Konstitusiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul edib.
Eləcə də bax: Yanvarın 1-dən tətbiq olunacaq - YENİ CƏRİMƏLƏR
FED.az xəbər verir ki, bu məsələ KM Plenumunun dekabrın 19-dakı toplantısında müzakirə edilib.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaiti müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilib. Daha sadə desək, Azərbaycan şirkəti və ya iş adamı xaricdən hər hansı mal və ya avadanlıq almaq üçün avans ödənişi edilibsə və ödənişdən keçən 270 gün ərzində bu mal və ya avadanlıq ölkəyə gəlib çıxmayıbsa, sahibkarlar cərimə edilir. Cəriməni Maliyyə Bazarlarına Nəzarət Palatası (indi ləğv edilib və səlahiyyətləri Mərkəzi Banka keçib) yazırdı.
Budəfəki toplantı da belə cərimələrdən birinin nəticəsidir. Plenumun toplantısında əlaqədar qurumların nümaynədələri - Şəki Apellyasiya Məhkəməsinin sədrinin müavini Mirbahəddin Hüseynov və Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və lisenziyalaşdırma departamentinin İnzibati icraat idarəsinin aparıcı mütəxəssisi Orxan Xaspoladov da iştirak edib.
Müzakirənin əsas mövzusu baş verən inzibati pozuntuya (yəni pulu ödəyib malı gəğirməməyə görə) görə tənbeh vermə müddətinin tətbiqi olub. Mübahisə 2018-ci ilin martındakı əməliyyatla başlayıb. Həmin vaxt fərdi sahibkar V.Musayev Türkiyə Respublikasında fəaliyyət göstərən şirkət ilə alqı-satğı müqaviləsi bağlamış vəbir neçə dəfə, o cümlədən 12 mart 2018-ci il tarixində pul vəsaitini göstərilən şirkətin hesabına köçürüb. Amma üstündən 270 gün keçməsinə baxmayaraq həmin malın gətirilməsini və ya ödənişin geri qaytarılmasını sübut edən sənəd təqdim edə bilməyib. Nəticədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 21 yanvar 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməklə, inzibati qaydada cərimə edilib. V.Musayev
Maliyyə Bazarlarına Nəzarət Palatasının həmin qərarından Balakən Rayon Məhkəməsinə şikayət verib. Balakən Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 27 mart 2019-cu il tarixli qərarı ilə V.Musayevin şikayəti təmin edilmiş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.0.1-ci maddəsində nəzərdə tutulmuş əsasla (inzibati xəta hadisəsinin olmaması) xitam verilmişdir.
Maliyyə Palatası isə aprelyasiya iddiası qaldırıb və Şəki Apellyasiya Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 10 may 2019-cu il tarixli qərarı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının apellyasiya şikayəti təmin edilib, V.Musayevin barəsində birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı qanuni hesab edilib.
Mübahisənin məğzi ondan ibarətdir ki, sahibkar bu qərarın pozuntu baş verəndən sonra bir il müddətinədək baxılmasını tələb edir, qarşı tərəf isə pozuntudan sonrakı 3 ay ərzində qərarın verilməsini istəyib. Məsələni araşdıran Konstitusiya Məhkəməsinin plenumunun qərarına əsasən, pozuntuya görə, məhkəməyə müraciətlə bağlı vaxt axını inzibati xətadan dərhal sonra, yəni 271-ci gün başlayır.
Konstitusiya Məhkəməsinin Plenumu məsələ ilə bağlı aşağıdakıları qeyd edir ki, avans ödənişi edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində mallar (xidmətlər) idxal edilmədikdə və ya valyuta vəsaiti geri qaytarılmadıqda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir.
Bu tarixən sonra 90 gün ərzində məsələyə baxılıb qərar çıxarılmalıdır. Hüquqi şəxslərlə bağlı məhkəmə qərarı, fiziki şəxslərlə bağlı isə icra protokolu.
Beləliklə, KM-in qərarına əsasən,
1. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.
2. Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar.