Mediasiya xüsusi danışıq texnikalarından istifadə etməklə qərəzsiz üçüncü tərəfin mübahisə tərəflərinə mübahisənin həllində kömək edən strukturlu və interaktiv prosesdir. Mediasiyanın məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və tərəfləri razı salacaq şəkildə mübahisənin həllinin təmin edilməsidir. Mediator neytral tərəf olaraq, prosesi idarə etməkdən çox, asanlaşdırmağa çalışır.
Kommersiya mübahisələri üzrə mediasiya digər növ mediasiyalardan əhəmiyyətli dərəcədə fərqlənir, lakin onun da əsas xüsusiyyəti ondan ibarətdir ki, mübahisə barədə son qərar mütləq şəkildə tərəflərin razılığı ilə verilir. Təbii ki, burada mediatorun əsas məqsədi mübahisə tərəflərini həlletməyə doğru yönəltməkdən ibarətdir.
Bu məqalə ilə kommersiya mübahisələri üzrə mediasiya prosesinə dair qanunvericiklə müəyyən olunmuş tələblər mərhələli şəkildə, müvafiq normativ aktlara və nümunəvi sənədlərə aktiv keçidlər qoyulmaqla, eləcədə müvafiq qrafik və sxemlərlə izah edilməyə çalışılır.
İlkin mediasiya sessiyasında iştirak tələbi
“Mediasiya haqqında” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli, 1555-VQ nömrəli Qanununun (bundan sonra: Mediasiya haqqında Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
İlkin mediasiya sessiyası ilə bağlı prosedur
İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator aparır. İlkin mediasiya sessiyası tələbi əsasında prosedura başlamaq üçün tərəf digər tərəfə Mediasiya prosesinin tətbiqi barədə Təklif təqdim etməlidir (Qrafik, Bənd 1). Həmin təklifdə mübahisənin həllinə cəlb olunmaq üçün Mediasiya Şurasının Reyestrində qeydiyyatdan keçmiş Mediatorun (və ya Mediasiya Təşkilatının) təqdimatı irəli sürülür.
Qarşı tərəf təklif olunan mediatorun işə cəlb olunmasına razılığını bildirərsə (Qrafik, Bənd 2a), həmin Mediatora müraciət olunur və bununla bağlı seçilmiş Mediator tərəfindən sessiyanın vaxtı və yeri qarşılıqlı şəkildə razılaşdırılmaqla tərəflərə İlkin Mediasiya Sessiyasına Dəvət məktubu ünvanlanır (Qrafik, Bənd 4)
və İlkin Mediasiya Sessiyası keçirilir (Qrafik, Bənd 5).
Qarşı tərəf Təklifə cavab verməzsə (Qrafik, Bənd 2b), Təklifdən imtina edərsə (Qrafik, Bənd 2c) və ya işə cəlb olunacaq mediator barədə razılığa gəlinməzsə (Qrafik, Bənd 2d), Təklif edildikdən 10 iş günü keçdikdən sonra, iş mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər (və ya rayonda) yerləşən mediasiya təşkilatı, olmadıqda ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır (Qrafik, Bənd 3). Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin Müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator təyin edir. Təyin olunmuş mediator sessiyanın vaxtı və yerini qarşılıqlı şəkildə razılaşdırmaqla tərəflərə İlkin Mediasiya Sessiyasına Dəvət məktubu ünvanlayır (Qrafik, Bənd 4).
Qrafik
Göründüyü kimi, tərəflərin davranışlarından asılı olmadan qanunvericilklə hər bir halda İlkin Mediasiya Sessiyasının keçirilməsi təmin olunmuş olur (Qrafik, Bənd 5).
Tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə (Qrafik, Bənd 6a) və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə (Qrafik, Bənd 6b), mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə İlkin Mediasiya Sessiyasında iştirak edilməməsi bərədə Arayış tərtib edərək həmin şəxslərə təqdim edir (Qrafik, Bənd 7a). Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, İlkin Mediasiya Sessiyasına Dəvət ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə (Qrafik, Bənd 6c), habelə mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər (Qrafik, Bənd 6d). Bu zaman, mediator mediasiya prosesinə xitam verir və “İlkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə Arayışı tərəflərə təqdim edir (Qrafik, Bənd 7b).
Tərəflər mediasiya prosesini davam etdirməyə qərar verdikdə tərəflər arasında Mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə üçtərəfli Müqavilə bağlanılır (Qrafik, Bənd 7c) və mediasiya prosesi həyata keçirilir.
Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağladıqda (Qrafik 1, Bənd 8c) mediasiya prosesinə xitam verilir. Mediasiya prosesində istifadə olunan digər sənəd nümunələri kimi, barışıq sazişi nümunəsi də istifadəçilərə kömək məqsədilə Mediasiya Şurasının rəsmi saytında yerləşdirilmişdir https://mediasiya.org/qanunvericilik/mediasiya-surasinin-senedleri
Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə qanunvericiliklə müəyyən olunmuş tələblərə əsasən (Mediasiya haqqında Qanun, maddə 3.3. və 26.4.) mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator Mediasiya prosesinə xitam verir və bu barədə müvafiq Protokolu tərəflərə təqdim edir (Qrafik 1, Bənd 8b).
İştirak edilməmə barədə Arayışı (Qrafik, Bənd 7a) və ya Mediasiya prosesinə xitam verilməsi barədə Protokolu (Qrafik, Bənd 8b) əldə etdikdən sonra tərəf Məhkəməyə müraciət edə bilər (Qrafik, Bənd 8b). Müraciətə müvafiq Arayış və ya Protokol əlavə edilməlidir.
