FED.az biznes-maliyyə portalı tanınmış hüquqşünas, Vəkillər Kollegiyasınını üzvü Pərviz Məmmədovun növbəti yazısını təqdim edir.
Kommersiya işlərində son dövrlər məhkəmələr müqavilə tərəflərinin öz aralarında formalaşdırdıqları işgüzar adətlərə və iş təcrübəsinə daha çox önəm verməyə başlayıblar ki, bu da sahibkarlar və onların hüquqlarını müdafiə edən vəkillər üçün çox müsbət bir haldır.
Əvvəlki dövrlərdə məhkəmələr mülki məcəllənin tələblərinə və müqavilələr azadlığı prinsipinə çox konservativ bir yanaşma göstərir və tərəflər arasında formalaşmış işgüzar adətləri demək olar ki, nəzərə almırdılar.
Aprel ayında Ali Məhkəmə tərəfindən çıxarılmış və oxşar işlər üçün nümunə ola biləcək bir qərar diqqətimizi cəlb etmişdir. Qərardan görünür ki, iki şirkət öz aralarında şifahi razılaşaraq alqı-satqı münasibətlərinə girmişlər Satıcı Alıcının sifariş etdiyi malları dövri olaraq ona göndərmiş və elektron qaimələr təqdim etmişdir. Alıcı da həmin qaimələr üzrə dövri olaraq ödənişlər etmişdir.
Sonrada Alıcı ödənişləri gecikdirmiş və onları ödəməkdən yayınmışdır. Nəticədə Satıcı tərəf məhkəməyə müraciət etmiş və şifahi müqavilənin mövcud olmasını əsas gətirərək borcun Alıcı tərəfdən tutulmasını məhkəmədən xahiş etmişdir.
Alıcı isə məhkəməyə gələrək aralarında yazılı müqavilə olmamasını və Satıcının təqdim etdiyi qaimələrin həqiqətə uyğun olmadığını bildirmişdir. Lakin nə apellyasiya məhkəməsində nə də ali məhkəmədə niyə əvvəlki qaimələr üzrə ödəniş etdiyini və niyə Satıcının göndərdiyi sənədlərə və qaimələrə yazılı qaydada etiraz etmədiyini heç cür əsaslandıra bilməmişdir.
Ali Məhkəmə qərarda qeyd edir ki, burada Mülki Məcəllənin 404-cü (Müqavilənin təfsiri) maddəsi tətbiq edilməlidir.
404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
Yəni əgər Alıcı iddia edirsə ki, pulun ödənilməsi üçün tərəflər arasında yazılı müqavilə olmalı idi və hər dəfə mallar təhvil aktı ilə təhvil verilməli idi. O halda Alıcı onu da sübut etməlidir ki, əvvəllər ödəniş edərkən də yazılı müqavilə və təhvil aktları mövcud olmuşdur və o da onların əsasında ödənişləri icra etmişdir. Təbii ki, Alıcı bu halları sübuta yetirə bilmir və məhkəmə də haqlı olaraq onun əleyhinə qərar qəbul edir.
Bu cür hallarla üzləşən sahibkarlara tövsiyyəmiz odur ki, mümkün qədər yazılı müqavilələr bağlasınlar və hər partiya malın təhvil verilməsini aktlaşdırsınlar. Bunları təmin edə bilmədikdə isə aralarında olan mail Watsapp mesaj və s. formada yazışmaları saxlasınlar.