Çox təəsüflə qeyd etməliyəm ki, korrupsiya onun əlamətləri səbəbləri və ona qarşı mübarizə metodları barədə bizim elmi, analitik araşdırmalarımız yox dərəcəsindədir.
Sadə vətəndaşlar arasında korrupsiyanı anlama, qavrama və onun nəticələrini sezmə vərdişləri demək olar ki, yoxdur.
Bu baxımdan vətəndaşların ciddi şəkildə maarifləndirilməsinə zərurət vardır. Azərbaycan dilində araşdırmaların məqalələrin və kitabların yazılması bu problemin həlli baxımından çox vacibdir.
Korrupsiyanı anlamaq üçün ilk növbədə korrupsiya sözünün mənşəyinə və anlayışına baxaq qısaca. Korrupsiya sözü latın mənşəlidir, “corrumpere” sözündən gəlir. Bu söz latın dilində bir neçə məna verir onlardan biri rüşvət biri isə dağıtmaq mənasında işlədilir.
Korrupsiya - Qanuni səlahiyyətin şəxsi məqsədlə sui-istifadə edilməsidir. Korrupsiyanı doğru anlamaq üçün ilk növbədə onun necə və hansı şəraitdə yaranmasını bilmək lazımdır.
Korrupsiyanın səbəblərini ən sadə formada 1020-1086-cı illərdə yaşamış çinli islahatçı Uanq An Şih (Wang An Shih) göstərmişdir. Ona görə korrupsiyanın iki bünövrə səbəbi vardır:
- Pis qanun
- Pis insan
Amma qanunları da insanların yazdığını və tətbiq etdiyini nəzərə alsaq bir çox hallarda korrupsiyanın səbəblərini müəyyən etmək daha da çətinləşir.
Müasir dövrdə Korrupsiyanın əsasən idarəetmə, iqtisadi və sosial səbəbləri olduğu düşünlür və bu səbəblər araşdırılaraq onların aradan qaldırılması istiqamətində dövlətlər öz fəaliyyətini həyata keçirməyə çalışır.
İlk öncə idarəetmədən irəli gələn səbəbləri qeyd edirlər, bunlara aiddir:
- Bürokratik səbəblər,
- İdarəetmə qaydalarında çatışmazlıqlar,
- Dövlət qulluqçularının rifah problemləri,
- Hesabatlılıq və şəffaflığın olmaması və ya yetərincə olmaması,
- İctimai nəzarətin olmaması,
- Ədalət məhkəməsinin problemləri.
İqtisadi səbəblərə aşağıdakı səbəbləri göstərə bilərik:
- Dövlətin iqtisadiyyatda böyük iştirak payına malik olması,
- Qeyri-rəsmi iqtisadiyyat,
- Gəlir bölgüsündə qeyri-bərabərlik,
- Media və sahibkar münasibətləri.
Sosial səbəblər:
- Ənənəvi münasibətlərin güclü olması,
- Təhsilin yetərsizliyi,
- Vətəndaşlıq və haqqını tələb etmə şüurunun formalaşmaması,
- Vətəndaş cəmiyyətinin yetərsizliyi.
Növbəti yazılarımızda bu səbəblərin hər birini daha geniş və altbaşlıqlarla təhlil etməyə çalışacağıq.