Mediasiya prosesində mediator bütün tərəflərlə birlikdə və ya ayrı-ayrılıqda görüşlər keçirə, şifahi və yazılı tövsiyələr verə bilər. Bu zaman mediator tərəflərdən birini üstün mövqeyə qoyan və ya hüquq və vəzifələrini məhdudlaşdıran hərəkətlərə yol verməməlidir. Tərəflər mediasiya prosesinin istənilən anında mediasiyadan imtina edə bilərlər.
Tərəflər mediasiya prosesində bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Tərəflər mediasiya prosesində vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilərlər. Tərəflərin razılaşması ilə mediasiya prosesində digər şəxslər də iştirak edə bilər.
Mediasiya prosesində tərəflər öz mövqelərinə və mübahisənin həlli şərtlərinə dair təkliflərini yazılı və ya şifahi şəkildə bildirirlər. Mediasiya prosesində tərəflər mübahisənin həlli şərtlərinə dair razılığa gəlirlər.
Mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər.
Barışıq təklifi tərəflərin razılığı ilə verilir.
İlkin mediasiya haqları
İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli, 308 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin qərara əsasən, İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq iddia qiymətindən asılı olaraq müəyyən edilmişdir (Cədvəl):
Cədvəl
Iddia qiyməti |
Məbləğ |
< 500 AZN |
20 AZN |
501 AZN – 1,000 AZN |
40 AZN |
1,001 AZN - 5000 AZN |
60 AZN |
5,001 AZN – 10,000 AZN |
100 AZN |
10,001 AZN – 50,000 AZN |
200 AZN |
> 50,000 AZN |
400 AZN |
İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilmişdir.
Mediasiya prosesinin müddəti
Mediasiya haqqında Qanuna əsasən, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər (maddə 24.7). Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur.
Mediatorun müstəqilliyinin və qərəzsizliyinin təmini
Mediasiya haqqında Qanunla mediatorların qərəzsizliyi və müstəqilliyi mediasiyanın əsas prinsipləri kimi müəyyən olunmuşdur (maddə 4.2.3). Mediasiya prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2019-cu il tarixli, 384 nömrəli Qərarı ilə təsdiq edilmiş Mediatorların peşəkar etik davranış Qaydasına və 385 nömrəli Qərarı ilə təsdiq edilmiş Mediasiya prosesinin həyata keçirilməsi Qaydasına uyğun olaraq həyata keçirilir.
Mediatorların peşəkar etik davranış Qaydasına müvafiq olaraq mediator mediasiya fəaliyyətinə heç bir şəxs, o cümlədən qohum, dost və tanış tərəfindən, hər hansı formada müdaxilə edilməsinə yol verməməli, eyni zamanda dövlət və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin təsiri altına düşməməli, ictimai rəy və ya tənqid onun fəaliyyətinin qanuniliyinə və əsaslılığına təsir etməməlidir (maddə 3.8.5.).
Mediator öz bitərəfliyinə təsir edə biləcək bir məlumata rastlaşdıqda, etika filtrinə uyğun hərəkət etməlidir (bax: Sxem)
Mediasiyada əldə olunmuş barışıq sazişinin icrasının məcburiliyi
Əlbəttə ki, mediasiyada əldə olunmuş barışıq sazişi əsasında tərəflərdən könüllü icra gözlənilir. Lakin, tərəflərdən biri saziş üzrə öhdəliklərinin könüllü icrasından boyun qaçırarsa, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.1.-ci maddəsinin tələblərinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.
Məhkəmə müəyyən hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edə bilər (barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunularsa). Məhkəmə barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir və qətnamə qüvvəyə mindikdən sonra qanunvericliklə müəyyən olunmuş qaydada məcburi icraya yönəldilir.
Düşünürük ki, kommersiya mübahisələrinin mediasiyada həlli sahibkarlıq subyektləri arasındakı yaranmış mübahisələrin sağlam və effektiv şəkildə həll olunması istiqamətində gözəl bir alətdir və tərəflərə məhkəməyə getmədən daha qısa zaman kəsiyində, qeyri-rəsmi ortamda, eyni zamanda daha az xərclə öz problemlərini rahatlıqla yoluna qoymaq fürsəti yaradır.
Anar İsayev
Hüquq üzrə Fəlsəfə Doktoru
Mediasiya Şurasının üzvü
Mediasiya Təlimçisi
.......................................
Müəllif barədə
Anar İsayev
Həm dövlət, həm də özəl sektorlarda 20 ildən yuxarı iş stajına malik təcrübəli hüquqşünas – Bank hüququ üzrə Fəlsəfə Doktorudur.
BP Azərbaycan şirkətinin (Böyük Britaniya) əməkdaşıdır (Lisenziya və İcazələr üzrə Müşavir).
UBIS Universitetinin (İsveçrə) Mühazirəçisidir (MBA Proqramı, fənn: Layihələrin İdarə Olunması).
Mediasiya Şurasının üzvü və Mediasiya Təlimçisidir.
Derby Universitetində (Böyük Britaniya) Neft və Qaz hüququ üzrə LL.M dərəcəsi almışdır.
Corc Vaşinqton Universitetinin (ABŞ) Layihələrin İdarə Olunması Proqramını müvəffəqiyyətlə bitirmişdir – PMP beynəlxalq sertifikatına sahibdir.
Məqalə ilə bağlı yaranan suallarla bağlı müəlliflə əlaqə:
E-mail: [email protected]
Mobil: +994 50 235 30 90
Linkedin: www.linkedin.com/in/anarisayev/