Koronovirusun təsiri ilə bəzi şirkətlər öhdəliklərini yerinə yetirə bilmirlər. Belə ki, satış olmadığı üçün aldığı malın pulunu qaytara bilməyən, işçiyə maaş verə bilməyən şirkətlərin problemləri də artıb. Bu isə biznes mübahisələrinin artırmasına təkan verib.
Eləcə də bax: Məhkəmələrin fəaliyyəti - BƏRPA OLUNDU
Sahibkarların məhkəməyə müracətləri 3 mini keçib
Qeyd edək ki, əvvəllər kommersiya mübahisələrinə inzibati-iqtisad məhkəmələrində baxıldığı halda, hazırda belə işlərə yeni yaranmış kommersiya məhkəmələrində baxılır.
Ədliyyə Nazirliyindən FED.az-a bildirilib ki, 2020-ci ilin əvvəlindən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə dair yeni regional kommersiya, habelə inzibati məhkəmələr fəaliyyətə başlayıb və cari ildə sahibkarlıqla bağlı mübahisələrə dair məhkəmələrinə edilən müraciətlərin sayı artıq 3 300-ə çatıb.
Vəkillər Kollegiyasının üzvü vəkil Anar Umudov FED.az-a bildirib ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə, bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlərə, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə də onlar sahibkarlıq fəaliyyəti ilə əlaqədardırsa, kommersiya məhkəmələri baxır: «Məsələn, Mülki Məcəllədə göstərilən bütün müqavilələr - alğı-satqı, daşıma, göndərilmə və. s. Korporativ mübahisələr, şirkətdaxili mübahisələr, əmtəə nişanlarına əqli mülkiyyət hüquqları haqqında şirkətlər arasında yaranan mübahisələrə, fiziki və hüquqi şəxslərin müflisləşməsi haqqında işlərə də kommersiya məhkəmələri baxır. Kommersiya mübahisələrində tərəflərdən birinin mütləq VÖEN-i olmalıdır və şəxs fərdi sahibkar kimi fəaliyyəti göstərməlidir. Həmçinin yaranmış mübahisə də sırf sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Ola bilər ki, şəxs sahibkardır, amma onlar arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti zəminində olmasın. Artıq bu işə kommersiya məhkəmələri baxmayacaq. Burada mübahisənin predmeti də əsas götürülür”.
Keyfiyyətsiz mal satan, borcunu qaytarmayan var
Anar Umudov hesab edir ki, mübahisələrin artıb-azaldığını dəqiq demək üçün müəyyən vaxt keçməlidir: “Ümumilikdə yanvar ayından bu günə qədər icraatımda borc mübahisələri aktual olub. Məsələn, hər hansı bir türk şirkəti Azərbaycan şirkətinə mal və ya avadanlıq satıb, burada 200-250 min manatlıq borc yaranıb. Bu zaman kreditor borclu olan müəssisəni məhkəməyə verib. Proses uzun müddət davam edir. Borc ödənilmədiyi təqdirdə həmin sahibkarlıq subyektinin hər hansı əmlakının olub-olmaması araşdırılır”.
Mübahisələrin digər qismi müqavilələrin vaxtında icra olunmaması ilə bağlıdır: “Tutaq ki, bir tərəf digər tərəfi hansısa malla təchiz etməlidir. Bağlanmış müqaviləyə əsasən malın təslim edilməsi gecikdirilir və yaxud da ödənişdə problemlər yaran bilər. Bəzən keyfiyyətsiz mal təqdim edilir, zəmanət verdiyi halda zamin işlərini vaxtında yerinə yetirmir və sair. Bu xarakterli mübahisələrə də kommersiya məhkəmələrində çox rast gəlinir”.
Anar Umudov deyir ki, verilmiş qərarın icrasında da çətinlikər olur: “Əvvəlcə uduzan şirkətin bank hesabında vəsaitinin olub-olmaması dəqiqləşdirilir. Ən ciddi problem odur ki, şirkətin bank hesabında məbləğ olmur. Bundan sonra şirkətə məxsus olan hər hansı bir əmlak varsa, o əmlak siyahıya alınır, həmin borc da müəssisəyə məxsus olan əmlaka yönləndirilir. Bu kifayət qədər ağır bir prosesdir. Əvvəl bu kimi sorğuları əldə etmək uzun çəkirdi. Amma indi icra məmurları mərkəzləşmiş məlumat sisteminə inteqrasiya olunmuş informasiyaları vahid resursdan asanlıqla ala bilirlər. Bu da qərarın icrasını sürətləndirir”.
Milyon manatlıq mübahisəni qazanan vəkil
Bu gün Bakı Kommersiya Məhkəməsində bir neçə milyonluq qələbə qazanan Vəkillər Kollegiyasının üzvü Tural Əhmədov FED.az-a bildirib ki, məhkəmə mübahisələrinin müəyyən müddətdən sonra artacağı gözlənilir: “Karantindən sonra məhkəmələrin fəaliyyəti mayın 18-dən bərpa edildi. Hələ ki, koronavirusla bağlı öhdəliyinin icra edilməməsi ilə bağlı iddialar dalğası məhkəmələrə çatmayıb. Proqnozlaşdırırıq ki, növbəti 1-2 ay ərzində bu tip iddiaların həcmi artacaq».
