Azərbaycanda kommersiya məhkəmələri yaradılır. Bu məhkəmələrdə sırf sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə baxılacaq.
FED.az "Yeni Musavat"a istinadən bildirir ki, bununla bağlı Mülki Prosessual Məcəllənin 26-cı maddəsinin yeni redaksiyada verilməsi təklif edilir. Artıq Milli Məclisdə olan layihəyə əsasən bundan sonra sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxacaq.
Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edəcək, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənəcək və ümumiləşdirəcək, Azərbaycan qanunları ilə ona aid edilən digər səlahiyyətləri həyata keçirəcək.
Kommersiya məhkəməsinin sədri Ali Məhkəmənin Plenumunda və müvafiq apelyasiya instansiyası məhkəməsinin rəyasət heyətində kommersiya məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verəcək.
Kommersiya məhkəmələrinin yaradılması ilə əlaqədar olaraq mövcud inzibati-iqtisadi məhkəmələrin adından “iqtisadi” sözü çıxarılır, iqtisadi mübahisələrə baxmaq səlahiyyəti onlardan alınır. “Məhkəmələr və hakimlər haqqında” qanuna bununla bağlı edilən dəyişiklik layihəsi də Milli Məclisdədir.
Qeyd edək ki, prezident İlham Əliyevin 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanında sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması tapşırılmışdı.
Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, biznes mübahisələrinin həllinin xüsusi məhkəmələrə həvalə olunması təcrübəsi dünyanın bir çox ölkələrində mövcuddur: “Bu, ölkədən-ölkəyə dəyişir: birində kommersiya məhkəməsidir, birində vergi məhkəməsi, digərində bank məhkəməsi və sair. Bunu əsas ona görə edirlər ki, hakimlər ixtisaslaşsın. Çünki müxtəlif istiqamətli işlərə baxmaq eyni hakim üçün böyük çətinlik yaradır: hər bir sahə üzrə qanunvericiliyi, elmi, praktiki məqamları öyrənməlidir. Bu, ona bənzəyir ki, bir jurnalist həm şou-biznesdən yazsın, həm kriminaldan, həm də iqtisadiyyatdan. Bu, çox çətindir, eyni zamanda işin keyfiyyətini aşağı salan faktordur. Son vaxtlar kommersiya mübahisələrinin də sayı artır”.
Hüquqşünasın fikrincə, biznes mübahisələrinin ədalətli həlli üçün kommersiya məhkəmələrinin yaradılması ilə iş bitmir: “Kommersiya mübahisələrinin istinad etdiyi əsas sənəd Mülki Məcəllədir. Bəzən onu ölkənin iqtisadi konstitusiyası adlandırırlar. Həcminə görə ən böyük sənəd olsa da, dilinə, üslubuna, yanaşmaya görə ən bərbad qanundur. Niyə? Baxın, sahibkarlara toxunan 3 məcəllə var - Cinayət Məcəlləsi, Vergi Məcəlləsi və Mülki Məcəllə. Hüquqşünasların yazdığı Cinayət Məcəlləsinin səviyyəsi normaldır, Vergi Məcəlləsini iqtisadçılar yazıb - üslubu bir qədər fərqli olsa da, səviyyəsi normaldır. Amma Mülki Məcəlləni Azərbaycanda tərcüməçilər yazıb. Hər hissəsini bir ölkədən tərcümə edib bir yerə yığıblar. Belə qanunla necə mübahisə həll etmək olar? Mən vaxtilə Mülki Məcəllənin bir neçə fəslinin şərhini əks etdirən iki kitab yazmışam. Orada göstərmişəm nəyi haradan köçürüblər - Rusiyadan, Almaniyadan, Hollandiyadan. Bu yaxınlarda prezident də sərəncam vermişdi ki, Mülki Məcəllə tamamilə yenidən işlənsin. Bunsuz mümkün deyil, oturub elmi cəhətdən təkmil bir sənəd işlənməlidir, yoxsa kommersiya məhkəməsi hansı sənədlə işləyəcək? Bundan əlavə, bir sıra digər qanunlar var ki, onların da yenidən işlənməsi vacibdir: ”İpoteka haqqında" və sair".
Ə.Həsənovun sözlərinə görə, kommersiya məhkəmələrinin və təkmil qanunvericiliyin olması ilə yanaşı, biznes mübahisələrinin ədalətli həlli üçün daha bir amil vacibdir: “Bu, hakimlərin müstəqilliyinin təmin olunması və məsuliyyəti məsələsidir. Bizdə hakimlərin maaşı çox aşağıdır, bildiyim qədərilə kommersiya məhkəmələrində də belə olacaq. Hakimlərin maaşı kəskin şəkildə artırılmalıdır. Kommersiya mübahisələrinin tərəflərinin pulu çoxdur. Özəl qurumları qoyuram bir kənara, hətta dövlətə məxsus elə qurumlar var ki, rəhbərləri prezidentdən də yüksək maaş alırlar. Məsələn, Beynəlxalq Bankın rəhbərində belədir. Yəni hakimlərin də əmək haqqı onların müstəqil qərar vermələrini təmin edəcək səviyyədə olmalıdır. Eyni zamanda onların qanunsuz əməllərinə görə cəzaları da ağır olmalı, korrupsiyaya yol verən hakimlər ömürlük azadlıqdan məhrum edilməlidilər”.
Bəs vəkil korpusunda vəziyyət necədir: kommersiya hüququ üzrə işləri bacaracaq imkanlara malikdirlərmi? Ə.Həsənov bildirir ki, bu sahədə də ciddi problemlər var.