Tural Əhmədov bildirir ki, məhkəmələrdəki mübahisələrin xarakteri də dəyişir: «Çünki biznes sahələri də genişlənir, fərqli iddialar görürük. Məsələn, əvvəllər məhkəmələrdə böyük kooperativ şirkətlərin səhmdarlarla bağlı mübahisələri çox az olurdu. Artıq son vaxtlar onlar da görünə bilir. Əvvəllər adətən kommersiya işləri pulun verilməsi, öhdəliyin icrası və yaxud da bankların şirkətlərə qarşı olan işləri ilə bağlı idi. Amma hazırda çeşid genişlənib, buna görə də ümumi artım var».
Banklara görə məhkəmə mübahisələri artacaq
Tural Əhmədov deyir ki, 4 bankın bağlanmasına görə də mübahisələrin artması gözləniir: «Həmin banklarda əmanətdən əlavə hesabı olan şirkətlərin pulları var idi. Məsələn, hansısa bir şirkətin bağlanan bankda hesabı var və əməkdaşlarına əməkhaqqını o hesabdan ödəyirdi. İndi pulunu ala bilməyən şirkət məhkəməyə müraciət edəcək ki, bankdakı vəsaitini çıxara bilsin».
«Çalışırlar məsələni məhkəməsiz həll etsinlər»
Hüquqşünas Pərviz Məmmədov FED.az-a bildirib ki, biznes mübahisələrinin indidən artacağını gözləmək bir qədər tezdir: «Yəqin ki, tərəflər əvvəlcə bir-biri ilə danışıq aparıb mübahisəni həll etməyə çalışacaqlar. Adətən öhdəliyini icra edə bilməyən şirkətlər məhkəmədən kənar qaydada mübahisəni həll etməyə çalışırlar. Bu da normaldır, çünki hər iki tərəf anlayır ki, məhkəmə prosesi kifayət qədər uzun vaxt alır və kifayət qədər də çox maddi və işçi resursu tələb edirMübahisələrin artımını növbəti aylarda, ən çox da sentyabr ayında gözləyirik.”.
Pərviz Məmmədov deyir ki, kommersiya mühitində mübahisələr əsasən öhdəliklərini icrası ilə bağlıdır: “Tutaq ki, hansısa pul öhdəlikləri icra olunmur və yaxud da kimsə vaxtında xidmət göstərməliydi, amma çatdıra bilmir və sair bu tipli problemlər var. Hazırda rastlaşdığımız məqamlardan biri də müqavilə şərtlərində yüklərin vaxtında gəlib çatmamasıdır. Çünki əksər şirkətlərin satışlarında mənfi yöndə dəyişikliklər var”.
Koronavirus dövrü fors-major sayılırmı?
Qeyd edək ki, kornavirus və onun gətirdiyi çətinliklər iş adamlarından asılı olmadığına görə, bu halın fors-major sayılması da gündəlikdədir. Amma vəkillər bildirir ki, bu məsələyə yanaşma fərqlidir. Pərviz Məmmədov bildirir ki, bu məsələ ilə bağlı məhkəmə təcrübəsində hələ ki, yanaşma yoxdur: “Amma Rusiya məhkəmələri hesab etdi ki, bu, fors-major halı deyil. Əslində, qanunun tələbinə görə, fors major halı fövqəladə vəziyyət elan olunduğu hallarda baş verir. Burada isə daşıma problemlərin götürsək, yerüstü nəqliyyatla daşıma dayandı, amma hava yolu ilə daşımalar həyata keçirilir. Yəni xərclər artsa da, öhdəlikləri o formada icra etmək mümkündür. Pul öhdəliklərinin icrası ilə bağlı məsələlərdə heç bir problem yoxdur. Buna görə konkret demək olmur ki, pandemiya fors-major halıdır, ya yox. Fors-major hal odur ki, öhdəliyi icra etmək ümumiyyətlə, mümkün deyil. Burada isə xərcləri artırmaq yolu ilə və daha bahalı yolları icra etməklə mümkündür”.
Vəkil Tural Əhmədov isə bildirir ki, vəziyyətin fors-major sayılması üçün bu hal müqavilədə əksini tapmalıdır: «Burada iki yanaşma var. Özlərindən asılı olmayan səbəblərdən öhdəliyin icrasını yubanan tərəflər bildirilər ki, bu, fors-major haldır. Öhdəliyin icrasını tələb edən tərəf isə bunu fors-major hal kimi qəbul etmir. Bildirir ki, fors-major hal əsaslandırılmalıdır, yəni müqavilədə qeyd olunmalı idi ki, karantin olarsa, bu da fors-major sayılacaq».
Tural Əhmədov deyir ki, müəyyən müqavilələrdə fors-major hallar qeyd olunur: “Mövcud qanunvericilikdə fövqəladə hallara hava şəraiti, tektonik vəziyyət və digər coğrafi proseslərlə bağlı məsələlər aid olur. Pandemiyaya isə qanunvericilikdə geniş şərh verilməyib. Ona görə də hazırda məsələyə baxış ikitərəflidir. Məsələn, Mülki Məcəllədə isə müqavilələr azadlığı prinsipi var, əgər iki tərəf bu prinsipdən istifadə edib müqavilədə karantini fors-major hal kimi nəzərdə tutsaydı, şərtlərin tətbiqi dəyişərdi”.